Baş redaktorun həyatı üçün ciddi təhlükələr yaradılır Baş redaktorun həyatı üçün ciddi təhlükələr yaradılır

Güc nazirliklərindən inanılmaz etiraf: “Biz bacarmırıq”

Baş redaktorun həyatı üçün ciddi təhlükələr yaradılır




Məlum olduğu kimi, "Aznews.az" xəbər portalının baş redaktoru Elçin Zahiroğlunun "facebook" səhifəsi oğurlanıb. Bu ilin mart ayında "Aznews.az" xəbər portalına haker hücumu olub və bir gün sonra saytın Baş redaktorunun şəxsi "facebook" və mail hesablarının şifrələri sındırılaraq ələ keçirilib.

Artıq 6 aydır ki, Baş redaktorun "facebook" hesabını ələ keçirən şəxslər onun adından ölkənin bir sıra tanınmış adamlarına çirkin formada təhdidlər yazırlar. Bu azmış kimi, Elçhin Zahiroğlunun ələ keçirilən BU səhifəsindən istifadə edərək onun dostlarının da səhifəsi sındırılır.

Hətta həmin şəxsin bir neçə iri facebook səhifələrini ələ keçirməsi də məlumdur. Bundan başqa, həmin şəxs bir neçə saytların adminləri ilə yazışaraq, saytın kodlarını ələ keçirməyə çalışıb. Buna etiraz edən də isə həmin şəxsləri təhqir edib və hədələyib. Bildirək ki, həmin şəxs bütün bunlarla yanaşı, insanları provokasiyaya çəkir, qadınlara əxlaqsız təkliflər edir, baş redaktorun işgüzar nüfuzuna hər cür xələl vurmağa çalışır və baş redaktorun həyatı üçün ciddi şəkildə təhlükələr yaradır.

Onu da bildirək ki, E.Zahiroğlu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Belə ki, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri bu barədə məlumatlandırılıb. Hər iki quruma 2 dəfə - bu ilin may və sentyabr aylarında rəsmi müraciət olunub. Lakin görünən odur ki, bu istiqamətdə hər hansı tədbir görülməyib.

Baş redaktor mətbuata açıqlamasında bildirib ki, nəinki tədbir görülməyib, hətta rəsmi cavab verməkdən də imtina olunur:

"Həm Daxili İşlər, həm də Milli Təhlükəsizlik Nazirliyindən mənimlə telefon əlaqəsi yaradılıb. Daxili İşlər Nazirliyindən zəng edərək deyiblər ki, həmin şəxsi tapa bilmirlər. Bunun səbəbi barədə isə mənə, dediklərinə görə, elektron məktub yazıb göndəriblər. Həmin cavab mənə məlum olmayan səbəblərdən gəlib çatmayıb. Sonradan başqa elektron ünvan da verdim.

Ancaq xaricdə olduğu bildirilən kibercinayətkarın müəyyən olunması üçün hüquq-mühafizə orqanlarına mane olan səbəblərin əksini tapdığı həmin məktub gəlib çıxmadı".


E.Zahiroğlu onu da qeyd edib ki, kibercinayətkarlığın araşdırılması üzrə əsas orqan olan Milli Təhlükəsizlik Nazirliyinin də cavabı DİN-dən fərqlənməyib. Onlar da rəsmi deyil, şifahi olaraq cinayətkarın tapılmasında aciz olduqlarını etiraf ediblər:

"Mənimlə Milli Təhlükəsizlik Nazirliyində baş əməliyyat müvəkkili Fariz Məmmədov telefon əlaqəsi saxlayıb. Rəsmi cavab verə bilməyəcəyini deyən əməliyyat müvəkkili həmin şəxsi tapa bilmədiklərini söylədi. Bu məsələdə aciz olduqlarını etiraf etdi".

Azərbaycan qanunvericiliyində aparılan dəyişikliklərdən sonra bu problemin həllinin asanlaşacağını düşündüyümüz halda müvafiq orqanların acizliyini etiraf etməsi, bu istiqamətdə mübarizənin zəif qurulması nə ilə bağlıdır?

Maraqlıdır, günü-gündən fəallaşan kibercinayətkarlıqla mübarizə ilə qarşılaşan internet istifadəçisi hansı addım atmalıdır?
İKT üzrə ekspert Osman Gündüz bildirib ki, ölkədə internetdə cinayətkarlıqla bağlı bir təcrübə var və həmin şəxs məhkəmədə cəzalandırılıb: "Artıq Cinayət Məcəlləsində dəyişiklikər olunub və bu məsələ qanunlarla tənzimlənir. Bölgələrimizdən birində bir fakt araşdırılıb və "Facebook"da fəaliyyətə görə 1 il cəza kəsildi".

Kiberhücuma məruz qalan şəxslərin nə etmələrinə gəlincə, O.Gündüz deyib ki, ilk növbədə müvafiq qurumlara müraciət olunmalıdır: "İnternetlə bağlı hər hansı fakta görə əməliyyat-axtarış tədbirinin keçirilməsi, təhqiqatın aparılması MTN-in səlahiyyətindədir. İnternet vasitəsi ilə, "Facebook"dan təhqirə məruz qalan şəxs, ya da şəxsi səhifəsi oğurlanan istifadəçi bu barədə Milli Təhlükəsizlik Nazirliyinə müraciət edir. Araşdırma məqsədi ilə müəyyən məlumatlar istənilir. Təhqiqatın nəticəsi üçün həmin məlumatların verilməsi vacibdir. Bu cür cinayətkarlıq faktları ilə bağlı məhkəməyə də müraciət etmək olar. Çünki bu məsələ məhkəmə predmetidir. Bundan başqa, "facebook" rəhbərliyi də xəbərdar olunsa, müsbət nəticə əldə etmək olar".

O.Gündüz E.Zahiroğlunun müraciətlərinin cavabsız qalması ilə bağlı məsələyə münasibət bildirərkən deyib ki, ölkədə bu cür faktlara reaksiya verilməzsə, bu, qanunsuz hərəkətlərin çoxalmasına səbəb ola bilər:

"Müraciətə cavab verilməməsi, məktubun yetişməməsi, o cümlədən məsuliyyətsizlik səbəbindən ola bilər. Bildiyimə görə, MTN-də bu cür cinayətkarlıqla mübarizə sahəsində yetərli mütəxəssislər var. Sadəcə, məsuliyyət artırılmalıdır".

Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov hesab edir ki, Elçin Zahiroğlunun konstitusion hüquqları pozulub. O, açıqlamasında deyib ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ var.

Bu hüquq ölkə Konstitusiyasının 57-ci maddəsində öz əksini tapıb. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir: "Əgər verilmirsə, vətəndaş qanuna görə həmin orqanın yuxarı orqanına, yaxud məhkəməyə müraciət edə bilər. Bu məsələ həm Konstitusiya ilə, həm də "Vətəndaşların müraciətlərinə baxılması haqqında" qanunla tənzimlənir".

Ruhiyyə
AzNews.az