Yardımlı-Deman-Arvana yolu - Tikinti mayın sonunadək yekunlaşacaq - FOTOLAR

Dağlıq Yardımlı rayonunda ucqar yaşayış məntəqələri ilə nəqliyyat əlaqələrinin asanlaşdırılması və yerli sakinlərin rayon mərkəzinə gediş-gəlişinin təmin edilməsi üçün yol infrastrukturunun yenidən qurulması tədbirləri davam etdirilməkdədir.

AzNews.az xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin 2013-cü il 21 fevral tarixli sərəncamı ilə tikintisinə başlanılan və ölkə başçısının iştirakı ilə ötən ilin sentyabrında 20 kilometrlik məsafəsi istifadəyə verilən Yardımlı-Deman-Arvana avtomobil yolunun qalan 26 kilometrik hissəsinin çəkilişi böyük vüsət alıb.

13 min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən 46 kilometrlik yolun bir hissəsi başa çatdırılsa da, qalan hissəsinin keçilməz olması sakinlərin xüsusən qış aylarında əziyyətinə səbəb olurdu.

Hazırda yerdə qalan və 4 kəndin əhalisinin istifadə edəcəyi yolda torpaq qatının bərkidilməsi, isti asfaltın çəkilişi işləri davam etdirilir. "TECHNO-İNŞAAT" MMC-nin inşaatçıları tərəfindən qurulan yolun eni 10 metrdir. Bunun 6 metrini asfalt örtüyü, 4 metrini isə tikilmiş çiyin hissələri əhatə edir. Yolboyu 26 su keçidi quraşdırılıb.

Yardımlı Rayon İcra Hakimiyyəti aparatından verilən məlumata görə, Deman, Arvana, Avaş və Qarovuldaş kəndlərini birləşdirəcək yolun tikintisi mayın sonunadək tam başa çatdırılacaq. Bu isə nəticə etibarilə rayon mərkəzinin kəndlərlə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasına, həmçinin iqtisadiyyatın və turizmin inkişafına səbəb olacaq.

AzNews.az
image description image description image description image description image description image description image description