İlham Əliyevin akademik mühazirəsi və Azərbaycanın data suverenliyi

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının yubiley tədbirində iştirak və çıxış etdi.

Bir cümlə ilə desək, əsl akademik mühazirə idi.

Bu mühazirədə ölkəmizin keçmişinə, bu gününə, gələcəyinə POZİTİV ELMİ BAXIŞ vardı.

İsmi bizim informasiya məkanımızda populyar olan irili-xırdalı bütün dövlətlərə, dövlət başçılarına nəzər yetirin.

İlham Əliyev qədər aydın və məzmunlu pozitiv elmi dünyagörüşə malik lider yoxdur dünyanın siyasi səhnəsində.

Prezident çıxışı zamanı ölkənin yüksəliş fəlsəfəsini aydın ifadə etdi və bildirdi ki, ölkəmizin tərəqqisi cəmiyyətin intellektual potensialından, texnoloji inkişafından, elmin irəliləməsindən asılıdır.

Bu fikir artıq Azərbaycanın post-neft dövrü strategiyasının ideoloji sütununa çevrilir.

Həqiqətən də, ölkənin gələcəyi betonan yox, beyinə, təbii sərvətlərə yox, elmi və texnoloji biliklərə bağlıdır.

Odur ki, prezidentin bu çıxışının elmi mühitdə müzakirəsi azdır, bütün cəmiyyət əsrimizin çağırışına köklənməlidir.

Prezidentin vurğuladığı əsas istiqamətlərdən biri elm və təhsilin bir-birini tamamlamasıdır. Elmi tədqiqat nəticələri gənclərin tədrisinə daxil olmalı, təhsil müəssisələri isə elmi potensialı formalaşdıran mühitə çevrilməlidir. Bu inteqrasiya müasir Azərbaycanın texnoloji və intellektual müstəqilliyini təmin edəcək əsas mexanizmdir.

Prezidentin fikrindəki digər vacib məqam ondan ibarətdir ki, texnologiya artıq təkcə iqtisadiyyatın deyil, milli təhlükəsizliyin mərkəzi anlayışıdır. Bəli, texnologiyada asılılıq siyasi asılılıqlar yaradır.

Buna görə Azərbaycan öz elmi-texnoloji imkanlarını gücləndirməli, müstəqil innovasiya mərkəzləri və rəqəmsal istehsal bazaları yaratmalıdır.

Odur ki, biz dönə-dönə Azərbaycan cəmiyyətinin intellektual potensialını sorğulamaq məcburiyyətindəyik.

Deməli, prezidentin cəmiyyətin intellektual potensialı ilə bağlı düşüncələri mediada əsas müzakirə mövzusu olmalıdır.

Günümüzün informasiya dünyasında bilik və ideyaların cəmiyyətə çatdırılması medianın üzərinə düşür. Nəticədə “intellektual media” anlayışı meydana çıxır və bu anlayış elmi bilikləri, texnoloji trendləri və milli düşüncəni ictimai şüurla birləşdirən yeni kommunikasiya mədəniyyəti yaradır.

İntellektual media üçün xəbər ötürmək yetərli deyil, onu izah etmək də lazımdır. Hadisələrin arxasındakı elmi, iqtisadi və sosial məntiqi göstərmək bizim borcumuzdur. Mənim, baş redaktoru olduğum AzNews.az analitik-informasiya portalının təmsil etdiyi intellektual media bu baxımdan yeni informasiya çağının bir növ “ictimai laboratoriyası”dır.

Prezident İlham Əliyevlə razılaşmamaq qeyri-mümkündür, bəli, xalqımızın tərəqqisi həm texnoloji, həm də düşüncə innovasiyası ilə mümkündür.

Azərbaycan da daxil olmaqla Şərq ölkələrinin tarixən çağdaş Avropanın elmi-texniki və sosial tərəqqisindən geri qalmasının əsas səbəbi budur. Avropa metafizik anlayışları enərək intibah qapılarını açdı, düşüncə və texnoloji innovasiya gerçəkləşdirdi.

Şərq öz ehkamlarında ilişib qalaraq əvvəlcə məsələnin mahiyyətini heç başa düşmədi, daha sonra buna cəhd edən liderlər cəmiyyətlərinin düşüncəsini yetərincə dirçəldə bilmədilər. Azərbaycanda isə bu gün məsələ tamamilə fərqlidir. Milli, elmi, texnoloji və düşüncə innovasiyamızın qarşısında elə ciddi əngəllər yoxdur. Azərbaycan İlham Əliyevin liderliyi ilə öz dövlət müstəqilliyini isbat etdikcə bu əngəllər xeyli dərəcədə zərərsizləşdirilib.

İlham Əliyev bu tarixi fürsəti yaradan lider olaraq indi cəmiyyətin bütün kəsimlərini yeni səfərbərliyə çağırır.

Səfərbər olmalı, Azərbaycanın data suverenliyinə sahib çıxmalıyıq!

Taleh ŞAHSUVARLI