Nərimanovda Xocalı qurbanları anıldı- FOTOLAR

Nərimanov Rayon İcra Hakimiyyətində bütövlükdə bəşəriyyətə qarşı törədilmiş tarixi cinayət olan Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş faciə qurbanlarının xatirəsini anma mərasimi keçirilib.

Mərasimdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri rayonun ərazisində məskunlaşmış Xocalıdan olan məcburi köçkün və şəhid ailələri və nəhayət, Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş 25 nəfər gənc iştirak edib. Əvvəlcə, Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Xocalı faciəsi haqqında ətraflı məlumat verərək bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib.

A.Fərzəliyev deyib ki, Xocalının yer üzündən silinməsində keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayı da yaxından iştirak edib, şəhərin dinc əhalisinə divan tutulmasında canfəşanlıq göstərib, nəticədə görünməmiş vəhşiliklər törədilib. Bu qanlı faciə zamanı dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib, meyitlər təhqir olunub, 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Qadınlar, qocalar, uşaqlar, hətta südəmər körpələr qəddarlıqla qətlə yetirilib, süngüdən keçiriliblər.

Natiq, çıxışında Xocalı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün dövlətimizin bütün zəruri addımları atdığını qeyd edib. Xüsusi olaraq vurğulanıb ki, bu sahədə məqsədyönlü fəaliyyət Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Onun təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı "Xocalı soyqırımı günü" elan edilib. Heydər Əliyevin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü. O, hər il faciənin ildönümündə bu qanlı qətliamın bütün azərbaycanlıların qan yaddaşına çevrildiyini daim vurğulayıb. A.Fərzəliyev Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımı haqqında həqiqətlərin artıq beynəlxalq ictimaiyyət tərəfindən tanınmaqda olduğunu xüsusilə vurğulayıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Adil Əliyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasət, erməni qəsbkarlığının ifşası üzrə yönəlmiş uğurlu addımlar bəhrəsini verməkdədir. Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymətini alması məsələsi dövlət siyasətinin mühüm istiqamətini təşkil edir.

Daha sonra çıxış edən Xocalıdan olan şəhid ailəsi Brilliyant Hacıyeva Xocalıda erməni vandalları tərəfindən törədilən qətliamın canlı şahidi olduğunu və bunu tarixdə ən dəhşətli faciə kimi qiymətləndirib. B.Hacıyeva bütün qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə əlillərinin, o cümlədən də Xocalı sakinlərinin ötən müddətdə hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını vurğulayaraq ölkəmizin daim yüksələn xətlə dinamik inkişafı və bu istiqamətdə dövlətimizin başçısının rəhbərliyi altında aparılan geniş quruculuq işlərinin daha böyük nəticələrin əldə ediləcəyinə ümidləri daha da artırdığını söyləyib.

Mərasimdə Azərbaycanın haqq səsinin eşidiləcəyinə, ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcəyinə, Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarına çatacağına, Azərbaycan xalqının işğal altındakı bütün torpaqlarını yağı düşməndən tezliklə azad edəcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə olunub.

Anım mərasimi rayonun bir qrup gənc tələbələrinin hazırladığı Xocalı soyqırımına həsr olunmuş və burada törədilən dəhşətləri əks etdirən ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Sonda Rayon İcra Hakimiyyəti tərəfindən Xocalıdan olan şəhid ailələrinə və Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş 25 nəfər gəncə birdəfəlik maddi yardımlar göstərilib.

AzNews.az
image description image description image description image description image description image description image description