Aydın Xan Əbilov, Aydın Xan Əbilov,

Zamanın diktəsi, cəmiyyətin məsuliyyəti

Aydın Xan Əbilov,

Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri,
yazıçı-kulturoloq




Fəaliyyət sahəmiz elədir ki, istər real həyatda, istər virtual aləmdə, istərsə də yazılı və elektron KİV-də, televiziya, İnternet, sosial şəbəkələr, elektron kitabxanalarda hər gün çoxsaylı insanlarla ünsiyyətdə olur, fikir mübadiləsi aparırıq. Son illərdə, xüsusən axır vaxtlarda dünyada, eləcə də onun həssas, mürəkkəb geosiyasi, qlobal iqtisadi-mədəni maraqların toqquşduğu nöqtələrdən biri sayılan doğma Azərbaycanımızda baş verən proseslər hər birimizi düşündürür, qızğın müzakirələrə, ictimai-sosial diskussiyalara səbəb olur.

Bizi sevməyən xarici qüvvələrə rəğmən, Azərbaycan son illər qətiyyətlə, yüksələn xətlə hərtərəfli inkişafını davam etdirir, demokratik ictimai-siyasi islahatlara gedir, uğurlu iqtisadi dirçəlişə yüksəlir, planetar əhəmiyyətli humanitar-mədəni mövqeyə səy göstərir, çoxsaylı nailiyyətlərə imzalar atır. Qazanılan bu tarixi nailiyyətlər, əldə edilən uğurlar, cəmiyyətin müxtəlif sahələrindəki qalxınmalar, respublikamızda aparılan ciddi islahatlar dostlarımızı fərəhləndirsə də, ölkəmizi sevməyənləri qayğılandırır və onlar hər kiçicik imkandan yararlanaraq qarayaxmalara əl atırlar. Bəzi hallarda vətəndaşlarımız məlumatsızlıqdan hansısa qüvvələrin təsirinə düşürlər, indiki İnternet və sosial şəbəkələr əsrində nəhəng təsir texnologiyaları mövcuddur...

Son bir həftədə bəzi rayonda əhalimizin bir qrupu toplaşaraq içində indilərdə düşdüyümüz dünya iqtisadi böhranın Azərbaycana təsirinə görə fikirlərini açıq şəkildə bildirməsi, əslində, ölkəmizdəki vətəndaş cəmiyyətinin inkişafından, insanlarımızın sosial fərd olaraq ictimai mövqeyini çəkinmədən bildirməsindən, respublikamızın müstəqilliyini ikinci dəfə bərpa edəndən bu yana cəmiyyətimizdə oturuşmuş demokratik dəyərlərin sözdə deyil, real əməldə də bərqərar olmasından xəbər verir. Söz yox, bu qrupların etirazlarının subyektiv və obyektiv səbəbləri var, eləcə də çox hallarda "bulanıq suda balıq tutmaq istəyən" xarici və daxili qüvvələrin mövcudluğunu unutmaq olmaz. Partiyaların, siyasi təsisatların, hətta vətəndaş cəmiyyəti qurumlarının deyil, məhz daha həssas sayılan icmaların lokal sosial etiraz aksiyaları təşkilindəki iştirakı bir daha sübut edir ki, proseslərin alt qatında müvəqqəti iqtisadi çətinliklər, qlobal iqtisadi böhrana görə narahatlıqlar, eləcə də azad fikirli vətəndaşlarımızın dövlətin idarə olunmasındakı roluna əyani nümunədir.

İctimaiyyət arasında ünsiyyətdə olduğumuz hər kəs, eləcə də siyasi cəhətdən müxalifətdə duran insanlar da yaxşı anlayır ki, böhran varsa, hamımıza təsir edir və əgər bu proseslər dərinləşsə, mənfi tərəfləri ilə bütün vətəndaşlar olduğu kimi, onlara da toxunacaq: təqaüdçü olan yaşlı qohumlarına, oxuyan məktəbli və tələbələrə, əlil, xəstə doğmalarına da təsir edəcək. Odur ki hər kəs indi daha məntiqli, səbirli olmalı, eləcə də ictimai-sosial mövqe nümayiş etdirməlidir.

