- Köhnə - Cəmiyyət
- 25 Fevral 2014 11:20
- 4 665
Milli Məclisdə bir dəqiqəlik sükut: Xocalı qurbanları yad edildi

Parlamentin plenar iclası Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki,1992-ci il fevralın 26-da Xocalı şəhərində baş verənlər təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir: "Biz əminik ki, heç bir cinayət cəzasız qalmayacaq. Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonu işğaldan azad ediləcək, Xocalı soyqırımının günahkarları isə layiqli cəzalarını alacaqlar".
Spiker bildirib ki, Milli Məclisin qərarına əsasən, 26 fevral Xocalı soyqırımı günü kimi qeyd edilir. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra isə bu soyqırımın dünyada tanıdılması sahəsində böyük işlər görülüb. Onun sözlərinə görə, artıq bir neçə beynəlxalq təşkilat və dövlət tərəfindən Xocalı soyqırımı ilə bağlı mühüm sənədlər qəbul edilib.
Qeyd edək ki, plenar iclasda Azərbaycanda səfərdə olan Latviya parlamentinin Latviya-Azərbaycan dostluq qrupunun üzvləri də iştirak edirlər.
İclas davam edir.
AzNews.az