350 milyon insan deprssiyadadır

"Müxtəlif yaş qruplarına və millətlərə mənsub, müxtəlif gəlirlərə malik olan 350 milyon insan depressiyadan əziyyət çəkir. Daha bir neçə milyon insan - ailə, dostlar, iş yoldaşları - qlobal səhiyyə böhranının dolayı təsirlərinə məruz qalır". BMT-nın Bakı ofisindən APA-ya verilən məlumata görə, bu barədə BMT baş katibi Pan Ki Mun Ümumdünya Psixi Sağlamlıq Günü münasibətilə müraciətində bildirib.

Baş katib vurğulayıb ki, depressiya insanların gündəlik həyatda qarşılaşdıqları çətinlikləri dəf etmək bacarığını minimuma endirir və bu hal çox zaman ailə dağılması, natamam təhsil və iş yerlərinin itirilməsi ilə nəticələnir. Ən ifrat vəziyyətlərdə isə insanlar intihara əl atırlar. Müəyyənləşdirilməyən və müalicə edilməyən depressiya səbəbindən hər il təxminən bir milyon insan intihar edir.

"İnsanlar bir neçə səbəbdən depressiyaya düşürlər. Adətən, digər – genetik, bioloji, psixoloji və sosial səbəblər - depressiyanın yaranması üçün lazım olan əlamətləri meydana çıxarır. Stress, kədər, konflikt, müxtəlif sui-istifadə halları və işsizlik də depressiyaya səbəb olur. Qadınlar kişilərdən daha çox depressiyaya düçar olurlar, ən çox da doğum sonrası depressiya yaşayırlar. Psixikososial və farmakoloji müdaxilələr də daxil olmaqla, depressiyanı aradan qaldırmaq üçün müxtəlif növ effektiv və əlverişli müalicə sistemləri mövcuddur. Lakin bu müalicədən hər kəs yararlana bilmir, xüsusən İnkişaf Etməkdə Olan Ölkə(İEOÖ) əhalisi və yaxud İnkişaf Etmiş Ölkələrdə (İEÖ) yaşayan aztəminatlı insanlar bu imkandan uzaqdırlar.

Müalicə və tibbi xidmət göstərilməsinə əngəl yaradan maneələr sırasına sosial rəy və depressiyalı xəstələrin müalicəsi üzrə ixtisaslaşan tibb işçilərinin çatışmazlığı da daxildir. Bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Psixi sağlamlıq sahəsi üzrə boşluqların aradan götürülməsi məqsədilə proqram (Mental Health Gap Action Programme) hazırlanıb. Depressiya ilə yalnız tibb mütəxəssisləri məşğul olmamalıdırlar. Ümumdünya Səhiyyə günü münasibətilə təklif edirəm ki, depressiya barədə daha açıq danışaq. Bu addım, qlobal böhranın səbəb olduğu əlillik və iztiraba son qoymaq, həmçinin müalicəyə çətinlik törədən əngəllərin aradan qaldırmaq üçün ən vacib addımlardan biri hesab edilir".

AzNews.az