Şaxta babadan ANA istəyənlər

Şəbnəm Karslı



Gecələr uşaq ağlayanda hövlank yerimizdən atlayırıq. Saat neçə olursa olsun, fərq etməz, bütün istəklərini qarşılayırıq. Bəzən kiçik narahatlıq hiss etdikdə gecəni yatmır, keşik çəkirik. Ən böyük qorxumuz: birdən balam gecə üstünü açar, soyuqlayar. Hər dəfə gecə uşaqlar üçün ayağa qalxanda Uşaq Evlərində məskunlaşmış körpələri xatırlayıram. Onlar üçün də gecələr yatmayan, hər çağırışına hay verən biriləri varmı? Ananın yerini əvəz edə biləcək bir qüvvə mövcuddurmu?

Kanalların biri (hansı olduğunu dəqiq xatırlamıram) Yeni il münasibəti ilə Uşaq Evinə çəkilişə getmişdilər. Beş yaşlı uşağa "Şaxta babadan nə istəyirsən" sualı verildi. Uşaq isə səsi titrəyə-titrəyə, "anamı gətirsin" cavabını verdi. Kaş ki, Şaxta babaların elə bir qüdrəti olaydı. Bunu arzulamaq balasını atan bir ananın insafa gəlməsini arzulamaqdan daha real görünür mənə. Heç bir tərəfi tənqid etmək və ya irad səsləndirmək fikrindən uzağam. Çünki, baş verənlər artıq reallıqdır və kimsəsizlər evində bu gün minlərlə uşaqlar var. Mən ancaq çarələr üzərində düşünməyi təklif edirəm.

Dünyanın bütün inkişaf etmiş ölkələrində uşaqların himayəyə götürülməsi prosesi təbliğ edilir. Hər zaman düşünürdüm ki, bizdə niyə çoxluq, hətta valideyn olmaqdan məhrum olan ailələrimiz uşaq götürüb saxlamır? Bir tanış ailə var. On dörd ildir uşaqları olmur və artıq heç vaxt valideyn ola bilməyəcəkləri kəsindir. Ailə başçısına, niyə Uşaq Evindən bir övlad götürmədiyini soruşdum. Sən demə, çoxdan bu haqda düşünürlərmiş. Lakin mövcud qanunvericilik onların bir yetimə həyan, bir kimsəsizə ata, ana olmaq istəklərinə mane olurmuş. Övladlığa uşaq götürmək üçün tələb olunan sənədlər aşağıdakılardır:

- şəxsiyyətini təsdiq edən sənədin surəti;
- qısa tərcümeyi-hal;
- övladlığa götürməyə imkan verməyən xəstəliyinin olmaması barədə tibbi arayış;
- ümumi səhhəti barədə tibbi arayış;
- yaşayış sahəsi barədə məlumat (yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiqləyən sənəd və s.);
- ailə vəziyyəti barədə məlumatlar (nikah haqqında şəhadətnamənin surəti, nikahın pozulması haqqında şəhadətnamənin surəti);
- iş yeri (vəzifəsi), əmək haqqı və başqa gəlirləri haqqında məlumat;
- övladlığa götürmək istədiyi uşağın xüsusi əlamətləri (yaşı, cinsi, gözlərinin rəngi və s.)

Bunlardan bir maddə valideyn olmaq arzusunda olan vətəndaşlarımızın çoxu üçün keçilməz səddir: Yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiqləyən sənədin tələb olunması haqqında danışaq. Bu qanuna görə şəxsi mülkləri olmayan vətəndaşlarımız övladlığa uşaq götürə bilməzlər. Kirayədə yaşayan bir ailə valideyn ola bilməz. Çox məntiqsizdir. O zaman bütün yeni evlənənlərə dövlət ev versin və ya evləri olana qədər valideyn olmaları qadağan edilsin. Mənim iki oğlum var və kirayədə yaşayıram. Kim iddia edə bilər ki, Uşaq Evində məskunlaşdırılmış bir körpə mənim uşaqlarımdan daha yaxşı yaşayır. Ana nəvazişini və ata qayğısını yüzlərlə uşağın toplandığı məkanda kim əvəz edə bilər ki!

Övladlığa uşaq götürə bilmə prosedurları daha sadələşdirilməli və tələblər mövcud reallığa uyğun olmalıdır. Bu sahədə ictimai fəaliyyətlər artırılmalıdır. Hər dəfə Uşaq Evlərini xatırlayanda içimiz sızlamasın deyə kütləvi şəkildə bu mövzunu qabartmalıyıq.

Ölkəmizdə son illər sonsuzluq sürətlə artır. Eyni zamanda kimsəsiz uşaqlar da az deyil. Bəlkə də bu elə İlahi hikmətdir?