Aydın Bəşirov yaxtalarından danışdı- Müsahibə

Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun Publika.Az-a müsahibəsini təqdim edir:


-İndi nə işlə məşğulsunuz?


-Elə yenə də öz işimdəyəm. Mən hələ gəmiçiliyi təhvil verməmişəm. Hazırda təhvil-təslim işləri gedir. Çox normal iş gedir. Yeni rəhbər də çox normal adamdır, Neft Şirkətinin işçisi olub, ona kömək etmək lazımdır və biz də ona kömək edirik. Hələlik Səhmdar Cəmiyyətin möhürü yoxdur. İndi bu yaradılacaq və cənab prezident də onu təsdiq edəcək. Yeni qurum yaradılandan sonra onun Əsasnaməsi tərtib olunacaq.

-Son günlər sizin həbs olunmağınıza hazırlıq getməsi barədə bir sıra mətbu orqanlarda məlumatlar yayılıb. Bu nə dərəcədə doğrudur?

-Birincisi onu qeyd edim ki, mənim həbs olunmağım barədə yazılanlar tamamilə cəfəngiyatdır. Bunu yazan adamların başları çatmır.

Bilirsiniz ki, cənab prezidentin sərəncamı ilə yeni Səhmdar Cəmiyyəti yaradıldı. Bu çoxdan olmalı idi. Biz bir yerdə əziyyət çəkib bunu yaratmalıyıq. Hər birimiz cənab prezidentin sərəncamından irəli gələn vəzifələri icra etməliyik. İndi kim nə yazırsa, onları başı işləmir. Məni istintaqa da çağırılmamışam. Axı nə üçün də çağırılmalı idim? Bunu yazanların başları xarab olub. Gedib özlərini həkimə göstərsinlər. İndi gərək mən də bu adamları yalan məlumatlar yazdığları üçün məhkəməyə verim? Axı nə üçün korrupsiya olmalıdır? Məni bütün Azərbaycan tanıyır ki, mən necə adamam. Mən bir daha söyləyirəm ki, bu qurumun yaradılması çoxdan gözlənilirdi. Çünki dəniz nəqliyyat sektoru bir təşkilatda birləşməlidir.

Digər tərəfdən isə mən cənab prezidentə ömrümün sonuna qədər minnətdar olacam. Çünki mənim indi həyatda olmağımın səbəbkarı cənab prezidentimiz olub. Təxminən 4 il bundan əvvəl mən ölüm ayağında olarkən cənab prezident tapşırıq verdi və həmin vaxtı dərhal gecə məni təyyarə ilə Almaniyaya müalicəyə göndərdi. Cənab prezident məni müalicəyə göndərməsəydi, indi bəlkə də mən həyatda və övladlarımın qarşısında sağ-salamat deyil idim. Cənab prezident hər zaman da mənim səhhətimlə maraqlanıb. Qurban olum prezidentimə ki, məni həyata qaytarıb. O vaxtı məndə qanaxma oldu və axşam təyyarə ilə xaricə müalicəyə göndərdi. O vaxtı ölkədə qalsaydım, ölüb getmişdim. Cənab prezident köməkçisinin vasitəsilə tez-tez səhhətimdəki vəziyyəti soruşurdu. Mənim üçün bundan böyük qürur nə ola bilər? Cənab prezident məni ailəmə, balalarıma və nəvələrimə qaytarıb. Gərək insan o qədər nanəcib və biqeyrət olsun ki, bu cür yaxşılığı yaddan çıxarsın. Mən bu yaxşılığı ömrüm boyu yaddan çıxartmaram. Allah ulu öndərə da rəhmət etsin. O mənə "Şöhrət" ordeni verib. İndi kim nə uydurursa, uydursun. Əvvəl mən işdə, vəzifədə var idim, bəziləri üçün yaxşı adam olurdum.

-Bəs indi səhhətiniz necədir?

-Maşallah olsun ki, indi səhhətim cağbacağdır. İstənilən adamın qarşısına səhhətimlə çıxa bilərəm. İndi istənilən yaşlı adam öz səhhəti ilə maraqlanmalıdır.

-Bir sıra mətbu orqanlarda de-fakto sizə məxsus olduğu deyilən və yaxınlarınızın idarə etdiyi "Merkuri" bank olmayan kredit təşkilatının fəaliyyətinin nəzarətə alınması barədə məlumatlar yayaılıb. Ümumiyyətlə, sözügedən təşkilatın sizinlə hansı əlaqəsi var?

