Əmlak Komitəsi yeni layihə təqdim etdi

Bu gün "Jumerah" otelində Əmlak Məsələləri üzrə Dövlət Komitəsi "Bakı şəhəri üzrə daşınmaz əmlak haqqında elektrokadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi" layihəsi ictimaiyyətə təqdim olunub. Təqdimat mərasimində Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərsu, Azrəqaz, Azərenerji və digər qurumların nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib ki, layihə Dünya Bankının və Almaniya KWF bankının tövsiyələri əsasında icra olunub: "Bununla bağlı keçirilən tenderin qalibi Türkiyənin Kutsibey Harita İnşaat Mühəndislik sənaye ticarət şirkəti olub. 12 ay ərzində Bakının Sabunçu və Suraxanı rayonlarında daşınmaz əmlakın obyektləri barədə elektrokadastr bazası yaradılacaq. Sumqayıtda bu layihə artıq yekunlaşmaq üzrədir". Onun sözlərinə görə, Azərbaycan hökuməti ilə Almaniya arasında bağlanan əməkdaşlıq haqqında sazişə əsasən, Gəncə və Şəkidə bu layihə yekunlaşmaqdadır: "3 il müddətində Bakı, Sumqayıt, Gəncə və Şəkidə mükəmməl kadastr yaratmaq niyyətindəyik".

İlkin Pirəli
AzNews.az