UDUZULMUŞ “PARTİYALAR”

…Gəlin bir məsələnin dəqiq izahını verək. Razılaşaq ki, AXCP və Müsavat siyasi təşkilatlar deyil. Onlar bu gün olsa-olsa, qaragüruhçuluq və cəhalət yayan mütəşəkkil dəstələrdir. Bu dəstələrin oxşarları müxtəlif ölkələrdə siyasi müstəvini çoxdan tərk ediblər. Ötən əsrin doxsanıncı illərində yaranmış, möhlətini başa vurmuş mütəşəkkil dəstələri indiki məzmunda yanlış olaraq siyasi partiya adlandırmaq onların legitimləşdirilməsində iştirak etməkdir.

Əli Kərimli, İsa Qəmbər və “yedəkçilərini” öz adları ilə çağırmalı, mahiyyət etibarilə, təbliğ etdikləri məzmuna görə daha çox terror təşkilatlarını xatırladan, cəmiyyətin az məlumatlı, sadədil hissəsini aldadan, onların hissləri ilə manipulyasiya edən, insanlarda öz vətəninə nifrət aşılamaq yolu tutan antimilli təfəkkür daşıyıcılarının mövhumatın tərkib hissəsi tək keçmişə gömülməsinə nail olmalıyıq!

Bəli, AXCP də, Müsavat da qapadılmalıdır! Faşist təmayüllü partiyaları qadağan edən ölkələrin nümunəsi əsasında! Və yalnız onlar yox! Növündən, səmtindən, tərkibindən asılı olmayaraq Azərbaycanı xurafata sürükləyən istənilən cahil zehniyyət, onun törəmələri dövlətin təfəkkür sistemindən birdəfəlik yığışdırılmalıdır. İnanın ki, bu tələbdə nə nifrət, nə qərəz, nə də kin var. Antigigeyinik güruh bugünün Qalib Dövlətinin, Zəfər Xalqının, bir sözlə Yeni Azərbaycanın həm iç, həm də bayır görkəmini doğrudan korlayır.

Xarici qüvvələrin ovcundan yemlənən, istənilən vaxt Azərbaycanı satmağa hazır olan AXCP-Müsavat cütlüyü xüsusilə son 25 ildə Dövlətə qarşı düşmənçilik mövqeyindən çıxış edir. İkinci Qarabağ Müharibəsi, 20 Sentyabr Əməliyyatı o qüvvələrin iç üzünü bütün çılpaqlığı ilə ifşa etdi! Müharibənin ərəfəsində, gedişində, sonunda biz onların davranışında “ermənistançılıq+artsaxçılıq” gördük. Heç bir halda AZƏRBAYCANÇI olmadılar. Qələbəmizə sevinməmək üçün səbəblər axtardılar!

Məğlub olmağımız, ən azı məğlub görünməmiz üçün əllərindən gələni etdilər. Bunlar işğal etdirdikləri ərazilərə, o yerlər azad edildikdən sonra ayaq basmayacaq, səriştəsizlikləri, məsuliyyətsizlikləri, cinayətləri nəticəsində ağır itkilərə, dəhşətli işgəncələrə, dözülməz ağrı-acılara məruz qoyduqları Xalqdan üzr istəməyəcək qədər sirinsimiş, simasını itirmiş “varlıqlardır”! AXCP, Müsavat dünyagörüşü elədir ki, o az-çox qüvvə toplayanda dövlətə qarşı terrorçu xislətinə yiyələnir, onu dağıtmağa qalxır, zəifləyəndə isə xırda xuliqan zehniyyətimə malik olur. AXCP və Müsavat, şahmat dili ilə desək: artıq uduzulmuş partiyalardır.

Vaxtı dayandırmaq lazımdır, Hakim!

Oyun bitib!

Qaralar güruh qarışıq məğlub olub.

Bu fikirləri sadə dilə çevirsək belə səslənər: qapatmaq proseduruna start verilməli, bu “partiyaların” fəaliyyəti ölkə ərazisində qadağan ediıməlidir. Müzakirələr dünəndən dayandırılmalı, sözdən işə keçilməli, tariximizin həlledici dövründə içimizdəki Troya Atlarına nərdivan söykənməli, “atın qarnındakılar” əlləri boyunlarının ardına çatılaraq yerə endirilməlidir.

MİRŞAHİN