“Veysəloğlu”dan bahalaşma xəbərinə cavab: “Mövcud durumda qiymət artımı yol veriləndir”

Veysəloğlu Şirkətlər Qrupu məhsullarının qiymətlərinin artması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.



Şirkətdən AzNews.az-a daxil olan məlumatda bildirilir ki, "Ulduz" şokolad fabrikinin məhsul istehsalında istifadə etdiyi xammal ehtiyatının böyük hissəsi idxal üzərindən həyata keçirilir və bu səbəbdən qiymət artımı yol veriləndir:

"Manatın mövcud devalvasiyası və üzən məzənnə siyasətinə keçməsindən sonra şirkət özünün qiymət siyasətinə yenidən baxmaq məcburiyyətində qalıb. Veysəloğlu MMC-nin əsas fəaliyyəti idxal üzərində qurulduğundan ABŞ dollarının məzənnəsinin kəskin artması, baş vermiş devalvasiya şirkət üçün də bir sıra çətinliklər yaradıb. Eyni zamanda xammal idxalında yaranmış qiymət artımı "Ulduz" Şokolad Fabrikinə də təsirsiz ötüşmədi. Yerli istehsalda xammalı xarici ölkələrdən gətirilərək idxala bağlı olan müəssisələr vardır ki, Ulduz fabriki də belə müəssisələrdəndir. Bu gün fabrik özünün məhsul istehsalında istifadə etdiyi xammal ehtiyatının böyük hissəsini idxal üzərindən həyata keçirir. Yaranmış vəziyyətlə bağlı Veysəloğlu şirkəti xaricdən idxal edilərək ölkəyə gətirilən mallara 30%-dək, Ulduz fabrikinin istehsal etdiyi məhsullara isə 20%-dək qiymət artımını yol verilən hesab edir.

Qeyd etmək istərdik ki, bu gün hər hansı bir süni qiymət artımından söhbət gedə bilməz. Yaranmış mövcud durum qiymət siyasətinin manatın yeni məzənnəsinə uyğunlaşmasını zəruri edib".