Ziyalılara müraciət


Azərbaycanda ziyalı olmaq çətindir. Düşünün, bir millətin ki, əlifbası dəfələrlə dəyişdirilsin, yetişmiş beyinləri repressiya edilsin...

Düşünün, bir millətin ki, ziyalıları özünü yetişdirmək üçün xarici dövlətlərdə çap olunmuş dərsliklərlə təhsil almağa məcbur olsun, onun gələcəyi sayılan gəncliyi iş tapmaq, özünü təkmilləşdirmək üçün hökmən xarici dil bilmək zorunda qalsın, öz Vətənində özünü tanıtmaq və qəbul etdirməkçün hökmən xarici dövlətlərdən hansınınsa bir parça sertifikatını almış olsun!... Bax bu anlamda, Azərbaycanda ziyalı olmaq həqiqətən çətindir.

Amma bütün bunlara rəğmən, əziz ziyalılarımız, Siz Azərbaycanın elmi, mədəniyyəti, incəsənəti üçün çox böyük işlər görmüsünüz! Əgər Siz olmasaydınız, bu qədər gözəl əsərlər yazılmazdı və biz - Azərbaycan gəncliyi oxumağa heç nə tapmazdıq. Siz olmasaydınız, Sizin Azərbaycan üçün etdikləriniz olmasaydı, biz motivə olmazdıq, özümüzü yetişdirə bilməzdik. Sizə şəxsən öz adımdan təşəkkür edirəm.
Yaxşı ki, varsız.

Amma… Əziz ziyalılarımız!

Sizə bir sualım var: niyə yaşa dolduqca (bəlkə də müdrikləşdikcə demək daha düzgün olardı) tənbəlləşirsiniz ?.. Əlbəttə, mən bunu küll halında hamınıza şamil etmirəm. Sizin aranızda elə tənbəl intellektuallar var ki, onların ucbatından müasir gənclik dayaz və qulaqdandolma informasiya platformasında böyümək məcburiyyətində qalıb.

Niyə? Ona görə ki, Azərbaycanın əksər intellektual zümrəsi müasir kompüter texnologiyası, sosial şəbəkə və internet resurslarından istifadə etmək həvəsində deyil. Məhz elə bunun nəticəsidir ki, Azərbaycanın virtual informasiya məkanında boşluq yaranıb və bu boşluğu doldurmaq zərurətini hiss edən "zıyalı"cıqlar ortaya atılıb, olmayan savadları, hələ yetərincə formalaşmayan intellektləri ilə hər kəsə ağıl verməyə başlayıblar.

Zamanla internet jurnalistləri kimi "yetişən" bu toplum artıq xarici saytlardan savadsız tərcümələrlə internetdə markalaşmağa başlayıb. İnternet jurnalistikasının ucuz və gəlirli sahə kimi tanındığını artıq hər kəs etiraf etmək məcburiyyətindədir. Son vaxtlar Siz, bizim tənbəl intellektuallar, internetin gücünü kəşf etməyə başlayanda artıq gec olduğunu anladınız.

Daha cəld tərpənib bazarda öz yerini tutan "ziyalı"cıqlar indi öz qaydalarını diktə edirlər və onlar özü və sözü böyük olan Ziyalıların bazara girməsini əngəlləyirlər. Bu gün Azərbaycanın internet mediasında savadlı, amma təcrübəsiz, tənbəl intellektuallarla, təcrübəli, amma savadsız internet "zıyalı"cıqları arasında soyuq müharibə getdiyi də heç kəsə sirr deyil, ən azından, bu sahədə çalışanlar bunu çox gözəl bilirlər.

Bu müharibənin isə bircə qurbanı var - o da Azərbaycan gəncliyidir. Yazdığınız kitablar müasir dünyanın tələblərinə uyğun - qısa və lakonik olmadığından gənclərin onu oxumağa nə səbri, nə də vaxtı var. Razılaşın ki, bunu xatırladanda Siz, yumşaq desəm, hirslənir, problemin köklərini araşdırıb anlamaq, qəbul eləmək əvəzinə məsələnin mahiyyətinə varmadan müasir gəncliyi günahlandırırsız. Siz sosial şəbəkələrdən, internet resurslarından istifadə etmirsiniz və elektron kitablarınız, demək olar ki, yoxdur.

Gənclərin arasında olmadığınızdan təbliğatınız da zəifdir, bəlkə də heç yoxdur, bu səbəbdən də onlar öz yaşıdlarının cızma-qarasına, əndrabadi fikirlərinə, avropasayağı düşüncə modelinə daha çox meyllidir. Sosial şəbəkələrdən istifadə etmədiyinizdən gənclərin ictimai hadisələrə münasibətini siz yox, "zıyalıcıq"lar formalaşdırır. Gənclərin Sizə ehtiyacı olduğu halda Siz ya tənbəllikdən, ya da eqonuzdan onlarla dialoqa getmirsiniz. Sizə şəxsi həyatımdan bir epizodu bölüşmək istəyirəm.

