“Ermənistan sülh üçün referendum keçirməli, Azərbaycanın ərazi bütövlüyünü qəbul etməlidir” - Azad Məsiyev

“2020-ci ilin 10 noyabrında Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistan Baş Naziri tərəfindən imzalanan sənədlə atəşkəs əldə edildi. 10 noyabr sənədinin müddəaları icra olunmağa başladı, lakin Ermənistan bu müddəaları həyata keçirməkdə tərəddüd etdi. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Beləliklə, Ermənistan-Azərbaycan arasında de facto münaqişə 10 noyabr sənədinin imzalanması ilə başa çatdı. Lakin rəsmi sülh hələ əldə olunmayıb. 8 avqust sənədi ilə ABŞ-da sülh sahəsi razılaşdırılsa da, Ermənistan və Azərbaycan arasında sülh sənədi hələ imzalanmayıb. Bunun səbəbi Ermənistanın konstitusiyası ilə Azərbaycan ərazi bütövlüyünə iddialı olmasıdır. Bu iddia, Ermənistan xalqı referenduma gedərək qəbul etməyincə, həmçinin Azərbaycan ərazi iddialarından imtina etməyincə, sülh sənədinin imzalanması mümkün deyil. Buna görə də, Ermənistan hələ 10 noyabr sənədində götürdüyü öhdəlikləri — yəni referendumu keçirərək Azərbaycanın ərazi bütövlüyünü qəbul etməli, bundan sonra Ermənistan-Azərbaycan arasında rəsmi sülh sənədi imzalanmalıdır. Hazırda regionda iki əsas sənəd mövcuddur. Birincisi, 10 noyabr sənədidir ki, Ermənistan-Azərbaycan arasında nəqliyyat infrastrukturunun açılması, Zəngəzur dəhlizinin açılması və Azərbaycanın Naxçıvana sərbəst çıxışının təmin edilməsi məqsədini daşıyır. Bu sənədin 9-cu müddəası ilə Zəngəzur dəhlizinə Rusiya Federal Təhlükəsizlik Xidməti nəzarət etməlidir. İkincisi, 8 avqust sənədidir ki, ABŞ və Ermənistan arasında Zəngəzur dəhlizinə ABŞ nəzarətinin verilməsi barədə razılaşmanı nəzərdə tutur. Hər iki sənədin siyasi çəkisi və tətbiqi nəticələrini zaman göstərəcək”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın 8 avqust Vaşinqton razılaşması ilə bağlı açıqlaması diqqət çəkib. Tramp bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh əldə edildikdən dərhal sonra Rusiya Prezidenti Vladimir Putin ona zəng edib. Ağ Ev rəhbərinin sözlərinə görə, Kreml lideri onu təbrik edib və baş verənləri “inanılmaz” adlandırıb. Putin əlavə edib ki, Rusiya uzun illər bu münaqişəyə son qoya bilməyib, lakin ABŞ bunu bacarıb.

Siyasi şərhçi bildirib ki, Zəngəzur dəhlizinin açılması yalnız Azərbaycanın şərtləri qəbul olunarsa mümkün olacaq.

"Ermənistan Azərbaycan şərtlərini qəbul etmədən nəqliyyat infrastrukturunu blokadadan çıxara bilməz. Alternativ olaraq, Azərbaycan Araz dəhlizi vasitəsilə öz maraqlarını həyata keçirə bilər. Qlobal müstəvidə ABŞ və Rusiya arasında geosiyasi rəqabət davam edir. Bu rəqabətin birinci epizodu Ukraynada, ikinci epizodu isə Cənubi Qafqazda baş verir. Cənubi Qafqaz Rusiyanın strateji maraqları üçün əhəmiyyətlidir, çünki bölgə vasitəsilə Rusiya İran və Körfəzə çıxış əldə edir. Paşinyan hakimiyyətə gəldikdən sonra ABŞ-ın təsiri ilə Rusiyanın Ermənistandakı nüfuzu zəifləyib. Paşinyanın apardığı siyasət böyük güclərin maraqlarının toqquşmasına gətirib çıxarır və regionda stabilliyi pozur. Rusiya Zəngəzur dəhlizinə nəzarət edərsə, Cənubi Qafqazdakı mövcudluğunu qoruyacaq; əks halda ABŞ-ın təsiri artır. 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri Zəngəzur dəhlizinin gələcəyi üçün həlledici olacaq. Seçkilərdə Rusiya tərəfinə yaxın qüvvələr hakimiyyətə gələrsə, 10 noyabr sənədinin müddəaları yenidən gündəmə gələcək. Ermənistan süveren dövlət kimi fəaliyyət göstərmək istəyirsə, mütləq şəkildə Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmalıdır. Paşinyanın apardığı siyasət hazırda Amerikanın maraqlarına uyğun qurulub və Ermənistanın müstəqil siyasət yürütməsi mümkün deyil. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan regionda aparıcı tərəf kimi mövqeyini möhkəmləndirib. Zəngəzur dəhlizinin açılması və region layihələrinin həyata keçirilməsi Azərbaycan razılığı olmadan mümkün deyil. Ermənistanda kimin hakimiyyətə gələcəyi və ölkənin süverenliyi, Zəngəzur dəhlizinin taleyi üçün əsas amillərdən biridir".

Rəfiqə Namazəliyeva,

AzNews.az