İran və ABŞ uranın zənginləşdirilməsi səviyyəsini azaltmaq barədə razılığa gəliblər

ABŞ və İran danışıqlarda Tehranın mövcud uran ehtiyatlarının zənginləşdirmə səviyyəsini azaltmaq üçün razılığa gəliblər.

Aznews.az xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar Səudiyyə Ərəbistanının "Al Arabiya" televiziya kanalına müsahibəsində bildirib.

"Amerika İranın nüvə ehtiyatlarının çıxarılmasını istədi, amma biz zənginləşdirmə səviyyələrini azaltmaq qərarına gəldik", - deyə o bildirib.

Nazirin sözlərinə görə, İranın nüvə ehtiyatları hələ də yeraltındadır. O, həmçinin qeyd edib ki, Vaşinqton və Tehran diplomatiyanın həll yolu olduğu qənaətinə gəliblər.

Diplomat əlavə edib ki, İran növbəti 60 gün ərzində Hörmüz boğazından keçən gəmilərə tranzit rüsumları tətbiq etməyəcək: "Boğazdakı vəziyyət müharibədən əvvəlki vəziyyətinə qayıtmalıdır. Çin də gəmilərin Hörmüz boğazından hər iki istiqamətdə rüsum tətbiq etmədən sərbəst keçidini dəstəkləyir".