Nərimanov rayonunda “Şahin” hərbi-idman oyunu keçirildi - FOTO

Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən bu gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunların “N” saylı hərbi hissəsində “Şahin” hərbi-idman oyununun rayon final mərhələsi keçirilib.



AZNEWS.AZ xəbər verir ki, yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Veteranlar Təşkilatının birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq baş tutub.

"Şahin" hərbi-idman oyununun keçirilməsində məqsəd böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarətdir.

Yarışda rayonun 21 məktəb komandası tərkibində 294 nəfər məktəbli (onlardan 84 nəfəri qızlardır) iştirak etmişdir. Yarışın nəticəсinə görə I yerə 291 saylı "Araz" Ekologiya liseyin komandası, II yerə 258 saylı məktəbin komandası, III yerə isə 212 saylı məktəbin komandası layiq görülüblər. Yarışın qalib komandası məktəblilər arasında şəhər üzrə zona birinciliyinə vəsiqə qazanıb.

Qeyd edək ki, "Şahin" hərbi-idman oyunu Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.2 "Gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi" bəndinin icrasını təmin etmək məqsədi ilə keçirilir.
image description image description image description image description image description image description image description