Hər zaman millətimizin yanında olmasıyla diqqəti cəlb edən, məmurlara vətəndaşların qulluğunda durmalı "xalqın xidmətçiləri" adlandıran Azərbaycanın Prezidenti İlham Əliyev son vaxtlar imzaladığı sərəncamlarla yenə də ölkəmizdə baş verən proseslərə ciddi nəzarət etdiyini göstərir. Çörək və un məhsullarının idxalındakı vergilərin dondurulması, spirtli və tutun məhsullarının satışındakı kart qadağasını ortadan götürülməsi, eləcə də bir sıra intellektual-siyasi dövlətçilik islahatlarının nəticəsi olaraq qarşılarına qoyulan vəzifələrini başa vurmuş dövlət qurumlarının ləğvi, yaxud başqalarıyla birləşdirilməsi, sosial sahələrə dəymədən dövlət büdcəsinə qənaət rejiminin işə salınması, xarici valyuta satışına nəzarətin gücləndiririlməsi, eyni zamanda gündəlik tələbat mallarının, yerli ərzaq məhsullarının, dərmanların satış qiymətlərinin tənzimlənməsi, süni qiymət artımının qarşısının alınması istiqamətində kompleks tədbirlər məhz dövlət başçımızın son iqtisadi olayların mənfi təzahürlərindən xalqımıza, xüsusən də sosial cəhətdən nisbətən zəif müdafiə olunan vətəndaşlarımıza olan qayğısının bariz nüminəsidir. İlham Əliyev bir daha sübut edir ki, o sözdə deyil, real əməlləri ilə əsl tarixi şəxsiyyət, 50 milyonluq azərbaycanlıların siyasi-dövlətçi lideri, rəhbəridir...

Yeni nəsil intellektual kreativlər öz aramızda müzakirələr apararkən bir çox mətləblərə geniş baxış sərgiləməyi xoşlayırıq: indiki zəmanədə özünü politoloq, cəmiyyətşünas sayan əksər insanlara rəğmən, ölkədə son 10-15 ildə baş verən proseslərə daha qlobal hadisələrin bir hissəsi olaraq nəzər salırıq. Dollarla dünyaya rəhbərlik etmək istəyən qüvvələrin səyi nəticəsində neft-qaz ixracatı üzrə ixtisaslaşmış dövlətlərdən biri kimi Azərbaycana da son iki ildə dünyanı çalxalayan qlobal iqtisadi böhran həmlələri hücum etməkdədir. Çoxsaylı ölkələr, hətta, hələ bu günlərdə özünün Dövlət Neft Fondunu yartmağa məcbur olmuş Səudiyyə Ərəbistanı, həmçinin, Rusiya, Braziliya, Çin, İran kimi böyük dövlətlər belə bu aşırı iqtisadi böhran həmlələrinə qarşı tab gətirə bilmədiyi vaxtda neft və qazdan gələn xarici valyutanı səmərəli–məntiqli xərcləyən, iqtisadi dirçəlişə, sosial-mədəni quruculuğa yönəldən Azərbaycan hələ indilərdə müəyyən obyektiv çətinliklərlə qarşılaşır. Neftin qiymətinin üç dəfə aşağı düşdüyü bir zamanda, sözsüz, belə çətinliklərin mənfi, eyni zamanda müsbət tərəfləri vardır: tutalım, qeyri-neft sahələrinin inkişafına xüsusi diqqətin artırılması kimi məsələlər.

