“Partiyanın idarəçiliyinə yeni şəxslər cəlb olunacaq” “Partiyanın idarəçiliyinə yeni şəxslər cəlb olunacaq”

Arif Hacılı "təmizləmə" mesajını verdi- Yeni başqanın ilk müsahibəsi

“Partiyanın idarəçiliyinə yeni şəxslər cəlb olunacaq”

Müsavat Partiyasının yeni başqanı Arif Hacılının AzNews.az-a müsahibəsi:

-Başqanlığa namizədliyinizi irəli sürəndə seçiləcəyinizi bilirdiniz?

-Demokratik seçkilər keçirilərkən, təbii ki, onun nəticələrini öncədən bilmək mümkün deyil. Amma mən partiya strukturlarına bələd olduğuma görə, eyni zamanda qurultay nümayəndələrinin dünya görüşünü nəzərə alaraq, qalib gələcəyimi düşünürdüm.

-Başqanlıq etdiyiniz müddətdə partiyaya hansı yenilikləri gətirəcəksiniz?

-Bu illər ərzində partiya strukturlarında bir neçə vakant yer yaranıb. Çünki 2010-cu ildən bu yana qurultayın keçiriləcəyini gözləyirdik, ona görə də vakant yerlərə seçim və təyinat etmirdik. Vakant yerlər müavinlər sırasında, Divanda, Mərkəzi İcra aparatındadır. Bundan başqa partiyada işini müxtəlif səbəblərdən əvvəlki intensivlikdə davam etdirə bilməyən adamlar var. Mərkəzi Nəzarət Təftiş Komissiyasında (MNTK) müəyyən çətinliklər yaranıb. Qurultaydan sonra bütün strukturlar formalaşacaq, yeni strukturlar da yaranacaq. Bundan başqa partiyanın idarəçiliyinə yeni şəxslər cəlb olunacaq. Həmin adamlar bundan əvvəl Müsavatda fəaliyyət göstərmiş şəxslərlə birlikdə partiyanın çevik və dinamik fəaliyyətini təmin edəcəklər.

-Namizədlərdən biri seçkinin nəticələrindən narazıdır və o, sizin adınız çəkməsə də, sizi ittiham etdi. Bu şəxslərlə siyasətinizi necə quracaqsınız?

-Demokratik seçki keçirilən zaman belə fikirlər səslənir. Hesab edirəm ki, bu fikirlər seçki kampaniyası kontekstində səsləndirilən fikirlərdi. Müsavat demokratik təşkilatdır, yeganə partiyadır ki, onun müvafiq strukturlarında hər hansı qərarlar qəbul edildikdən sonra belə, həmin qərarlara qarşı çıxmaq, açıq şəkildə tənqid etmək nizamnamə pozuntusu sayılmır. Bu baxımdan düşünürəm ki, səsləndirilən bu fikirlər plüralizmin bir təzahürüdür.

-Qurultay nümayəndələri niyə yenidən seçilmədi? 4 illik qurultay nümayəndələri ilə seçkiyə qatılmaq narazılıq yaradıb. Bu cür gedişatın sizin maraqlarına xidmət etdiyini deyirlər...

-Əslində, bu nümayəndələr VIII qurultayın keçirilməsi üçün seçilmişdi. Bu da Müsavat Partiyasının nizamnaməsinə və reallığa uyğundur. Qurultay bağlı iradlarla da bölüşmürəm.

-Müsavatdan istefa verənlərin geri qayıtması üçün hansı addımları atacaqsınız?

-Buna cavab vermək çətindir. Çünki qərar qəbul etmək hər kəsin müstəsna hüququdur. Partiyada uzun illər fəaliyyət göstərmiş adamlar var, onların partiyada fəaliyyətlərini azaltmalarının müxtəlif motivləri var. Bəzi adamlar yorulub, bəzilər öz şəxsi həyatında yaranmış problemlərlə bağlı əvvəlki intensivlikdə fəaliyyət göstərə bilmir. Ona görə biz partiyada bu illər ərzində fəaliyyət göstərmiş hər kəsə təşəkkür edirik. Müsavat Partiyasından kimlərinsə uzaqlaşmasını və ya fəaliyyətlərini azaltmalarını istəmirik. Çalışacağıq ki, partiyanın resurslarını artıraq, Azərbaycan cəmiyyətində rolunu gücləndirək. Partiyada əvvəllər olmuş şəxslər siyasi perspektivlərin olduğunu görsələr, düşünürəm ki, bu, onların partiyada fəallıqlarını bərpa etmələrinə stimul verəcək.

