Ekologiya və Təbii Sərvətlər naziri vətəndaşlarla görüşdü - Şamaxıda (Fotolar)

Bu gün Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov Şamaxı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şamaxı, Ağsu, Qobustan, Kürdəmir, Göyçay rayonlarında yaşayan vətəndaşları qəbul edib.


AzNews.az xəbər verir ki, qəbul zamanı 40-dan artıq vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb. Vətəndaşların müraciəti əsasən, ətraf mühitin mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.

Hər bir sakinin probleminə diqqətlə yanaşan nazir qəbula yazılmış vətəndaşların müraciətlərinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və aidiyyəti strukturlara çatdırılacağı bildirilib.
image description image description