- Köhnə - Cəmiyyət
- 21 Aprel 2015 16:43
- 57 996
“Qəbir daşlarının ölçüsü, forması necə olmalıdır?” - İlahiyyatçıların rəyi
Xəbər verildiyi kimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi qəbir daşları ilə bağlı qanun layihəsi hazırlayıb. Layihəyə görə qəbirlər adi daşdan olmalı, baş daşının hündürlüyü 50, sinəüstü daşın hündürlüyü isə 60 sm-i keçməməlidir.
Bu layihə cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq hər bir insanın böyük marağına səbəb olub, çünki Azərbaycanın şəhər və kəndlərindəki qəbiristanlıqlarda qəbir daşlarının ölçüsü, onun ətrafında aparılan abadlıq işləri, düzəldilən abidə ölü sahibinin varlı və ya kasıb olmasına birbaşa işarə vurur. Bu, isə dini kitabımız olan "Qurani-Kərimi"n ayələrinə birmənalı şəkildə ziddir. Ümumiyyətlə, bir çox xarici ölkələrdə qəbir daşlarının hamısı eyni rəngdə və eyni ölçüdə olur.
Bəs, niyə Azərbaycanda qəbir daşları belə təmtəraqlı şəkildə düzəldilir?
Bu suala cavab tapmaq üçün AzNews.az ilahiyyatçıların fikrini öyrənib.

İlahiyyatçi, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Haçı Şahin Həsənli: "Qəbir üzərində abidənin ucaldılmasına dinimiz icazə vermir. Yəni, qəbirlər sadə olmalıdır. Bu zaman təmtəraqdan, bahalı mərmər daşlarından çəkinmək lazımdır. Bunlar israf hesab olunur və dini nöqteyi-nəzərindən günah sayılır. Qəbirlərin üzərində sadə bir əlamət qoyulmalıdır. Mərhumun adı qeyd oluna bilər ki, yaxınları onu ziyarət edə bilsin. Misal üçün, Türkiyə və İran kimi müsəlman ölkələrində qəbirlər çox sadədir. Orada hansısa bir bahalı qəbir daşından istifadə olunmur və abidə ucaldılmır. Qəbirlərin standartlaşması ilə bağlı biz həmişə insanlara tövsiyyə vermişik. Amma bəzən elə məsələlər var ki, tövsiyyə ilə həll olunmur. Bu problemin müəyyən qanunvericiklə bağlı tənzimlənməsinə ehtiyac duyulur. Düşünürəm ki, bu təşəbbüs müsbət dəyərləndirilməlidir. Əgər qanun qəbul edilsə, hamı məcburən o standartlara əməl edəcək. Düzdür, qəbiristanlıqlarda ziyarətgahların, məscidlərin tikilməsi halları var, ancaq bunlar istisnadır, çünki görkəmli şəxslərin qəbirləri fərqlənməlidir. Amma hər bir insanın qəbiristanlıqda heykəl qurub, abidə ucaltması dini baxımdan düzgün deyil".
rfg.gif)
Sumqayıt Şəhər Cümə Məscidinin axundu Hacı Rauf Sərdarov: "Qəbirlərin üstünün bahalı daşlardan hazırlanmasını islam dini qəbul etmir, çünki bu, israfçılıqdır. Hər bir mərhuma sadə formada baş daşı qoyulmalıdır. Biz bilirik ki, bu gün 100 min manatadək baş daşları var. Anlaya bilmirik ki, bu cür bahalı baş daşı kimə lazımdır? Düzdür, bəzi istisnalar olmalıdır. Amma "qonşudan qalma geri" məsəlini əldə rəhbər tutaraq baş daşları quraşdırmaq yolverilməzdir. Elə insan var ki, xərcə düşüb baş daşı qoyur. Sonra da məlum olur ki, həmin adam borcunu verə bilmir. Baxın, islam belə israfçılığın əleyhinədir. Bu gün ehtiyacı olan insanlar çoxdur, onlar maddi sıxıntı içərisindədirlər. Zənnimcə, bahalı qəbir daşına sərf edilən pullar ehtiyacı olan bu insanlara verilməlidir".

İlahiyyatçı Elşad Miri: "İslam dinində hər bir insanın vəfat etməsi ilə bağlı dörd əsas - mərhumun yuyulması, kəfənlənməsi, cənazə namazının qılınması və dəfn olunması kimi vacib məsələlər var. Bu gün Azərbaycan qəbiristanlıqlarına baxanda görürük ki, vəziyyət heç də ürəkaçan deyil. Dünyanın bütün ölkələrinin qəbiristanlıqları standartlara cavab verir. Bu gün Azərbaycanda qəbir daşları ilə bağlı qoyulan məsələnin icra olunması və müəyyən standartlara uyğunlaşdırılması həqiqətən də təqdirəlayiqdir. Etiraf edək ki, bir çox sahələrdə olduğu kimi qəbir daşlarının hazırlanmasında da külli miqdarda israfçılığa yol verilir. Layihənin qəbulundan sonra isə bütün bunlar qanun çərcivəsində öz həllini tapar".
Bahar RÜSTƏMLİ
AzNews.az