Tofiq Hüseyn Tofiq Hüseyn

Qurultay siyahılar... - adımsız, adamsız

Tofiq Hüseyn



Bəri başdan deyim ki, Yazıçılar Birliyinin üzvü deyiləm və Birliyin sonuncu qurultayı barədə nəsə fikir deməyə, rəy bildirməyə əşhədü-ehtiyacım yoxdur. Hər şeydən əvvəl ona görə ki, oradakıların mənə, nə də mənim oradakılara dəxlimiz olan deyil. Dəxli olan odur ki, ədəbiyyata biganə deyiləm, gendən-genə də olsa (əyalətdə yaşayıram) ədəbi aləmdə baş verən bu və ya digər hadisə ilə maraqlanır, yazı-pozu adamı kimi yaxşıdan, yaxud pisdən təsirlənirəm. Sonuncu qurultayda da mənə təsirsiz ötüşməyən bir çox məqamlar oldu, (deyək ki, Məmməd İsmayılın çıxışı, bu çıxış ətrafında gəzişmələr), hansı ki, qeyd etdiyim kimi onlardan bəhs etmək niyyətində deyiləm. Sonuncu qurultay az qala unutmaqda olduğum xeyli əhvalatları yadıma saldı. Bu əhvalatların ən azı gənc dostalarıma maraqlı olacağını düşünüb uzaq keçmişə baş vurmaq istəyirəm.

İş elə gətirib ki, mən, yazıçıların ötüb keçənlərdə baş tutan bir neçə qurultayında demək mümkünsə, iştirak etmişəm. Qurultay nümayəndəsi kimi yox, ədəbiyyat həvəskarı kimi. Məsələn, neçənci olduğunu deyə bilmərəm, qurultaylardan biri 60-cı illərin ortalarında Elmlər Akademiyasının köhnə binasının iclas zalında keçirilirdı. Universitetin ya ikinci, ya da üçüncü kursunda oxuyurduq. Bir neçə uşaq qurultay keçirilən yerə getdik. Yadımdadır ki, o vaxt Xəlil Rza, Tofiq Bayram, Cabir Novruz və onların yaşıdları cavan oğlanlar idilər, məsələn, Kəramət Böyükçöl yaşda... Hərəsinin əl boyda 2-3 kitabı çıxmışdı. O illərdə ədəbiyyata sonsuz maraq, ədəbi qüvvələrə qayğı və diqqət cavanlarda yaxşı mənada özlərinə razılıq hissi yaratmışdı. Deyək ki, gənc şair-yazıçı o dövrdə özünü Mərkəzi Komitənin katibi səviyyəsində görürdü. Nə isə, Elmlər Akademiyasının iclas zalında arxa cərgələrdəki boş yerləri tutanda biz artıq adını çəkdiyim şairləri, hətta Anarı, Yusif Səmədoğlunu, qeyrilərini də tanıyır və onlara sözün əsil mənasında həsəd hissi ilə baxırdıq. Qurultay gedirdi. Rəyasət heyətində ağsaqqal söz ustaları, tən ortada isə Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundov əyləşmişdi.

Yazıçılar tribunaya qalxıb çıxış edirdilər. Həmin çıxışların bircəciyindən başqa heç hansı yadımda deyil. Rəhmətlik Bayram Bayramov arada qarşısındakı kağıza baxıb bir qədər həyəcanlı və bir qədər də bəlağətli çıxış edirdi. Birdən necə oldusa Mirzə Fətəli Axundovdan sitat gətirmək istədi:
- Mirzə Fətəli Axundov yoldaş demişdir ki...
Qarşısındakı kağıza baxanda rəyasət heyətində gülüş, zalda canlanma eşidib diskindi. Başa düşdü ki, "quş buraxıb", "yoldaş" sozü yerinə düşməyib. Kişi bir az da həyəcanlandı, ancaq köhnə adam idi, vəziyyətdən çıxış yolu tapa bildi:
- Mirzə Fətəli Axundov da bizim böyük müasirimizdir, yoldaş sözü ona da yaraşır.
Dedi, amma çıxışı əvvəliki axarında getmədi. Mənim o qurultayda yadımda qalan mərhum Vəli Axundovun gülüşü idi ki, o gülüş xeyli istehzalı olduğundan o vaxt mənə pis təsir eləyib yaddaşıma həkk olundu.

