“Bank of Baku” kimindir?- Rafiq Əliyev səhmdarlar arasında

Dünən MTN-nin "Bank of Baku"da əməliyyat həyata keçirməsi ilə bağlı xəbərlər yayılsa da, daha sonra Bank informasiyanın doğru olmadığını açıqlamışdı.

Lakin günün sonunda məlum oldu ki, MTN "Bank of Baku"da həqiqətən əməliyyat keçirib və bankın rəhbərliyinin həbsi ilə bağlı yayılan xəbər də doğrudur.

Bu barədə hələ ki, rəsmi açıqlama olmasa da, yaxın günlərdə rəsmi mənbələrin "Bank of Baku"da baş verənlərlə bağlı ictimaiyyətə geniş məlumat verəcəyi də gözlənilir.

Bu arada dünəndən mətbuatda həmçinin "Bank of Baku"nun kimə məxsus olması ilə bağlı yazılar dərc olunur. Qeyd olunur ki, Bank Rza Zərrabın bacısının əri Şahrama məxsusdur. Lakin bu gün redaksiyamıza bankın səhmdarları ilə bağlı rəsmi sənədlər daxil olub. Həmin sənədlərdə bankın kimə məxsus olması öz əksini tapıb. Həmin sənədlər ötən ilin maliyyə hesabatlarını özündə əks etdirsə də, bankın saytında səhmdarların kim olması ilə bağlı bölmənin informasiyası silinib.

"Qafqazinfo"ya istinadən bankın İdarə Heyətinin sədrinin 2013-cü il aprelin 18-də təsdiq etdiyi maliyyə hesabatlarını təqdim edirik:

Məlum olur ki, Bankın səhmdarları 40 faiz payla "NAB Holdinq" şirkəti, 28,89 faiz payla "Azpetrol" neft şirkəti, 11,22 faiz payla Rafiq Əliyev, 10 faiz payla Bankın Müşahidə Şurasınn sədri Elçin Isayev və 9, 89 faiz payla "AZİNVEST" MMC-yə məxsusdur. Daha sonra həmin hesabatda qeyd olunur ki, "NAB Holding"ə Nader Mohaghegh Oromi, Bahram Mohaghegh Oromi və Şahram Mohaghegh tərəfindən nəzarət edilir. Azpertol şirkətinin son səhmdarı isə Məmmədov İbrahim göstərilib.

Qeyd edək ki, "Azinvest" MMC-nin rəhbəri də sabiq nazir Fərhad Əliyevin qardaşı Rafiq Əliyevdir.

Bankın 40 faiz payla səhmdarı olan NAB Holdinqin adı isə tez-tez mətbuatda iranlı iş adamı və ötən həftə azadlığa çıxan Rza Zərabla hallanır.




AzNews.az