Allahşükür Paşazadə Ərdoğanla görüşdü

Görüşdə Azərbaycan-Türkiyə mənəvi əlaqələrinin səviyyəsindən razılıq bildirilib



Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan Türkiyə Cümhuriyyətinin baş naziri Rəcəb Tayyib Ərdoganla görüşüb.

QMİ-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səmimi qardaşlıq şəraitində keçən görüşdə Azərbaycan-Türkiyə mənəvi əlaqələrinin səviyyəsindən razılıq bildirilib, bu əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsi niyyəti ifadə olunub.

Şeyxülislam A.Paşazadə qardaş dövlət və xalqlarımız arasında bütün sahələrdə oldugu kimi dini-mənəvi sahədə də əlaqələrin yüksək səviyyəsinin mövcudluğunun ümumi rifah və səadətimizə xidmət etdiyini, dünya miqyasında birgə ugurlarımıza rəvac verdiyini xüsusi vurgulayıb.

Rəcəb Tayyib Ərdogan Hacı Allahşükür Paşazadənin xalqlarımız arasında dini-mənəvi əlaqələrin inkişafında xidmətlərindən məmnunluğunu ifadə edib, Qafqazın dini liderinin bölgədə sülh və əmin-amanlığın bərqərarı işinə verdiyi şəxsi töhfəni yüksək dəyərləndirib.

Ərdogan Şeyxülislamın Avrasiya İslam Şurasının növbəti toplantısına dəvətli olmasının önəmli olduğunu, QMİ sədrinin bu və digər tədbirlər çərçivəsində qardaş dövlətə səfərlərinin dini-mənəvi münasibətlərimizin daha da dərinləşməsi baxımından qarşılıqlı fayda kəsb etdiyini vurğulayıb.

Şeyxülislam A.Paşazadə baş naziri və bütün Türkiyə xalqını müsəlman dünyasının qarşıdan gələn böyük bayramı - Eydül-Əzha münasibətilə ürəkdən təbrik edib, Qurban bayramının fəzilət və nurunun bütün İslam dünyasına əmin-amanlıq və rifah bəxş etməsini diləyib.

Görüşdə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, habelə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun, habelə Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov iştirak edib.

AzNews.az