Bir də o yadımdadır ki, həmin qurultayda gənc yazıçılar Anar, Yusif Səmədoğlu və Cəmşid Əmirov (Mərkəzi Komitənin katiblərindən biri olan Əli Cabbaroviç Əmirovun qardaşı, həm də "Qara Volqa", "Brilyant məsələsi" kitablarının müəllifi) yanaşı oturmuşdular. Hansı qərarsa səsə qoyuldu. Hamı lehinə, onlarsa qərarın əleyhinə səs verdilər. Həmin dövrdə belə şeylər adama xeyli cazibədar görünürdü.

Növbəti qurultaylardan biri Həmkarların binasında keçirilirdi. İmran Qasımov Yazıçılar İttifaqının sədri idi. Həmişə centlmensayağı geyinər, köynəyinin boğazlığında görünən bəzəkli ipək şarf bu geyimə xüsusi yaraşıq verərdi. İmran müəllim qurultaya təbii ki, qalstuk taxıb gəlmişdi. Ulu öndər Heydər Əliyevi AHİŞ-in həyətində o qarşıladı, o da yola saldı. Marağa bax ki, (bir daha səmim- qəlbdən deyirəm ki, bu, ədəbiyyata olan maraqdan irəli gəlir) mən də Əli Bayramlıdan durub Bakıya təşrif buyurmuşdum. Əlbəttə, gəlməməli idim, amma gəlmişdim. Gəlməməli olduğumu onda bildim ki, yaxın dostlarımdan biri məni foyedə görüb yarı ərk, yarı zarafatla "bircə sən çatışmırdın, yaxşı gəlibsən" dedi. Xeyli pərt oldum. Demə allahtərəfi mənim yazılarıma həmişə qayğı və sayğı göstərən Cabir Novruz kənardan bu atmacanı eşidirmiş. Pərt olduğumu görüb dərhal yanıma gəldi, əlimi sıxıb "əlbəttə yaxşı eləyib gəlibsən, dedi, elə bura sənin yerindir, əyalətdə ədəbiyyatımıza təmənnasız xidmət edirsən"...

Uzun-uzadı məruzələrə qulaq asmaq marağında olmadım, bir az oturub aradan çıxdım. Xeyli sonra başa düşdüm ki, mənim həqiqətən yersiz gəlişimi üzə vuran dostum qurultayda öz adını hansısa siyahıda görə bilmədiyindən əsəbiləşıb, hirsini məndə soyutmaq istəyib.

Nəhayət sonuncu qurultayda şəxsən məndən ötrü maraqlı bir hadisə var ki, onu da bu qeydlərə əlavə etmək istəyirəm. Qurultaydan bir qədər sonra Azərbaycan yazıçılarının bu ali məclisdəki çıxışlarından, məruzələrdən, digər materiallardan ibarət bir toplu əlimə keçdi. On illik bir dövrdə poeziyamızın ümumi mənzərəsini əks etdirmək kmi məsuliyyətli bir vəzifəni boynuna götürən Qulu Ağsəs qardaşımızın məruzəsi sözün həqiqi mənasında məndə heyrət hissi yaratdı. Aman Allah, bu on ildə Azərbaycanda nə qədər şair meydana gəlib. Səmini deyirəm, siyahını axıra qədər oxuya bilmədim. Nəfəsim çatmadı. Qulu Ağsəs əlbəttə özünün tanıdığı, ilk növbədə isə AYB rəhbərliyinin nəzər-diqqətində olan bütün şairlərin adını siyahıya salmağa cəhd eləmişdi. Qınanmalı iş deyil, əksinə, bu məsələ fikrimcə xeyli çətin və mürəkkəb məsələdir. Adam ədəbi zövq etibarı ilə mükəmməl, siyasi cəhətdən yetkin, ab-havanı qiymətləndirmək, tutmaq tərəfdən ağıllı, diribaş, fərasət sahibi olmalıdır ki, siyahıda yanlışlığa yol verilməsin, sonradan qaldırıla bilən səs-küy təhlükəsi irəlicədən zərərsizləşdirilsin.

Heç bir şeyin mənə dəxli olmasa da, necə başa düşüləcəyindən asılı olmayaraq deyim ki, bu siyahının mənə dəxli var. İmzaların sayı bilinməyən o siyahını təsadüfən nəzərdən keçirməmişdim. İllər uzunu bütün siyahılarda olduğu kimi bu siyahıda da nə billah axtardımsa öz adımı görə bilmədim. Sonincu qurultay da bu siyahı ilə yadımda qaldı.

Tofiq Hüseyn,
Əməkdar jurnalist