Onlar hərraclarda üzvləri dövlət mülkiyyətinə keçirilmiş malları ala bilməzlər Onlar hərraclarda üzvləri dövlət mülkiyyətinə keçirilmiş malları ala bilməzlər

Müsadirə edilmiş mallar hərraca çıxarılır

Onlar hərraclarda üzvləri dövlət mülkiyyətinə keçirilmiş malları ala bilməzlər




Azərbaycanda gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən, müsadirə edilmiş mallar və nəqliyyat vasitələri açıq gömrük hərraclarında satılacaq.

APA-nın verdiyi xəbərə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması Qaydaları"nda nəzərdə tutulub.

Gömrük Məcəlləsi əsasında hazırlanmış qaydalara əsasən, bu hərraclarda şəxsin dövlətin xeyrinə imtina etdiyi və dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələri də satılacaq.

Qaydalara əsasən, hərracların təşkilatçısı və burada satıcı qismində Dövlət Gömrük Komitəsinin tabeliyində olan "Azərterminalkompleks" Birliyi çıxış edir. Gömrük hərraclarında satışa çıxarılan malların ilkin satış qiyməti "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna uyğun olaraq sərbəst (bazar) qiymətlər əsasında müəyyən edilir. Hərraca qatılmaq üçün iştirakçılar malın qiymətinin 0,5%-dən çox olmamaq şərti ilə iştirak haqqı ödəməlidir.

Qaydalara görə, malların gömrük hərraclarında satılması üçün Komitənin, Maliyyə Nazirliyinin və satıcının əməkdaşlarının daxil olduğu 5 nəfərdən ibarət hərrac komissiyası yaradılır və sədr təyin edilir.

Satıcı gömrük hərracı vasitəsilə hərraca çıxarılan əmlak haqqında hər növbəti hərrac gününə ən geci 30 gün qalmış KİV-də və Komitənin internet saytında hərrac, burada satılacaq əmlak, ilkin satış qiyməti, sifarişlərin qəbulunun başlanma və başaçatma tarixləri, sifariş və sənəd qəbulu məntəqələrinin ünvanları, hərracda iştirak etmək üçün tələb olunan sənədlər, ilkin satış qiyməti, behin məbləği və s. əks etdirən elan dərc etdirir.

Hərracda təklif olunan malı iki və daha artıq iştirakçı almaq istəyərsə, onun məbləği tədricən artırılır və daha yüksək məbləğ təklif edən şəxs qalib elan olunur. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 5 iş günü ərzində iştirak üçün verdiyi beh nəzərə alınmaqla alış qiymətini ödəməlidir.

Hərracın nəticələri və ya baş tutmadığı hallar barədə məlumat hərrac tarixindən 10 gün ərzində KİV-də və Komitənin internet saytında yayılmalıdır.

İlk iki hərracda iştirakçı olmadıqda və ya mal satılmadıqda, üçüncü hərracda malın qiyməti 10%, 4-cü hərracda 25%, 5-ci hərracda isə 50% aşağı salınır. Mallar (qiymətli metallar və qiymətli daşlar, onlardan hazırlanmış məmulatlar, habelə onların qırıntıları və tullantıları istisna olmaqla) axırıncı hərracda da satılmadıqda, bazar qiymətləri nəzərə alınmaqla, "Qiymətləndirmə fəaliyyəti haqqında" qanunla müəyyən edilmiş qaydada yenidən qiymətləndirilərək hərraca çıxarılır. Hərracdakı satışlardan əldə edilən vəsait hərracın təşkili, daşınma və s. xərclər çıxıldıqdan sonra gömrük sisteminin büdcədənkənar inkişaf fonduna köçürülür.

Şəxsin dövlətin xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin satışından əldə olunan vəsait dövlət büdcəsinə köçürülür.

Hərraclarda gömrük orqanlarının, Komitənin tabeliyində olan qurumların işçiləri və onların ailə üzvləri dövlət mülkiyyətinə keçirilmiş malları birbaşa, yaxud dolayısı ilə ala bilməzlər.


AzNews.az