- intellektual baxış
- 7 Oktyabr 09:00
- 2 179
Qalib tələbələrlə görüş keçirilib

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) tələbələrindən ibarət komanda Azərbaycanda hüquq təhsili verən 11 ali təhsil müəssisəsinin tələbələri arasında keçirilən “Azərbaycan Respublikasının Konstitusiyası və Dövlət Suverenliyi” adlı hüquq viktorinasında yüksək nəticə göstərərək II yerə layiq görülmüşdür.
Baş Prokurorluğun təşkilatçılığı ilə hüquq viktorinasının qaliblərinin mükafatlandırılma mərasimində Dövlət Gömrük Komitəsinin Akademiyasının komandasının üzvləri Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev tərəfindən sertifikatla təltif olunublar.
Bu münasibətlə Dövlət Gömrük Komitəsinin Akademiyasında qalib komandanın üzvləri ilə görüş keçirilib.
Görüşdə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Akademiyanın etimadını doğrultduqları üçün tələbələrə təşəkkür edərək onları bu uğur münasibətilə təbrik edib. Q. Novruzov DGKA tələbələrinin müxtəlif müsabiqələrdə əldə etdiyi uğurların önəmini qeyd edərək, tələbələrin gələcəkdə də doğma təhsil ocağının adını yüksəldəcəklərinə və müstəqil ölkəmizin tərəqqisinə öz layiqli töhfələrini verəcəklərinə əminliyini vurğulayıb.
Daha sonra qalib komandanın üzvləri - Akademiyanın Hüquqşünaslıq ixtisasının tələbələri - Xədicə Hüseynli, Əminə Əhmədova, Aişə Vəlizadə, Fəridə Musayeva və Nihad Xudiyev Akademiya rəhbərliyi tərəfindən mükafatlandırılıblar.