-İsa Qəmbərin partiyada nüfuzunu nəzərə alaraq, sizin azad manevr etmək imkanlarınız nə qədərdir?

-Başqanlığım dövründə demokratik azadlıqlar daha da genişləndiriləcək.

-İddia edirlər ki, İsa bəy başqanlıqdan getsə də, qərarlara müəyyən qədər təsir edəcək...

-İsa bəy Azərbaycanın ən ciddi ictimai-siyasi xadimlərindən biridir, kifayət qədər ciddi nüfuza malikdir. Müsavatın strukturlarında da mütləq nüfuza malikdir. Ona görə də İsa Qəmbərin partiyanın qəbul edəcəyi qərarlarına təsir etmək imkanları bundan sonra da qalacaq. Bu, təbiidir.

-Müsavat Partiyasındakı seçkini Rusiyanın prezidenti Vladimir Putinlə baş nazir Dmitri Medvedevin yerdəyişməsinə bənzədiyini deyənlər də var. Yəni, İsa Qəmbər nizamnamənin tələblərini poza bilməzdi, Sizin başqan olmanıza çalışdı ki, 2018-ci ildə yenidən başqan olsun. Bu barədə nə deyə bilərsiniz?

-Belə paralel aparmağa əsas yoxdur. Faktiki olaraq, mən bütün seçki kampaniyası dövründə aparılan mövcud siyasətin düzgünlüyünü və bu siyasətə istinadən bundan sonra da fəaliyyət göstərəcəyimizi, cari siyasətimizdə müəyyən dönüş yaradacağımızı bəyan etsəm də, bu siyasətin başında duran İsa Qəmbər namizədliyimi müdafiə etməsi barədə hər hansı bir açıqlama verməmişdi. Qurultay günü də açıqlama vermədi. Partiya başqanlığına namizədlər İsa bəyin kimə üstünlük verdiyini bilmirdilər. Gizli səsvermə zamanı da İsa bəyin kimə səs verdiyi bilinmədi.

-Qurultayda qalib açıqlanandan sonra çıxışında kimə səs verdiyi bəlli idi...

-İsa Qəmbəri yaxından tanıyan adam kimi onun bu məsələlərə nə cür yanaşdığını bilirəm və obub kimə səs verdiyini təxmin edirəm. Bir daha qeyd edirəm ki, İsa bəy bu məsələ ilə hər hansı açıqlama vermədi.

-Yeni Azərbaycan Partiyası (YAP) ilə münasibətlərinizdə hər hansı yenilik olacaqmı?

-Müsavatın iqtidarla münasibətlərində sabit mövqeyi var. Biz bugünki iqtidara müxalifət mövqeyindəyik. Azərbaycanda demokratik cəmiyyətin qurulması, azad və adələtli seçkilərin keçirilməsi, fundamental insan haqlarının təmin olunması istiqamətində bu hakimiyyəti əsas maneə hesab edirik. Ona görə də hakimiyyətə qarşı mübarizə aparırıq. Təəssüf ki, Azərbaycan hakimiyyəti öz siyasətində hər hansı dönüş yaratmaq niyyətində deyil. Hakimiyyət müxalifəti ölkənin siyasi sisteminin tərkib hissəsi kimi qəbul etmir. Yaranmış gərginliyin səbəbi budur.

İqtidar-müxalifət münasibətlərinin bu şəkildə olmasının səbəbkarı müxalifət deyil, hakimiyyətdir. Hakimiyyət müxalifətə qarşı mövqeyini dəyişsə, təbii ki, iqtidar-müxalifət münasibətlərində də dönüş yarana bilər. Bu baxımdan seçim etmək imkanları hakimiyyətə məxsusdur.

