İnsan alveri ilə bağlı hesabat açıqlanacaq

"Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyi mayın 6-da "Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə" ilə bağlı mühüm sənədlərin qəbul olunmasının on illiyinə həsr edilmiş tədbir keçiriləcək.

Birliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, yığıncaq ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi və Kaunterpart İnterneşnl tərəfindən icra edilən Qadın İştirakçılığı Proqramının maliyyə yardımı çərçivəsində baş tutacaq.

Toplantıda "İnsan Alverinə Qarşi Mübarizə: səylər, addimlar, nəticələr (2004-2014)" adlı tədbirdə Azərbaycanda on il ərzində insan alverinə qarşı aparılan mübarizənin əhəmiyyəti və nəticələri, habelə insan alverinə qarşı mübarizənin həyata keçirilməsində göstərilən səylər və atılan addımlar müzakirə olunacaq.

Tədbirdə dövlət orqanlarının əməkdaşları ilə yanaşı, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin və beynəlxalq təşkilatların nümayəndələri, habelə mətbuat və QHT təmsilçiləri iştirak edəcək.

İclasda "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyi tərəfindən hazırlanmış "Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizə üzrə Milli Faəliyyət Planının (2009-2013) icrasına dair" hesabatın təqdimatı da olacaq. Sonda hesabat ətrafında müxtəlif dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri çıxış edəcəklər.

AzNews.az