Pərviz Həşimovla bağlı MTN-ə müraciət edildi

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları, o cümlədən Milli Preventiv Qrupun üzvü olan həkim 25 sentyabr 2013-cü il tarixində Milli Təhlükəsizlik Nazirliyinin Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasında saxlanılan " Bizim Yol " qəzetinin əməkdaşı Pərviz Həşimovla görüşüb, onun saxlanılma şəraiti və vəziyyəti ilə tanış olublar.

Ombudsman Aparatından verilən məlumata görə, görüş zamanı Pərviz Həşimov saxlanılma şəraiti ilə əlaqədar heç bir şikayətinin, rəftarla bağlı narazılığının və ona qarşı işgəncə halının olmadığını bildirib.

Söhbət zamanı P.Həşimov ona qarşı irəli sürülən ittihamla razılaşmadığını, istintaq hərəkətlərinin sürətləndirilməsini xahiş edib.

P.Həşimovun hüquqlarını müdafiə edən vəkillə görüşə şəraitin yaradılması məsələsi araşdırılıb və bununla bağlı heç bir problemin olmadığı müəyyən edilib və bu haqda KİV-lərə 25 sentyabr 2013-cü il tarixdə məlumat verilib.

Bu günlərdə P.Həşimovun ailəsi ilə görüşü, yazışması və istədiyi qəzetlərin ona verilməsi barədə qaldırdığı məsələlərlə bağlı İnsan Hüquqları üzrə Müvəkkilə müraciətində göstərdiyi halların araşdırılması məqəsidilə Ombudsman Milli Təhlükəsizlik Nazirliyinə müraciət edib.

Eyni zamanda, MTN-nin Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasının rəisi ilə əlaqə saxlanılıb, məlum olub ki, onun saxlanılma şəraiti və rəftarla bağlı şikayəti yoxdur. Digər qaldırdığı məsələlərin isə qanunvericilik çərçivəsində tənzimləndiyi bildirilib.


AzNews.az