-Azərbaycanda qanun var, Mərkəzi Bank, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi var. Kimin nə ixtiyarı ola bilər ki, qanunsuz nə isə fəaliyyət göstərsin? Mənim işim-gücüm yoxdur ki, gedib bank açım? Bir dənə bankım çatışmırdı! Axı bu cür yazıları yazanlara əclafdan başqa ad vermək olmur. Kül olsun onların başına! Heç olmasa açıb şəxsiyyət vəsiqələrinə baxsınlar görsünlər ki, orada nə yazılıb. Azərbaycan vətəndaşı! Belə olmaz axı! Vallah camaat bizə gülür!

Bizim içimizdə elə nanəcib adamlar var ki, ürək-dirək vermək əvəzinə adamın dalınca danışmaqla məşğul olur. Əslində mənə çox sağ ol deyilməlidir ki, mən 19 ildən çox vicdanla çalışdım, ulu öndər mənə "Şöhrət" ordeni verdi və sairə. Mən Beynəlxalq Dənizçilik Birliyinin prezidentiyəm. Bir sıra xarici ölkə rəhbərləri mənə mükafatlar veriblər. Mənim xaric ölkələrlə də yaxşı əlaqələrim var.

-Şəxsi gəminiz və yaxud tankeriniz var?

-Bəzi qəzetlər yazır ki, guya mənim oğlumla Mübariz Mədətovun birgə tankeri var, neftə birgə baxırlar və sairə. Yazıblar ki, guya mən Mübariz Mədətovla qudayam. Heç Mübariz Mədətov yazığın qızı yoxdur. Mən onun qızını necə oğluma ala bilərəm? Məgər özbaşınalıqdır? Mənim haradan tankerim ola bilər? Hökumətin tankerləridir. Mənim yalnız yaxtam ola bilər.

-Bəs şəxsi yaxtanız var?

-Əlbəttə ki, yaxtam var. Yaxta kimdə yoxdur ki? Mən həm də Azərbaycan Yelkənli Gəmi Federasiyasının prezidentiyəm. Yaxtam kifayət qədərdir, hətta qohumlarıma da çatar. Mənim bir neçə növ yaxtam var. Bu yaxtalar çempionatlara da qatılır.

-Tez-tez olub ki, siz nəqliyyat nazirinin kollegiya iclaslarına qatılmamısınız. Hətta, bir sıra mətbu orqanlarda bu, sizin nəqliyyat naziri ilə münasibətlərinizin soyuq olması kimi qələmə verilib. Bu məsələyə münasibətinizi bilmək də maraqlı olardı...

-Heç elə şey olar? Ziya müəllim mənim dostumdur, biz qardaş kimiyik. Olub ki, Ziya müəllimin iclasına mən getməmişəm, ancaq yerimə müavini göndərmişəm. Biz dostuq, bir yerdə işləmişik, bir əl olmuşuq. Ziya Məmmədov hər zaman mənim hörmətli nazirim olub. Ümumi ölkənin xeyrinə mən hər zaman verilən tapşırıqların icrasına çalışmışam. Mən hər zaman çalışdığım sahənin inkişafına kömək etmişəm və bundan sonra da edəcəm. Hər zaman cənab prezidentin siyasətinə sadiq qalacam.

-Xalq artisti Məleykə Əsədova ilə tanışlığınız necə olub?

-Təxminən 15-16 il bundan əvvəl görkəmli aktyor, mərhum Həsənağa Turabov Məleykə Əsədova ilə gəldi mənim yanıma xahiş etdi ki, o vaxtı İçərişəhərdən yuxarıda yaşadıqları birotaqlı evə bitişik olan evi ona verək. Həmin evdə də əvvəllər erməni yaşayıb və Gəmiçiliyin balansında idi. Xahiş etdilər, mən də o evi verdim Məleykəyə, oldu ikiotaqlı ev. Daha sonra isə həmin evdən balkon çıxarmasına da icazə verdim. Mən Məleykə Əsədovanın sənətini bəyəndiyim üçün ona ev vermişəm. Hətta, toyuna da dəvət edib və mən də toyunda iştirak etmişəm. Ümumiyyətlə, hələ əvvəldən Məleykə Əsədovanın şeir deməyindən çox xoşum gəlib. Baxma da, xalq artistidir. Mən təkcə Məleykə Əsədovaya deyil, digər adamlara da çox kömək etmişəm.

AzNews.az