Növbəti “Yeni Müsavat” - “Azadlıq” savaşı başladı

"Yeni Müsavat" qəzeti "Azadlıq" qəzetində gedən və onları ittiham edən yazılara cavab verib.

AzNews.az-ın musavat.com-a istinadən məlumatına görə, qəzetin yaydığı mətndə deyilir: "Azadlıq"dakı həmkarlarımız bugünkü saylarında "Yeni Müsavat" qəzetinə iki məqalə həsr ediblər. Onlardan birinin başlığı belədir: "Milli Şuraya daxildən zərbə cəhdi". Azad psevdonimli müəllif israr edir ki, "Yeni Müsavat" 6 avqust tarixli manşet yazısı ilə Milli Şuranı sarsıdıb. Köşə yazarı Xəqani Əliyev isə köşə yazısında qəzetimizin ünvanına mehriban Cəbhəçi dostlarımızın illərdir işlətdikləri ittiham, şər-şəbədə dolu sətirlər yazıb.

Qəzet möhtərəm AXCP sədri Əli Kərimlinin də sosial şəbəkələrdə paylaşdığı statusunu dərc edib. Əslində Əli bəyin yazısı da bizə, "Yeni Müsavat" da dərc olunan yazılara cavabdır. Bu baxımdan, bir buraxılışında bir qəzet barədə üç tənqidi, ittiham və təhqir dolu yazı dərc etməklə hədəfə gəldiyimiz ortadadır. Bu yazılarda bizə cavab haqqı tanınmadığı üçün "Azadlıq"dakı həmkarlarımıza buradan qısa cavab vermək istədik.

1. Qəzetlərin işi budur ki, ən müxtəlif mövqedən ən müxtəlif yazılar dərc etsin, bəzən xəbərlərlə oynasın, gündəm yaratsın. Gizli saxlanan məqamları, danışıq və gedişatları da cəmiyyət üçün açsın, deşifrə etsin. Bunun üçün dünyanın hər yerində bütün üsullar məqbuldur. Lakin biz "bütün üsullardan" ancaq birini - öz məntiqimizi işlətmişik, təxminlərimizi yazmışıq. Bunun Milli Şuranın olmayan möhkəm birliyinə necə zərbə vurduğunu anlaya bilmədik.

2. Milli Şura ilə bağlı müxalifətin iki liderinin Eldar Namazov və Rüstəm İbrahimbəyovla ortaq layihəsinin iflasa yaxınlaşması "Yeni Müsavat"ın suçu deyil. Nələr düz oldu - bunula işimiz yox. Bizim onda da işimiz yox ki, əgər hər şey düz idisə də, niyə 2013-cü ilin avqust ayının 7-də, hakimiyyət ciddi seçki hazırlığı içərisində olduğu bir zamanda demokratik düşəgə iflic vəziyyətə düşüb? O sualı da vermirik ki, sizin seçdiyiniz o lider, o xilaskar, ən doğruların ən doğru yekunu hardadır? Zatən bu gün ortada olan vəziyyət hər şeyi aydınlaşdırır. Amma biz də gördüyümüzü, duyduğumuzu, bildiyimizi, hadisələrdən çıxardığımız nəticələri yazmaq haqqına sahibik. Buna görə də yığışıb hər gün "Yeni Müsavat" ı çıxarırıq. Öz işini görən jurnalisti iqtidar məmuru yazdıqlarına görə qınayırsa, təhdid edirsə, onu haradansa (daha çox xaricdən) pul alıb, qərəzli fəaliyyət göstərməkdə suçlayırsa, bunun adına biz mənəvi terror deyirik; bunu müxalifət funksionerləri edir və ya etdirirsə qiymətləndirməmiz eynidir.

