- Köhnə - Cəmiyyət
- 22 Oktyabr 2012 13:04
- 3 305
Hərbi sursatların partlaması nəticəsində 350-dən çox insan ölüb - EKSKLÜZİV
Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməliyyatlar üzrə baş mütəxəssisi Adil Aslanov bildirib.
O söyləyib ki, ötən illər ərzində 675 mindən çox mina və partlamamış hərbi sursat ANAMA əməkdaşları tərəfindən zərərsizləşdirilib. Onun sözlərinə görə, təmizləmə əməliyyatları əsasən minaaxataran cihazlar və itlər tərəfindən həyata keçirilir.
Azərbaycanda mina və partlamamış hərbi sursatların əksəriyyətinin keçmiş SSRİ ordusundan qalmış hərbi hissələrin ərazilərində olduğunu diqqətə çatdıran A.Aslanov qeyd edib ki, düşmənlə təmas xəttində yerləşən rayonlarda, Bakının Qaraheybət, Lökbatan, Güzdək, o cümlədən Xızı və Sumqayıt ərazilərində mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatları həyata keçirilir.
Əməliyyatlarda 500 mütəxəssis və yardımçı heyət iştirak edir: "İndiyədək mina və partlamamış hərbi sursatın partlaması nəticəsində 350-dən çox insan həlak olub, 2 mindən çox adam isə yaralanıb. Amma son illər mina və partlamamış hərbi sursatdan ölən və yaralananların sayı kəskin azalıb. Bunun əsas səbəblərindən biri də ANAMA-nın maarifləndirici tədbirlər həyata keçirməsidir".
A.Aslanov qeyd edib ki, ANAMA-nın inkişafı hər il Füzuli, Tərtər, Tovuz, Ağdam, Goranboy, Xocavənd, Ağcabədi, Ağstafa və digər rayonların çirklənmiş 18-20 milyon kvadratmetr ərazilərinin təmizlənməsinə imkan verir.
Qeyd edək ki, ANAMA Türkiyə, Əfqanıstan, Tacikistan və Gürcüstanda bu ölkənin əməkdaşları üçün təlim kursu təşkil edir.
Vasif Həsənli
AzNews.az