Moskvadan Bakıya doğru gedən – Jurnalist yolu

Bu gün nasir, publisist, tərcüməçi, ədəbiyyatşünas, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elmira Axundovanın doğum günüdür. Onun 62 yaşı tamam olub.


Elmira Axundova 1953-cü il mayın 26-da Moskva vilayətinin Ramensk rayonunda anadan olub. Bakı xoreoqrafiya məktəbi yanında ümumtəhsil məktəbini bitirdikdən sonra şəhər 3 saylı texniki məktəbində stenoqrafiya ixtisasına yiyələnib. Sonra ADU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. İlk bədii tərcüməsini - Hüseyn İbrahimovun "Nəcibənin ürəyi" hekayəsini 1978-ci ildə, ilk elmi məqaləsini isə 1979-cu ildə "Literaturnıy Azerbaydjan" jurnalında çap etdirib.

Əmək fəaliyyətinə stenoqrafçı kimi başlayıb, sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor olub.

Azərbaycan Yazıçılar İttifaqında referent, məsləhətçi işləyib. Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində böyük elmi işçi olub.

"Literaturnaya qazeta"nın (1990-1998), "Azadlıq" radiostansiyasının (Münhen) Azərbaycan üzrə müxbiri (1993-2000), "Türk dünyası" jurnalının publisistika şöbəsinin müdiri vəzifələrində çalışıb.

1995-ci ildən Azərbaycan Prezidenti yanında əfv komissiyasının üzvüdür.
Hazırda Bakı Slavyan Universitetinin tərcümə nəzəriyyəsi və təcrübəsi kafedrasının dosentidir. Onun tərtib və tərcümə etdiyi "Azərbaycanın gənc nəsri" antologiyası 1984-cü ildə "Yazıçı" nəşriyyatında kütləvi tirajla buraxılıb. Burada gənc Azərbaycan nasirlərinin seçmə hekayələri toplanıb. Son illər bədii publisistika janrında məhsuldar yaradıcılığı ilə seçilir: Rus dilində "Fərmanla əfv edilmişdir..." (2000), "Poliqrafçının ölümü" (2001), "Həqiqət anı" (2003), "Əlövsət Quliyev: o tarix yaradırdı" (2003, şərikli), "Bu bizik" (2003), "Yaşamaq əyyamı" (2003) kitabları kütləvi tirajla buraxılıb.

Moskvada 1984-cü ilin mayında keçirilən gənc yazıçıların 8-ci Ümumittifaq müşavirəsində olub, Azərbaycan Yazıçılar İttifaqının bir sıra ədəbi tədbirlərinin təşkilati hazırlığında və keçirilməsində bilavasitə iştirak edib. Xarici və rus mətbuatında müntəzəm çıxış edir.

Xidmətlərinə görə H.Zərdabi adına mükafata layiq görülüb, "Şöhrət" ordeni ilə təltif edilib. 2005-ci ildə Azərbaycan Milli Məclisinin üzvü seçilib.

30 oktyabr 2011-ci il tarixində "İslahatçı Gənclər" İctimai Birliyi Elmira Axundovanı hər il ənənəvi olaraq təqdim etdiyi "Xəzər" Milli Mükafatının növbəti qaliblərindən biri elan edib.