Prezident: “Heç kim bilmir ki, onlar yığdıqları pulları kimə ötürür“

"Şəhərdə küçələrdə əlində çubuq parkinqlə məşğul olan tənzimləyiciləri görmək bizə yaraşmır".

Bu sözləri Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda Azərbaycan Prezidenti İlham Əliyev deyib.

"Bakıda yeraltı parkinqlər tikilibdir. Bu da tıxac probleminin həllinə bir dəstəkdir. Yerüstü parkinqlər də yaradılmalıdır. İnkişaf etmiş şəhərlərdə olduğu kimi, bizdə də yaxın aylarda küçələrdə parkinq avtomatları quraşdırılacaqdır ki, insanlar maşınlarını orada rahat park edə bilsinlər. Bu sahədə də şəffaflıq təmin edilməlidir.

Bakı gözəl, müasir, inkişafda olan şəhərdir. Əlbəttə ki, inkişaf etmiş ölkələrdə heç bir şəhərdə küçələrdə əlində çubuq parkinqlə məşğul olan tənzimləyiciləri görmək mümkün deyildir. Bu, bizə yaraşmır, yaraşmaz. Özü də heç kim bilmir ki, onlar harada işləyirlər, yığdıqları pulları hara verirlər, kimə ötürürlər. Mən başa düşürəm ki, indi yerüstü parkinq olmadığı üçün bunların sürücülərə köməyi dəyir. Bunu başa düşürəm. Ona görə hesab edirəm ki, biz təmkinli olmalıyıq. Amma normal, şəffaf park avtomatları quraşdırılandan sonra əlbəttə ki, əlində çubuq olan vətəndaşları biz gərək digər işlərlə təmin edək", - İlham Əliyev deyib.

AzNews.az