Xəzinədarlıq İdarəsinin yeni binası istifadəyə verildi

Bu gün Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 6 saylı Xəzinədarlıq İdarəsinin yeni inzibati binasının açılış mərasimi keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, mərasimdə iştirak edən maliyyə naziri Samir Şərifov açılış lentini kəsərək inzibati bina və burada yaradılmış iş şəraiti ilə tanış olub.

Bildirilib ki, müasir standartlara uyğun inşa olunan inzibati binada normal iş fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binada bütün otaqlar kompüter və ən müasir zəruri avadanlıqlarla təmin edilib ki, bu da büdcə təşkilatlarına göstərilən xəzinə xidmətinin kefiyyətini və operativliyini artırır.

Qeyd olunub ki, 6 saylı Xəzinədarlıq İdarəsi qırxadək büdcə təşkilatlarına xidmət göstərir.
Açılış mərasimində çıxış edən S.Şərifov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən iqtisadi siyasət nəticəsində ölkə miqyasında aparılan böyük tikinti-quruculuq işləri bütün sahələri əhatə edir.

Nazir qeyd edib ki, son illərdə Maliyyə Nazirliyi əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması, eyni zamanda, nazirliyin tabeliyində olan qurumların müstəqil inzibati binalarla təmin olunması istiqamətində ciddi işlər görülüb.

Kollektivi yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə təbrik edən S.Şərifov əmin olduğunu bildirib ki, öz növbəsində, idarə əməkdaşları qarşıya qoyulan vəzifələri daha yüksək səviyyədə həyata keçirəcəklər.

AzNews.az