“Gənclərin texnologiyalardan gəlir əldə etmə cəhdləri başa düşüləndir” – Naib Niftəliyev

"Şübhəsiz ki, virtual və rəqəmsal dünyanın genişlənməsi artdıqca, yəni rəqəmsal məkan genişləndikcə, gənclər də buna daha çox meyillənirlər. Virtual oyunlar, onlayn qazanc imkanları və internet üzərindən gəlir əldə etmək imkanları tanındıqca, gənclərin bu istiqamətdə marağı artır. Bu, həm asan gəlir əldə etmək arzusu ilə bağlıdır, həm də zamanla, şəraitlə və vəziyyətlə uyğunlaşaraq, həyatda özünü təsdiq etmənin bir forması kimi meydana çıxır. Gəncləri buna görə tənqid etmək və ya qınamaq çox doğru olmasa da, müəyyən tövsiyə və iş prinsiplərinin dəqiq müəyyənləşdirilməsi vacibdir. Hər bir halda, gənclərin müasir texnologiyalardan, kompüter və informasiya texnologiyalarından, eləcə də süni intellektdən fayda qazanmaq və gəlir əldə etmək cəhdləri başa düşülən və alqışlanan bir hərəkətdir. Lakin bəzi tənqidi məqamlar da mövcuddur".

Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.

Qeyd edək ki, son illərdə gənclər arasında rəqəmsal pul və virtual aktivlərə maraq sürətlə artıb. Kriptovalyutalar, NFT-lər, onlayn oyunlarda qazanc və sosial mediada “virtual sərvət nümayişi” gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Bu fenomen yalnız iqtisadi maraq deyil, həm də sosial davranışların, dəyərlərin və gənclərin həyat tərzinin dəyişməsində mühüm rol oynayır.

Sosioloq qeyd edib ki, təəssüf ki, bir çox gənc qazanc arxasınca qaçarkən nəyi axtardıqlarını və nəyi itirdiklərini anlamırlar.

"Söhbətin mahiyyəti ondan ibarətdir ki, çox vaxt gənclər əyləncə və iş məqamlarını qarışdırırlar. Oyunlar təbii ki, əyləncəlidir, lakin gəlir vəd edən oyunlarda müəyyən manipulyasiya və aldatma meyli də müşahidə olunur. Bu prosesdə kimlərsə qazanırsa, kimlərsə də uduzur. Aslan qazanc arxasınca qaçmaq cəhdləri gənclərin həyat tərzini müəyyən mənada dəyişir. Digər tərəfdən, texnoloji olaraq virtual qazancları nümayiş etdirmək, demo qalibiyyət formasında bir növ göstərici rolunu oynayır. Əgər bu qazanclar real gəlirlərə əsaslanır və qanuni çərçivədədirsə, çox faydalıdır. Lakin standartlardan və dəyərlərdən kənara çıxdıqda şərti gəlirlər və nümayiş olunan uğurlar, əslində, məzmun daşımayan, sadəcə oyun xarakterli uğurlar olur və gənclərin bəzi hallarda məyusluğuna səbəb ola bilər. Sırf əyləncəyə yönəlmiş oyunlarla vaxt keçirmək, müəyyən şərtlərdə qazanmaq və bununla özünü təsdiq etmək gənclərə həm maddi, həm də mənəvi sərvət gətirmir. Bununla belə, bu şərti bacarıqları və qabiliyyətləri nümayiş etdirmək müəyyən mərhələdə faydalı və uğurlu bir addım sayılır. Lakin bu demonstasiya və şərti gəlir qazanmaq imkanları yalnız bir qisminin xeyrinədir. Əgər kimlərsə qazanırsa, çox vaxt digərləri uduzur; bir nəfərin qazanması üçün başqasının uduzması labüddür. Bu, hətta real gəlir platformalarında belə müşahidə olunur və rəqabət məsələsini ortaya qoyur. Texnologiyaları düzgün tətbiq etdikdə, iqtisadi prinsiplərə riayət etdikdə və peşəkar kariyera hədəfləri düzgün seçildikdə, gənclərin qazanmaq şansları itirmək şanslarından üstün olur. Bu halda gənclər daha çox uğur əldə edə və gəlir qazana bilirlər. Bu, reallıq olaraq qəbul edilməlidir. Sosial status məsələsi isə təkcə real aktivlər və maddi gəlirlərdən ibarət deyil. Bu, həm də həyatda özünü təsdiq etmənin xüsusi bir formasıdır. İnsan öz sosial statusunu əməli fəaliyyəti, şəxsi göstəriciləri, davranış nümunələri və irsi keyfiyyətləri ilə formalaşdırır. Ailəyə mənsub olmaq və şəxsi keyfiyyət nümunələri də böyük əhəmiyyət kəsb edir. Bütün bu faktorlar fonunda şəxsi keyfiyyətlər və şəxsiyyət onun sosial statusunu müəyyən edən əsas elementlərdir. Maddi imkanlar bu statusu inkişaf etdirə, gücləndirə və möhkəmləndirə bilər, amma onun əsası şəxsi keyfiyyətlərdə qalır. Sosial status insanın hətta vəfatından sonra da dəyişə bilər və müsbət və ya mənfi çalarlar ala bilər. Bu status cəmiyyətin insana verdiyi qiymət və münasibətdən asılıdır. Bununla yanaşı, qiymətləndirmələr həm obyektiv, həm də subyektiv olur. İnsanlıq qiymətləndirməsi nə qədər obyektiv olsa da, şəxsi təcrübə və bacarıqlar nəticəyə təsir edir. Sosial status məsələsində bu faktorların təsiri olduqca yüksəkdir. Lakin həll edici amillər yalnız rəqəmsal dünyadan asılı deyil. İnsanların şüurlu davranışı, fəaliyyətləri, yaradıcı və ictimai aktivliyi də əsas rol oynayır. Rəqəmsal oyunların və virtual fəaliyyətin təsiri olsa da, bu, digər obyektiv və sosial faktorlarla müqayisədə çox böyük deyil. Sosial statusun formalaşmasında rəqəmsal imkanlar bir faktor kimi iştirak etsə də, əsas rol insanın öz fəaliyyətinə və cəmiyyətdəki kreativ mövqeyinə aiddir".

Rəfiqə Namazəliyeva,

AzNews.az