Bakıda özbaşınalıq edən avtobus sürücüləri

Bakıda avtobus sürücülərinin özbaşınalığı yol polisini ciddi tədbirlər görməyə vadar edir.


Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Bölmə rəisinin sözlərinə görə, sentyabrın 26-dan etibarən paytaxt ərazisində sərnişindaşıma ilə məşğul olan sürücülər arasında nizam-intizamın yaradılması və yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə və şöbəsinin əməkdaşlarından ibarət yaradılmış xüsusi İşçi qrup gündəlik reydlər keçirilməsini davam etdirir. Son bir həftə ərzində aparılan reydlər zamanı 110 avtobus yol hərəkətindən kənarlaşdırılaraq müvəqqəti mühafizə olunan dayanacaqlara yerləşdirilib. Yol hərəkəti qaydalarının pozulması daha çox avtobus sürücülərinin nəqliyyat vasitəsini yolların hərəkət hissəsində, ikinci cərgədə və dayanacaqlardan kənar saxlaması ilə bağlı olub.

Bundan əlavə, son bir həftə ərzində sərnişinlə dolu avtobusla yanacaqdoldurma stansiyasına daxil olduğuna görə 4 sürücü, yüksəktonlu səs siqnallarından istifadə etdiyi üçün 3 sürücü barəsində inzibati protokol tərtib edilib. Avtonəqliyyat vasitələrinə məxsus el arasında "texpasport" adlandırılan qeydiyyat şəhadətnamələrinin olmamasına görə isə 60 nəfər sürücü inzibati məsuliyyətə cəlb edilib:

"Sərnişindaşıma ilə məşğul olan sürücülər guya onlara verilən qeydiyyat şəhadətnamələrini itirdiklərini bildirirlər. Bir avtobusda sükan arxasına keçən sürücülər tez-tez dəyişdirildiyi üçün və ya yaxud növbəliliyin təmin edilməsi məqsədilə onlara qeydiyyat şəhadətnamələri verilir.

Onlar isə sənədi bir-birlərinə ötürür və ya surətini təqdim edirlər. Bu da qanunvericiliyin tələbinə ziddir. Ona görə də bir daha xəbərdarlıq edirik ki, sürücülərə mütləq qeydiyyat şəhadətnamələri verilməlidir. Hüquqi və ya fiziki şəxslər sahibi olduqları marşrutun nömrələrinə uyğun yolboyu nəzarəti gücləndirməli, avtomobillərin sürücülər tərəfindən birindən digərinə verilməsi vaxtlarını dəqiqləşdirməlidirlər. Bu və digər nöqsanların yaranmaması üçün dispetçerlər təyin edilməli, reysə çıxan, o cümlədən ehtiyatda olan sürücülərin hamısının səhər tezdən tibbi müayinədən keçməsindən başlamış bütün hərəkətlərinə günün sonunadək nəzarət edilməlidir."

V.Əsədovun fikrincə, belə nəzarət olarsa, bu, yol polisinin işinə də müsbət təsir edər, paytaxt sakinlərinin narahatlığı və narazılığına səbəb olan halların da vaxtında üzə çıxmasına şərait yaradar: "Son bir həftə ərzində apardığımız reydlər bunu deməyə əsas verir ki, doğrudan da avtobus nəqliyyatı üzərində sərnişindaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən nəzarət çox aşağı səviyyədədir."

Belə ki, paytaxtın müxtəlif istiqamətlərinə hərəkət edən avtobuslar yoxlanan zaman 21 nəfərin avtobusu ümumiyyətlə sürücülük vəsiqəsi olmadan idarə etməsi və sərnişindaşıma ilə məşğul olması müəyyən edilib. Bundan əlavə, son 10 gün ərzində sürücülərinin sərnişinlər və digər sürücülərlə olan münasibətində, müxtəlif hərəkət və davranışlarında nöqsanlara yol verdiyinə görə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə 22 şikayət ərizəsi daxil olub: "Məsələn, bir qadın sürücüyə deyib ki, "avtobusu yaxşı sür. Məgər kartof aparırsan?" Əvəzində sürücü qapını açıb onu itələyərək avtobusdan düşürüb."
Araşdırmalar zamanı 3 faktın öz təsdiqini tapdığı məlum olub və sürücü vətəndaşdan üzr istəməli olub. Hətta son bir ay ərzində 3 yol qəza hadisəsi zamanı avtobus sürücüsünün hadisə yerini tərk etməsi faktı da qeydə alınıb.

AzNews.az