3. Rüstəm İbrahimbəyov dəfələrlə deyib, dünən - 6 avqustda da təkrar edib ki, onun namizədliyi baş tutmasa, Bakıya gələ bilməsə, Müsavat başqanı İsa Qəmbərin namizədliyini dəstəkləyə bilər. Əslində bilirik ki, möhtərəm dostlarımızı qəzəbləndirən də bu məqamdır. Niyə İsa Qəmbərin adı çəkilir? Niyə ona dəstək məsələsi qabardılır? Bəzi funksionerlər də tələm-tələsik İbrahimbəyovun müsahibəsini tərcümə edirlər - "O, təkcə İsa bəyin yox, başqalarının da adlarını çəkib…" Əslində, hörmətli Rüstəm bəyin özünün dəstəyə ehtiyacı var.
Onun İsa bəyə verə biləcəyi dəstəyi biz təsəvvür edə bilmirik. Hörmətli rejissorumuzun elə bir imkanı olsaydı, ilk öncə özünə verərdi o dəstəyi; Bakıya dönərdi, kampaniyaya başlayardı. Amma yenə də sağ olsun, böyüklük göstərir, heç olmasa mövqe qoyur ortaya. Lakin əslində İsa bəyi dəstəkləməli olanlar bundan elə təlaş keçirirlər ki, elə haray-həşir salırlar ki, insanın əli üzündə qalır.

4. Dostlarımız inciməsinlər (rəqiblərimiz onsuz da bilirlər gerçəyi), amma deyəsən, fərqində deyillər ki, əslində müxalif düşərgənin əsas namizədi məsələsi həll olmuş kimidir. Səhnədəki bu prosesin sonunu deməyə nə var ki? Rüstəm bəy gəlməyəcək, Milli Şura formatında qurulan birlik seçkini boykot edəcək; Müsavat Partiyası boykota qatılmayıb, seçkini tərcih edəcək. Cəbhəçi dostlarımız 2005-də olduğu kimi, bu dəfə də Müsavatı millətə, vətənə xəyanətdə ittiham edəcək, iqtidardan "aldıqları" qonorarların məbləğini iki-üç düzəlişlə "təyin" edib, dəfələrlə yazacaq; bu işdə "Yeni Müsavat"ın baş yazarının böyük "əməyi"ni xüsusi ilə qeyd edəcəklər.
Lakin nə olsa belə, Müsavat rəhbərinin doğru qərarı və son 8 aydakı səhvsiz gedişləri onu bir neçə gün sonra demokratik düşərgənin əsas namizədi statusuna gətirəcək. Elektoratın 2003-cü ildəki kimi təzyiqi ilə onsuz da indi başqanın meydandan çıxmasına çalışanların bəziləri kampaniya dövründə ona dəstək vermək zorunda qalacaq. Birilər üçün ağır dərddir – amma dözmələri lazım.

5. Bu qaçınılmaz yekunu iqtidar texnoloqları da seziblər.
Artıq hakimiyyət mediasında hədəf olaraq Rüstəm İbrahimbəyov, ya da bir başqası deyil. İqtidar texnoloqları göstəriş veriblər və proses başlayıb. Onlar İlham Əliyevin 2013-cü ildə demokratik düşərgədən əsas rəqibi olacaq Müsavat başqanı İsa Qəmbəri bəri başdan hədəfə alıblar.

6. "Yeni Müsavat" bir neçə gün sonra demokratik düşərgənin əsas namizədi olacaq siyasi lideri dəstəkləyir. Bu qəzet işi deyil, bilirik. Lakin biz istəyirik ki, ölkəmizdə demokratik rejim bərqərar olsun, basqıçı bir rejimdən qurtulaq, normal cəmiyyətdə işimizi davam etdirək. Bu lider də hazırda Milli Şuranın üzvü, onun təsisçilərindəndir. Biz onu seçkidə ən şanslı və əsas iddiaçı hesab edirik. Bu baxımdan, bizim yazdıqlarımızı qərəzli gözlə təftiş edib yanlış nəticələrini ictimailəşdirənlərin qısqanclıq və reaksiyalarını anlaya bilmirik. Amma qınayırıq..." Qeyd edək ki, "Azadlıq" qəzetinin bəzi yazılarında "Yeni Müsavat" qəzeti Milli Şuranı parçalamaqda və qurum əleyhinə yazılar yazmaqda günahlandırılıb.

AzNews.az