Bir dəfə işdən sonra evdə oturmuşduq, qardaşımla mən hərəmiz öz kompüterimiz vasitəsilə sosial şəbəkədə dostlarımızla söhbət edirdik. Bu vaxt atam işdən gəldi, içəri girəndə hər ikimiz ayağa qalxıb onunla görüşdük. Qısa hal-əhvaldan sonra hərəmiz öz kompüterimizin arxasına qayıtdıq. Atam çox demokratik bir insandır. Onunla ünsiyyətə girməməyimizə rəğmən heç nə demədi, sadəcə bizi diqqətlə süzüb anama söylədi:

"Deyəsən, bunlarla danışmaq üçün bir noutbuk da mən alacam. Səhəri gün atam həqiqətən özünə noutbuk aldı, kompüterdə işləməyi öyrəndi, sosial şəbəkədə qeydiyyatdan keçdi və bizə dostluq yolladı. İndi biz dostlarımızla paylaşdıqlarımızı dostluğumuzda olan atamızla da paylaşırıq. Onun paylaşdıqlarını biz də oxuyuruq. Atamın bizə anlayışla yanaşması o qədər xoşumuza gəlmişdi ki, onunla həmişə olduğu kimi yenə də qürur duyduq.

Mən bütün Azərbaycan ziyalılarının da atam kimi gənclərlə dialoqa getməsini istəyirəm, istəyirəm ki, Siz ziyalılar gənclərə adekvat olasınız. Bu gün ziyalılarla gənclər arasında yaranmış uçurumda mənən aşılanan və eybəcərləşən gənclər də var. Bu gənclər öz milli kimliyinə, millətinə və dövlətinə nifrət edir. Bunun günahı isə bizim hamımızdadır.

Bu gəncləri geri qazanmaq lazımdır, biz onlarla aramıza sədd çəkdikcə, çox təəssüf ki, onlar müxtəlif ölkələrin siyasi maraqları üçün qurulmuş təşkilatların və getdikcə artan dini təriqətlərin istifadə alətinə çevrilirlər, yəni öz əlimizə özümüzü kəsmək üçün qılınc verirlər. Bu gün ziyalılarla Azərbaycan gəncliyi arasındakı münasibətləri yaxşılaşdırmaq vacibdir. Azərbaycan gəncliyini tənqid etməkdən əl götürüb onlarla dialoqa getmək, onların nə istədiyini öyrənməyə çalışmaq lazımdır. Onlarla onların anladığı dildə danışmaq, yazmaq və onlarla dostlaşmaq lazımdır. Onların çox güclü potensialları var, bu gücdən istifadə edib, onları yetişdirməyə başlayın.

Əziz ziyalılar!

Azərbaycanın internet məkanındakı internet resurslarına sahib çıxın! Gənclər informasiyanı oradan alır. Bu resurslar yanlış informasiyalarla doludur. Gənclərimizin beyni zəhərlənir. Elmi institutların alimlərinin, ziyalıların sosial şəbəkələrdən peşəkar istifadə etmələri vacibdir. Yaşadığımız həyatda baş verən ictimai hadisələrə Sizin peşəkar yanaşmanız, dəstəyiniz lazımdır, inanın ki, buna hər kəsin ehtiyacı var, daha çox da Sizi bu meydanda görmək istəməyənlərin. Paradoksdur? Amma həqiqət budur! Çünki cavanlar da yaşa dolur, yavaş-yavaş həyatı dərk edir, anlayırlar ki, keçmişi olmayanın heç gələcəyi də olmaz!

Lütfən, günü bu gündən məşğul olduğunuz sahəni və öz yaradıcılığınızı təbliğ edən sosial səhifələr hazırlamağa başlayın! Bunun hər kəsə, ilk növbədə isə gəncliyimizə - yəni gələcəyimizə böyük faydası olacaq. Mədəniyyət və Turizm Nazirliyinin malik olduğu zəngin kitabxana şəbəkəsi, Yazıçılar Birliyi, ayrı-ayrı şəxslər yazıçı və şairlərimizin əsərlərinin elektron versiyalarını hazırlayıb internetə yerləşdirməli, onların təbliğinə nail olmalıdır.

Gənclərlə tez-tez görüşmək, onlarla dost kimi söhbətlər aparmaq vacibdir. Ali məktəblərdə gənclər üçün tanınmış insanların iştirakı ilə müxtəlif fərdi inkişaf təlimləri keçmək zəruridir. Bir vaxtlar bu ənənə olub axı... Sosial məsuliyyətimizi artırmaqla yeni nəslin yetişməsi üçün qollarımızı çırmalamalıyıq. Əgər biz dövlətimiz, millətimiz üçün təmənna gözləmədən bir iş görməsək, inanın, bunu kimsə etməyəcək. Azərbaycanı heç vaxt görmədiyimiz Zirvələrdə görmək üçün heç vaxt etmədiklərimizi etməliyik. Əziz Ziyalılar, lütfən səsimizə səs verin.

AzNews.az