BAXCP sədri Pərviz Həşimli ilə münasibətlərindən danışdı

"Bütün parlament jurnalistləri ilə münasibətlərim var, o cümlədən Pərviz Həşimli ilə. Amma bu əlaqələr jurnalist-siyasətçi əlaqələrindən o tərəfə keçməyib".Bu barədə BAXCP sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyev Publika.Az-a açıqlamasında MTN tərəfindən saxlanılan "Bizim yol" qəzetinin parlament jurnalisti, moderator.az saytının rəhbəri Pərviz Həşimli ilə əlaqələrinin olması haqqında iddialara münasibət bildirərkən deyib.

Xatırladaq ki, avropa.info saytı Pərviz Həşimlinin həbsinin təfərrüatı barədə eksklüziv xəbər yayıb. Xəbərə görə, dünən saat 3-4 radələrində Pərviz Həşimlinin tanımadığı bir nəfər ona zəng edərək Moderator.az saytında gedən bir yazı ilə əlaqədar onunla görüşmək istədiyini bildirib. Görüş "İnşaatçılar" metrosunun yaxınlığında yerləşən "Üç tac" adlanan binaların qarşısında planlaşdırılıb. Pərviz Həşimli görüş yerinə çatar-çatmaz MTN əməkdaşları tərəfindən həbs olunub. Onunla görüşmək istəyən naməlum şəxs saxlansa da, sonradan buraxılıb. MTN əməkdaşları həm Pərviz Həşimlinin, həm də onunla görüşmək istəyən naməlum şəxsin avtomobilində axtarış aparıblar. Şahidlərin verdikləri məlumata görə, tapança məhz naməlum şəxsin avtomobilindən çıxıb.

Musavat.com-a adının açıqlanmasını istəməyən bir mənbə isə söyləyib ki, Pərviz Həşimlini yaydığı məlumatların hansı qaynaqlardan alınmasını öyrənmək məqsədi ilə tutublar. Həmin qaynaq bildirir ki, saxlanan jurnalist AXCP Ali Məclisinin üzvü olsa da, iqtidardakı müxtəlif vəzifəli məmurlarla, xüsusilə də Cavid Qurbanovla dostluq edirmiş. Son günlər onun rəhbərlik etdiyi moderator.az saytı bir sıra vəzifəli məmurlar barədə eksklüziv xarakterli sensasion məlumatlar yayıb. Daha bir qaynaq isə iddia edir ki, P. Həşimli BAXCP sədri Q. Həsənquliyevlə, sabiq millət vəkili Hüseyn Abdullayevlə də yaxın dost olub. Məlumata görə, hazırda həbsdə olan deputat Gülər Əhmədovanın əri Fikrət Əhmədovla da yaxın dostluq münasibətləri saxlayır.

AzNews.az