Qənimət Zahid: ““Azadlıq”ı məhkəməyə versələr, iddia təmin ediləcək”

"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid jurnalist Eynulla Fətullayevin təmsil etdiyi mətbuat orqanını məhkəmə verəcəyi ilə bağlı açıqlamasına münasibət bildirib. Qənimət Zahid AzNews.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə qəzetlər, KİV-lər arasında hər cür qarşıdurmanın əleyhinədir: "Nəinki məhkəmə çəkişməsinin, hətta adi söz atışmalarının belə tərəfində deyiləm və çalışıram ki, belə hallara biz tərəfdən təşəbbüs edilməsin. Sözü gedən materialda məhkəmə perspektivinin olub- olmadığını isə mən müəyyən etmirəm, amma öz tərəfimdən deyə bilərəm ki, bu səpkili yazıya görə mən hansısa qəzeti məhkəməyə vermək fikrinə düşməzdim. Orada hansısa soyadları çəkilib və istənilən vətəndaş və ya qəzet bu soyadlarla bağlı öz ehtimallarını irəli sürə bilər".

Q. Zahid qeyd edib ki, digər tərəfdən reaksiyanın bu qədər sərt olacağını gözləməyib: "İstənilən KİV-in hansısa informasiya üzərində şərh vermək haqqı var. Konkret olaraq, bu halda da "Azadlıq" qəzetində bir versiya ilə bağlı mülahizələr səsləndirilib. Burada məhkəməlik nə var ki, anlamıram... İndi "Azadlıq"ı ikinci dünya müharibəsinin başlanmasına görə də məhkəməyə versələr, hakimlər bu iddianı təmin edəcəklər".

Qeyd edək ki, Eynulla Fətullayev iddia edib ki, "Azadlıq" qəzeti jurnalistika normalarını tapdalayaraq onun adından yalan məlumat yayıb. O, bildirib: "Təəssüf ki, həmkarlarımız bütün yazılmış və yazılmamış jurnalistika normalarını pozaraq özlərini sadəcə olaraq düz aparmayıblar. Onlar mənim adımdan yalan yazıblar. Öz təxəyyüllərini mənim adıma çıxıblar. Bu zaman qəzetin əməkdaşı heç mənə zəng edib bu informasiyanın nə dərəcədə doğru olduğunu soruşmağa da ehtiyac görməyib. Onlar bu məsuliyyətsiz mövqelərinə görə cavab verməli olacaqlar. "Azadlıq" qəzeti mənə məhkəməyə müraciət etməkdən başqa yol qoymadı".
E.Fətullayev sabahdan etibarən müvafiq sənədləri hazırlayaraq, məhkəməyə müraciət edəcəyini də qeyd edib.

Ramil
AzNews.az