-Bəs müxalifət partiyaları ilə münasibətiniz hansı səviyyədə olacaq?

-Bu məsələdə də Müsavatın apardığı siyasətin hər hansı rolu yoxdur. Partiyalarla müttəfiqlik münasibətlərinin tərəfdarıyıq, bu istiqamətdə daim çalışmışıq. AXCP, KXCP, Nida Vətəndaş Hərəkatına və bir sıra ictimai təşkilatlara və birliklərə müttəfiqlik münasibətləri təklif etmişik. Bir sıra partiyalar var ki, onlarla funksional əməkdaşlıq edirik. Əgər digər müxalifət partiyaları Müsavatla bərabər hüquqlu müttəfiqlik münasibətləri qurmağa səy göstərsələr, biz buna müsbət yanaşarıq.

Başqan olaraq, digər partiyalarla Müsavatın münasibətinin yaxşılaşdırılmasına bir daha cəhd etmək niyyətindəyəm.

-AXCP Müsavat başqanlığına namizədlərdən Qubad İbadoğlunu dəstəklədiyini dolayı yolla ifadə etmişdi, amma Siz seçildiniz. Buradan belə nəticə ortaya çıxır ki, iki partiya arasında intriqalar davam edəcək...

-Müsavat Partiyasının başqanını üzvlər seçir, partiyanın iradəsi ilə başqan seçilmişəm. Partiyanı müsavatçıların iradəsinə uyğun olaraq idarə etmək, daxili və xarici siyasəti üzvlərin iradəsi əsasında müəyyənləşdirməliyəm. AXCP ilə münasibətim ondan ibarətdir ki, o, partiya müxalifət partiyasıdır. Xalq Cəbhəsi ilə müttəfiqlik münasibətlərimiz mümkün olmasa belə, fəaliyyətimizi koordinasiya etmək, uzlaşdırmaq istiqamtində təkliflər vermək niyyətindəyəm.

Müsavatda gedən seçkilərlə bağlı onların mülahizəlinə gəldikdə isə, buna hörmətlə yanaşıram. Ola bilər ki, Xalq Cəbhəsində olan şəsxlərin bəziləri mənim yox, başqa bir namizədin başqan olmasını daha məqsədəuyğun hesab ediblər.

-Kütləvi aksiyaların keçirilməsi bağlı nə deyə bilərsiz?

-Yalnız siyasi aksiyalar deyil, bütün siyasi proseslər,mövcud siyasi şəraitin diqtəsi ilə həyata keçirilir. Əgər siyasi şərait siyasi aksiyaların keçirilməsini diqtə etsə, aksiyalar keçiriləcək.

-Başqanlığa iddialı şəxslər seçki kampaniyası zamanı bildirirdilər ki, aksiyalarla, gurultulu çıxışlarla nəyəsə nail olmaq mümkün deyil, hər şeyi hüquqi müstəvidə, intellektual mübarizə yolu ilə əldə etmək mümkündür. Bir müxalifət partiyasına bu cür mübarizə nə verə bilər?

-Siyasi mübarizənin müxtəlif üsulları var. İstər hüquqi, istər küçə və meydanlarda, istərsə də parlamentdə siyasi mübarizə aparılır. Bunların birini digərinə qarşı qoymaq düzgün deyil. Həm hüquqi, həm də yeni ideyalar, konsepsiyalar, qərarlar qəbul etməklə cəmiyyətin diqqətini özümüzə cəlb etməyə çalışmalıyıq. Müəyyən problemlərə yerli və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün kütləvi aksiyalar, dəyirmi masalar, disputlar, yığıncaqlar təşkil etmələyik. Hesab edirəm ki, bu mübarizə üsullarının hamısından istifadə olunmalıdır. Ümumiyyətlə, resurslara uyğun siyasətin aparılmasının tərəfdarıyam. Yəni, resurslarımıza uyğun siyasi mübarizə üsulu seçməliyik.

İlkin PİRƏLİ
AzNews.az