Dağlıq Qarabağ mövzusu dünya forumunda

Bu günlərdə Fransanın Strasburq şəhərində demokratiyaya həsr olunmuş Dünya Forumu baş tutub. AzNews.az-ın verdiyi xəbərə görə, Forumda bir sıra yüksək səviyyəli siyasətçilər, ictimai xadimlər, Nobel mükafatçıları və mətbuat nümayəndələri iştirak ediblər.

Dünya Forumunda Azərbaycanı Brüssel şəhərində təhsil alan və Belçikada Azərbaycan Cəmiyyətini təmsil edən Ülfət Hacıyev təmsil edib. Forum çərçivəsində baş tutan Dünya Gənclər Assembleyasının Demokratiya ve Qloballaşma işçi qrupunda təqdimatla çıxış edən Ülfət Hacıyev qlobal təhlükəsizliyin əhəmiyyətindən bəhs edib.

O, həmçinin, həll olunmayan münaqişələrin tezliklə həll olunması Avropada Şurasına üzv olan ölkələrdə demokratiyanın daha da sürətlə inkişaf etməsinə təkan verəcəyi qeyd edib. Beynəlxalq ədalətin dünyanın bütün ölkələrində icbari xarakter daşımasının vacibliyi də çatdırıb.

Təmsilçimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən Ülfət Hacıyev beynəlxalq qətnamələrə baxmayaraq, Azərbaycan torpaqlarının iyirmi faizinin hələ də işğal altında olmasından da danışıb.

O, bir milyondan çox qaçqın və məcburi köçkünün öz torpaqlarından didərgin düşməsinin Qafqaz regionunda demokratiyanın sürətli inkişafına başlıca maneələrdən biri olduğunu iştirakçıların diqqətinə çatdırıb.

Qeyd edək ki, Ülfət Hacıyev Nobel sülh mükafatçısı xanım Tavakkol Karmanla və Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) prezidenti cənab Jan Klod Minyonla görüşlərində Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib.


Sevinc
AzNews.az