Azərkosmosun ixrac dinamikası və qlobal rəqabət reallıqları - ŞƏRH

Bu ilin yanvar-sentyabr aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Kosmik Agentlik “Azərkosmos” 13,2 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz az olsa da, təsislərin ümumi gəlirlərində ixrac payı 66 faiz olub. Məlumatlara görə, 9 ayda 41 ölkədən təxminən 100 şirkət “Azərkosmos”un xidmətlərindən yararlanıb. Əsas ixrac istiqamətləri sırasında Böyük Britaniya, Lüksemburq, İsveç, Nigeriya və Türkiyə yer alır. Tək səntyabr ayında 35 ölkəyə 1,6 milyon dollarlıq xidmət ixrac olunub ki, bu da 1 il əvvəlki göstəricidən 6,7 faiz çoxdur.

Qlobal miqyasda kosmik rabitə xidmətləri bazarı son illərdə kəskin rəqabət mühitinə daxil olub. Starlink, OneWeb, SES, Eutelsat kimi transmilli şirkətlər peyk texnologiyalarının yeni nəslini istifadəyə verərək həm bazar payını artırır, həm də qiymət modellərində çeviklik yaradır. Bu, xüsusənlə geostasionar peyklər əsasında xidmət göstərən qurumlar üçün strateji yanaşmanı dəyişdirməyi zəruri edir. “Azərkosmos” kimi milli operatorlar üçün bazarı qorumaq artıq təkcə texnoloji bacarıq deyil, eyni zamanda iqtisadi diplomatiya, regional əməkdaşlıq və rəqəmsal strategiya məsələsidir. Azərbaycanın bu sektordakı fəallığı onun beynəlxalq innovasiya şabəkələrinə inteqrasiyası baxımından da diqqətəlayiqdir.

Azərbaycanın kosmik iqtisadiyyatdakı iştirakı 2013-cü ildə ilk telekommunikasiya peykinin orbitə çıxarılmasından sonra formalaşmağa başladı. Bu istiqamət, yalnız informasiya axınını idarə etməyə deyil, həm də ölkənin strateji müstəqilliyini təmin etməyə yönəlib. Hazırda peyk xidmətlərinin 66 faizlik ixrac payı onu göstərir ki, “Azərkosmos” daxili bazarla məhdudlaşmır, əksinə qlobal bazarda rəqabət aparma potensialına malikdir. Bununla belə, 5 faizlik azalma trendləri bazardakı ümumi volatilliklə, tələbin yenidən paylanması ilə və texnoloji modernləşmənin sürətlənməsi ilə əlaqələndirilə bilər. Məsələn, 2024-cü ildən etibarən Afrika və Yaxın Şərqdə Starlink-in kommersiya fəaliyyətinə başlaması regiondakı bir çox dövlətlərin yerli operatorlara tələbatını azaldıb. Bu cür amillər Azərbaycanın da ixrac strukturuna dolayı təsir göstərə bilir.

Digər tərəfdən, ixrac coğrafiyasının 41 ölkəni əhatə etməsi göstərir ki, “Azərkosmos” sadəcə regiondaxili deyil, transmilli əlaqələr sisteminə qoşulub. Böyük Britaniya və Lüksemburq kimi texnoloji inkişaf etmiş ölkələrə ixracın böyük paya malik olması Azərbaycan peyk xidmətlərinin beynəlxalq etibarlılığını təsdiqləyir. Bu, həm də xidmətlərin keyfiyyətinin və infrastrukturun dayanıqlılığının göstəricisidir. Lakin bu uğurun saxlanılması üçün gələcək mərhələdə “Azərkosmos”un xidmət portfelini genişləndirməsi, məlumat analitikası, bulud sistemləri və yer müşahidəsi kimi əlavə texnoloji sahələrə keçid etməsi vacib sayılır. Çünki müasir kosmik bazar təkcə rabitə deyil, həm də məlumatın emalı və təhlükəsizlik yönümlü inteqrasiya həllərinə əsaslanır.

Qlobal peyk iqtisadiyyatı 2025-ci ilə qədər 400 milyard dollarlıq həcmi keçəcək. Azərbaycanın bu sistemdə payının qorunması üçün yeni investisiya cəlbi, infrastrukturun modernləşdirilməsi və dövlət-özəl tərəfdaşlığı kimi modellər aktuallığını saxlayır. Rəqəmsal İqtisadiyyat Strategiyası çərçivəsində kosmik xidmətlərin ixracı artıq təkcə texnoloji deyil, həm də iqtisadi diplomatiya vasitəsinə çevrilir. Bu baxımdan, Azərkosmosun fəaliyyəti ölkənin innovativ imicinin formalaşmasında strateji funksiyaya malikdir.

Azərbaycanda rəqəmsallaşma siyasətinin inkişafı ilə paralel olaraq, peyk infrastrukturu təkcə rabitə deyil, həm də milli təhlükəsizlik, logistika və energetika kimi sahələrdə dəstək rolu oynayır. Bu, ixrac göstəricilərinin yalnız iqtisadi deyil, həm də institusional əhəmiyyətini artırır. Mövcud dinamika onu göstərir ki, Azərkosmosun beynəlxalq bazarda fəaliyyət istiqamətləri daha çox yüksək texnologiyaların inteqrasiyasına və rəqəmsal xidmətlərin kompleksləşdirilməsinə yönələcək.

Nuray,

Aznews.az