Xodorkovskinin təzə törətdiklərindən

Mixail Xodorkovskiyə rus mediasının xidməti


Ötən yazımda mən medianın nankorluğu məsələsinə toxunmuşdum. Mixail Xodorkovskinin türmədən buraxılması bu məsələyə öz cizgilərini vurdu.

Gərəkəndə yetərincə qorxudulan Rusiya Mediası, yadınızdadırsa, hər imkan düşəndə Xodorkovskidən pozitiv çalarlarda yazırdı. Hərçənd Putinin təbliğat maşını onu gözdən salmaq üçün yetərincə güclü faktlara əl atırdı: YUKOS-la bağlı qətl faktlarına, vergidən yayınmalara və s.

Həmin suçlamalara isə Xodorkovskipərəst medianın cavabı beləydi: kriminal 90-cı illərdə hansı kapital məsum mentalitetlə yığılmışdı?!

Xodorkovskinin bütün həbs dövrlərində hər fürsət düşən kimi jurnalistlər Putindən soruşurdular: haçan buraxacaqsınız? Media hər fürsət düşəndə informasiya bəhanəsi ilə Xodorkovskinin məsum təbəssümlü mənəvi üzünü ekranlara çıxarırdı. Beləcə, Rusiyada Putin rejimi ilə sıx bağlı olan media imkan düşdükcə Putinə xəyanət edirdi.

Sovet mediasından, Kuba, Quzey Koreya mediasından belə "nankorluğu", "xəyanəti" gözləmək olardımı?! Olmazdı!. Müəyyən həddəcən azadlığı olan medialarda isə yaşadıqları rejimə "xəyanətlər", nankorluqlar normal haldır. Mən bu normal halı ona görə deyirəm ki, siyasi elita müəyyən sərbəstliyi olan mediadan "nankorluğu" görəndə qəzəblənməməlidir, bu nankorluğa öyrəşməli, medianın oyun qaydası kmi baxmalıdır.

Gizli diplomatiya

Xodorkovskinin buraxılması bir məsələni də qabartdı: gizli diplomatiya məsələsini. İndi demək olar ki, hamı keçmiş oliqarxın buraxılmasını Almaniyanın keçmiş Xarici İşlər naziri Qenşerin xəlvət apardığı danışıqlarla bağlayır. Ancaq deyəsən, çoxları unudub ki, bir neçə ay qabaq Moskvaya Putinlə görüşə Almaniyanın 95 yaşlı keçmiş kansleri Helmut Şmidt gəlmişdi.

Bu adamın ölkəsində nüfuzu elə böyükdür ki, telekanallar yalnız ona studiyada siqaret çəkə-çəkə danışmağa icazə verirlər. Yadınızdadırsa, Şmidti Putin dəhşətli mehribançılıqla, sayğılarla qarşılamışdı. İndi ağlıma gəlir ki, bəlkə də, Helmut Şmidtin Moskvaya gəlməsinin başlıca amacı Xodorkovski idi, çünki o zaman görüşlə bağlı verilən bilgilərdən heç cürə görünmürdü ki, bu qocanı nə çəkib Moskvaya gətirib. Almaniya Rusiya münasibətlərinin göstərilməsi nəsə ciddi təsir bağışlamırdı.

Gizli diplomatiya və konspirologiya

Sözsüz siyasətdə gizli nəsnələr çox olur. Bu söhbəti mən oxucularımız üçün ona görə aparıram ki, Azərbaycanda siyasi bilinc (şüur) konspiroloji miflərə meyllidir. Siyasətdəki gizlilər isə çox vaxt belə miflərə ayaq vermiş olur. Ancaq konspiroloji miflər odur ki, guya romanın qurulmuş süjeti kimi hansı güclərsə tarixə öz ssenarilərini verib onu apara bilərlər. Yadınızdadır yapon domino prinsipi? Orada fiqurlar elə düzülür ki, birinci daş yıxılandan sonra o biriləri də yıxıla-yıxıla çox mürəkkəb trayektoriyalar cızırlar. Konspirolojilik yapon dominosu prinsipində tarixi qurğular biçimində düşünməkdir. Məsələn, Xodorkovskinin buraxılmasını konspiroloji konsepsiyada modelləşdirsək, gərək illərlə onun nə yapacaqlarını irəlicədən qurulmuş sayaq. Halbuki Putin zəifləyəndə onun nə edəcəyini, necə öc, intiqam alacağını bir Allah bilir. Bunu onun üçün deyirəm ki, Sosial şəbəkədə Rusiya kəşfiyyatının gizli əməliyyatlarından bir yazı yayılanda tanışlarımdan biri bəndənizi qınamışdı ki, bəs siz deyirsiniz, belə fraklar konspirologiyadır, deməli, yanlışdır? Yox, mən onu demirdim. Sözsüz, Rusiya Ermənistanla Azərbaycanın arasındakı gərginliyin indidən daha çox olmasını istəsə, min bir iş görə bilər. Bu konspirologiya deyil. Ancaq kimsə bu gərginliyin artan xətlə getməsini uzunmüddətli, çox aktyorlu ssenaridə versə, bu olacaq konspirologiya.

Adi gizliliklər

Elə-belədə isə dövlətlər arasında saysız xəlvət anlaşmalar, danışıqlar olur. Bir dövlətin lobbisi gizli söz-söhbətlərlə o biri dövlətin siyasətinə, qanunvericiliyinə etgi yapa bilər. Yeri gəlmişkən: ABŞ-da yuxarı çevrələrdə fırlanan bir xeyli adamın qazancı ya lobbi kimi, ya vəkil, ya məsləhətçi kimi qıraq ölkələrə göstərdiyi xidmətdən doğur. Bu durumda, məsələn, ABŞ-də Azərbaycana lobbiçilik etmək istəyən adamlarla bağlı ilk düşüncəmiz o olur ki, ermənilərdən zəhlələri gedir, bizi sevirlər. Əslində isə çox vaxt başqa cür olur: adam görəndə ki, ermənilərə lobbi qulluğunda bütün yerlər tutulub, Azərbaycana xidmətini (və sevgisini) təklif edir.

Azərbaycan elitasından, beləcə, Gürcüstandan, Türkiyədən qazanan adamları təsəvvür etmək çətindir. Amerikada isə başqa ölkələrə qulluğa görə baxın, nə qədər perspektivlər var və bu mənada nə qədər iş yerləri var. Dünyanın siyasi, iqtisadi mərkəzi olmaq vətəndaşlara əlavə qazanc məkanları verir. Necə ki, moskvalıya yaxşı yerdə olan mənzili Bakıdakından qat-qat çox xeyir verə bilər. Məsələ belə sadədir. Onu konspirologiyanın mistik dumanına salmağa dəyməz.

teleqraf.com