- Siyasi müzakirə
- 4 Noyabr 22:29
- 1 240
“Paşinyan hakimiyyəti münasibətlərin normallaşmasına üstünlük verir” - Elçin Xalidbəyli
“Təbii ki, baş nazir Nikol Paşinyanın Qarabağı könüllü tərk etmiş ermənilərin geri qayıdışına mənfi yanaşması onun pragmatik siyasətçi olduğunu göstərir. Çünki əgər Ermənistan blokadadan çıxmaq və qonşu ölkələrlə, xüsusilə də Azərbaycanla münasibətlərini normallaşdırmaq istəyirsə, iki ölkə arasında yeni gərginliyə səbəb ola biləcək məsələlərin gündəmə gətirilməsi məqsədəuyğun deyil. Azərbaycan və Ermənistan arasında onilliklər davam edən qarşıdurmanın əsas səbəbi məhz Qarabağdakı ermənilərlə bağlı idi. Hazırda bu problem həll olunub. Bu, həm Azərbaycan, həm də Ermənistan üçün mühüm dönüş nöqtəsidir. Qarabağdakı separatçı silahlı qrupların zərərsizləşdirilməsi nəticəsində iki ölkə arasında qarşıdurmanın əsas faktoru aradan qalxıb. Bu isə münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması üçün geniş imkanlar açır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Qarabağ bölgəsini könüllü tərk etmiş ermənilərin geri qayıdışı məsələsinin gündəmə gətirilməsini sülh üçün zərərli hesab edir. O, İrəvanda keçirilən forumda bildirib ki, bu məsələ münaqişənin ilkin mərhələsinə qayıtmaq deməkdir və təhlükəlidir. Qeyd edək ki, Qarabağı tərk edən ermənilərin çoxu Rusiya, Fransa və Almaniyada məskunlaşıb, bir qismi isə uyğunlaşa bilmədiyi üçün Ermənistana qayıdıb.
Siyasi şərhçi bildirib ki, Paşinyan hakimiyyəti hazırkı vəziyyətin yenidən əvvəlki gərgin mərhələyə qayıtmasında maraqlı deyil.
"Əks halda, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşmayacaq, qərbə inteqrasiya siyasəti də ciddi suallar doğuracaq. Münasibətlərin pozulması ölkəni yenidən blokada şəraitinə salacaq. Halbuki son vaxtlar Azərbaycan Ermənistanla münasibətlərin yaxşılaşdırılması istiqamətində jestlər edib və kommunikasiya xətlərinin açılması üçün mühüm addımlar atıb. Paşinyan hakimiyyəti də artıq bəyan edib ki, Bakı ilə bu istiqamətdəki addımlardan məmnundur və hətta Azərbaycan dövlətinə təşəkkürünü bildirib. Ermənistan rəhbərliyinin strateji hədəfi Cənubi Qafqazdakı geosiyasi proseslərə inteqrasiya olunmaqdır. Azərbaycanla münaqişə vəziyyətində qalmaq bu məqsədə qətiyyən uyğun deyil. Buna görə də Paşinyan hakimiyyəti münasibətlərin normallaşdırılması istiqamətində addımlar atmağa üstünlük verir və bu prosesi poza biləcək amillərdən biri kimi Qarabağ ermənilərinin geri qayıdışı ideyasını görür. Paşinyan yaxşı anlayır ki, indiki şəraitdə ermənilərin Qarabağa geri dönməsi nə Azərbaycana, nə də Ermənistana sərfəlidir. Əksinə, bu, yalnız Rusiyanın maraqlarına xidmət edə biləcək bir proses olardı. Moskva bu faktordan istifadə edərək həm Azərbaycana, həm də Ermənistana təsir göstərmək üçün yeni rıçaq əldə edə bilərdi. Məhz buna görə də Paşinyan hakimiyyəti kifayət qədər praqmatik mövqe nümayiş etdirərək, Ermənistan üçün zərərli ola biləcək bu addımdan imtina edib. Bütün bunlar onu göstərir ki, yaxın perspektivdə Azərbaycan və Ermənistan arasında münasibətlər daha pozitiv məcrada inkişaf edə bilər. Paşinyan hakimiyyətinin növbəti parlament seçkilərində qalib gəlməsi həm Ermənistan, həm də ümumilikdə Cənubi Qafqaz üçün sülh və sabitlik dövrünün davam etməsinə, bölgədə yeni inkişaf mərhələsinin başlanmasına şərait yarada bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az