SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 1 noyabr 2021-ci ildə dövriyyəyə buraxdığı 100 milyon ABŞ dolları dəyərində yeni isitqrazlara görə sayca 16-cı dəfə faiz ödənişi həyata keçirib.

Aznews.az bu barədə şirkətin törəməsi - "SOCAR Capital" MMC-yə istinadən xəbər verir.

Emissiya rospektinə əsasən, qeyri-iş gününə təsadüf edərsə, kupon ödənişi növbəti ilk iş günü icra olunur.

Xatırladaq ki, nomnal dəyəri 1 000 ABŞ dolları olan 100 min ədəd istiqraz 5 il müddətinə tədavülə buraxılıb. Onların illik gəlirliliyi 4,5 %-dir. Faizlər rüblük ödənilir və hər dəfə istiqraz sahibləri 1,125 milyon ABŞ dolları faiz alır. Bu gün növbəti faizlər istiqraz sahiblərinin hesablarına köçürülüb, investorların ümumi qazancı 18 milyon ABŞ dollarına yüksəlib. Bu rəqəm müddətin sonunda 22,5 milyon ABŞ dolları təşkil edəcək.

İndiyə qədər SOCAR-ın yeni istiqrazları ilə ümumi dəyəri 82,3 milyon ABŞ dolları olan təxminən 1 523 təkrar bazar əməliyyatı aparılıb. Hazırda bu istiqrazlar "Bakı Fond Birjası" QSC-də ən çox ticarət olunan korporativ qiymətli kağızlardır.

Ümumilikdə, SOCAR istiqraz emissiyasına başladığı 2016-cı ildən indiyə qədər vətəndaşlara və investorlara 49 milyon ABŞ dolları faiz ödəyib.

İstiqrazları 1 və 5 saylı "ASAN xidmət" mərkəzlərindəki xüsusi köşklərdən və Azərbaycandakı investisiya şirkətlərindən əldə etmək olar.