İlham Əliyev Pakistan səfirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İkramullah Məhsudu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Azərbaycan ilə Pakistanın qardaş və dost ölkələr olduğunu vurğulayan dövlətimizin başçısı siyasi əlaqələrimizin yüksək səviyyədə davam etdiyini deyib. Ölkələrimizin bir-birini bütün beynəlxalq təşkilatlarda dəstəkləməsinin önəmini qeyd edən Prezident İlham Əliyev əməkdaşlığımızın gələcək illərdə də uğurla inkişaf etdiriləcəyinə əminliyini bildirib. Dövlət başçısı iki ölkə arasında münasibətlərin regional əməkdaşlığın inkişafında da əhəmiyyətli rol oynadığını deyib. Səfirə Azərbaycandakı diplomatik fəaliyyətinə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev ona gələcək işlərində də uğurlar arzulayıb.

Səfir İkramullah Məhsud ölkələrimiz arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. O, əlaqələrimizin bundan sonra daha da genişləndiriləcəyinə əminliyini ifadə edib.

Pakistanlı səfir ölkəmizdəki diplomatik fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

AzNews.az