Növbə mədəniyyəti

Biz qədim xalqıq!
Biz varlı xalq olmuşuq!

Qədimdə bizdə növbə olmayıb.

Səbəb? Çünki buna ehtiyac duyulmayıb.
"Ehtiyac" olmayan yerdə isə nə növbə olar, nə də "növbələşmə".

Biz indi müstəqil dövlətik!
Biz indi də varlı xalqıq!

Bizdə hər şey var: sərvət də, müstəqillik də, mədəniyyət də, o cümlədən növbə də... Növbə bizdə kasıbçılığın yaratdığı zərurət yox, bolluğun fəsadıdır.
Özü də çox mədəni olan bizlərdə bu növbə mədəniyyətsizliklə təzahür edir. Faciəmi? Əlbəttə, yox!

Növbə mədəniyyətsizliyi "o biri yoxların" yoxluğu ilə müqayisədə çox rahat bir dərddi. Ancaq istənilən halda hər şeyi olan xalqın yaşam tərzində nəyinsə çatışmaması bir az naqolay...

Odur ki, birinci elə bu mədəniyyətsizlikdən başlayırıq – sonra o biriləri barədə söz açarıq. Deməli, belə:

- Növbə mədəniyyətsizliyindən xilas olmaq üçün, ilk növbədə, növbənin özünə hörmətlə yanaşıb, hər şeyi növbə ilə də davam etdirək, onu-bunu qabağa salmaq təklifləri olmasın – növbə məsələsində hörmətsizliyin birincisi elə bu!

- Növbə mədəniyyətsizliyi ona görə cəmiyyətdə ayaq tutub yeriyib ki, biz yenə də, ilk növbədə, ev növbəsində nəzərdə tutulan, müəyyənləşdirilən qaydaları pozmuşuq.

- Növbə mədəniyyətsizliyinin ilkin şərti səndən öncəkindən irəli düşmək cəhdi və buna nail olmaqdır.

Yaşam tərzimizdən başlanan növbə mədəniyyətsizliyi sonradan məişətimizdən rəsmiyyətimizə qədər nüfuz edib.
Sonra pal-paltar, ərzaq, çörək alanda və daha sonra maşın sürəndə, küçəni keçəndə...

Svetofor maşına icazə verdiyi halda, piyada qabağa düşmək istəyib və biz nadir ölkəyik ki, maşını piyada vurub, qatarı da maşın. Sonra belə-belə, bir-birimizdən qabaq düşmək üçün hər şeyi pozmuşuq və bunun da adını qoymuşuq mədəniyyətsizlik!

Növbə mədəniyyətsizliyi bütün digər "olmayanlar"la bərabər ən faciəlisidir. Çünki ilk növbədə pozulan hüquqlardı, hisslərdi, sonra da şərəf və ləyaqət. Bu həm də xalqına hörmətsizlik, ona qarşı mədəniyyətsizlik nümayişidir!

Belə halda ortaya təzadlar və suallar çıxır:

- Axı öz xalqının səninlə bir sırada duran nümayəndəsinə nə üzlə "sən dərdlərinlə, sevincinlə bir yerdə mənim vecimə deyilsən, mənim istəklərim səndən də, mentalitetin müəyyənləşdirdiyi yaşam prinsiplərindən də üstündür" mesajını verir, öz rahatlığın, nəfsin üçün irəli düşməkdən ötrü əda göstərirsən?

- Sən özünü növbəyə layiq bilməyəndə mədəniyyətsizlik etdiyinin fərqində deyilsənsə, sənə hansı diqqət və sayğıdan söhbət gedə bilər?

- Sən "no-xoroşo" bilməyən dəmiri öz hərəkətinlə təhlükəyə təhrik edəndə, bilmirsənsə ki, insan dəmirdən gücsüzdür, onda sənin anlamamaq mədəniyyətsizliyin niyə təqdir olunmalıdır?

- Sən niyə saatlarla sıra nəfəri olanlara özünün "seçilmiş"liyini göz dağı edirsən, bir halda ki, özünü uca bildiyin mənsəblərdə o sıra nəfəri saydıqlarından da miskinsən?

- Axı sən niyə çörəyi səndən irəlidə durandan daha tez aparıb tox balana yedirtmək (bəlkə, səndən irəlidə duranın Allah bilir neçə gündən sonra əlinə pul gəlib ki, çörək almağa növbəyə dursun) istəyirsən? Kim verib bu haqqı sənə?

- Sən niyə yolu istədiyin kimi növbəsiz keçməklə yolkəsənlik edir, tanımadığın kimsənin yolunu kəsirsən – o yol ki, onu ailəsinə, gələcəyinə aparır?!

- Axı sən kimsən? Təkcə mədəniyyətsizmi? Yox! Həm də düşmən – xalqın əxlaqının, xalqın ənənəsinin, xalqın gələcəyinin düşməni.


Növbə mədəniyyətsizi, bəlkə, düşünəsən? Axı öz millətini aldadıb (evdə xəstəm var, nə bilim sığışmırıq, gecikirik tipli bəhanələr) bir addım irəli düşməyin millətlə birgə bir addım irəli düşməkdən fərqi çox böyükdü. Növbə mədəniyyəti yeganə mədəniyyətdir ki, burada xalqın qədimliyinin və dövlətin müstəqilliyinin gənc olması heç de önəm daşımır.

Növbə mədəniyyəti yaşamın qarantıdı. Bu mədəniyyət varsa, bir-birini irəli salmaq, yola vermək var. Yoxdursa, deməli, qədim də olsan, ulu da olsan ölümə məhkumsan. Cavan olsan, itirəcəksən.

Hər halda mədəniyyət növbədən başlayır.

Yola piyada başlayanda da mədəniyyətlə başlamalı ki, növbə ilə hər işi görüb mənzil başına çata biləsən. Bilirsən hansı MƏNZİLi deyirəm? Məhz o mənzili deyirəm ki, orada növbəsizlikdir. Əgər bacarırsansa, o mənzilə də növbəsiz can at...

lent.az