Prezident: "Bu gün Azərbaycanda icra edilən bərpaolunan enerji layihələri çox geniş miqyaslıdır"

Bu gün Azərbaycanda icra edilən bərpaolunan enerji layihələri çox geniş miqyaslıdır.

Aznews.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, bu gün yeni sahələr arasında əsas yerdə bərpaolunan enerji növlərinin yaradılmasıdır:

"Burada da Azərbaycan ön sıralardadır. Bu gün Azərbaycanda icra edilən bərpaolunan enerji layihələri çox geniş miqyaslıdır. Təkcə Qarabağda və Şərqi Zəngəzurda son 5 il ərzində 30-dan çox su elektrik stansiyası inşa edilib. Onların toplam generasiya gücü 300 meqavatdan çoxdur. Günəş və külək elektrik stansiyalarının inşası gedir.

Bu yaxınlarda Cəbrayıl rayonunda 100 meqavatlıq iki stansiyanın təməli qoyuldu. O stansiyaların yanında 240 meqavat gücündə üçüncü günəş elektrik stansiyası inşa edilir. Bütövlükdə 2030-cu ilə qədər günəş, külək və su elektrik stansiyalarının generasiya gücü 6 min meqavata çatmalıdır. Bu, böyük bir sənaye sahəsidir, sənayenin inkişafının növbəti istiqamətidir. Azərbaycan alimlərini burada da fəal olmağa dəvət edirəm".