Gəlin, diqqətlə gedən proseslərə nəzər salaq: beynəlxalq neft kontraktları ilə ölkəmizə milyardlar gətirən, daha sonra əldə olunan kapitalla respublikanı demək olar yenidən qurub-yaradan Prezident İlham Əliyev Cənubi Qafqaz iqtisadi "möcüzə"sinin müəllifi kimi dünyada qəbul olunur. Yalnız paytaxt Bakıda deyil, respublikamızın hər yerində təmir edilən, yaxud yenidən tikilən minlərlə mədəniyyət və səhiyyə ocaqları, elm və təhsil müəssisələri, sağlamlıq və idman kompleksləri, yay və qış istirahət-turizm məkanları, yeni-yeni ali və orta məktəb binaları, salınan iri traslar, böyük yollar, qurulan körpülər, bağlar, parklar, meydanlar, yeni aeroportlar, avtovağzallar, yanacaq, su və günəş elektrik stansiyaları, su anbarları, bir sözlə, modern infrastruktur dəyişikliklər, əslində yeni Azərbaycandan xəbər verir. Biz hələ hərbi-müdafiə quruculuğu – alınan, respublikamızda istehsal olunan, döyüş təyyarələri, tanklar, raketlər, müdafiə qabiliyyətimizi möhkəmləndirən müxtəlif silahlar, hərbiçilər üçün təzə binalar, şəhərciklər, eyni zamanda əlillərə, yaradıcı insanlara, alimlərə, jurnalistlərə dövlət hesabına bağışlanan mənzillər, avtomaşınlar, şəhidlər, milli qəhrəmanlar, qaçqınlar, məcburi köçkünlər üçün salınmış yeni qəsəbələr, onlara və övladlarına verilən güzəştlər, eləcə də tələbələrə yaradılmış beynəlxalq təhsil imkanları, gənclər təşkilatları, elm təsisatları, sahibkarlar, kənd təsərrüfatı qurumları, KİV, TV və QHT-lər üçün Prezident yanında yaradılmış fondlar, bu qurumların ayırdığı milyonlarla qrantlar, subsidiyalar, ianələrə, daha neçə-neçə cəmiyyətimizin inkişafına təkan verən dəyərli işlərin də müəllifi məhz Heydər Əliyev siyasi-fəlsəfi dövlətçilik texnologiyasının davamçısı sayılan İlham Əliyevdir.

Bəzi insanlar bizim hələ çox az miqdarını sadaladığımız milli proqramlara xərclənən milyardlarla manatı yaddan çıxarır, neft və qazın ixracatından əldə edilən gəlirləri tez-tez vurğulamağı xoşlayırlar. Fəqət o kəslər unudurlar ki, dövlətimiz enerji ixracatından gələn gəlirləri arxasında heç bir dəyər durmayan, məzənnəsi gah azalan, gah da, indiki kimi, süni şəkildə göyə qaldırılan dollarla deyil, məhz maddi-intellektual resurslarla inkişaf etdirməkdə maraqlıydı deyə, sadaladığımız geniş fəaliyyət planlarını gerçəkləşdirməkdədir.

Biz hələ Ermənistanın təcavüzkar siyasətindən və Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən, sabiq SSRİ-nin dağıntıları arasında boy verərək güclü bir ölkəyə çevrilməkdə olan Azərbaycanda son illər dalbadal təşkil olunan və keçirilməsi nəzərdə tutulan beynəlxla mədəniyyət, humanitar, idman, elm və siyasi-ictimai forumları, yarışmaları, çempionatları demirik. Azərbaycanı planetin nəzər nöqtəsinə, beynəlxalq tədbirlər mərkəzinə, sivillizasiyalar və dinlərarası məkana çevirməklə, həm də ölkəmizdə iri turizm sənayesini formalaşdıran layihələri yada salmaq istəsək, yenə də bəzi pafoslu tənqidçilərin etirazına rəğmən bildirməyə məcburuk: o tədbirlər, yarışmalar, forumlardan sonra bizə qalanlar məgər Bakını əsl meqapolisə çevirmirmi? İngilis, rus, fransız və başqa millətlərdən olanlar uzaqbaşı bir ay yararlandığı dünyastandartlı stadionlar, idman kompleksləri, saraylar, nəqliyyat vasitələri, infrastruktur təsisatlar məgər indi biz vətəndaşlara işləmirmi?!

Kənd təsərrüfatının inkişafıyla bağlı elan olunan dövlət proqramından sonra bölgələrdə minlərlə maşınlar, traktorlar, avadanlıqlar, yüzlərlə iri fermer təsərrüfatları, yüzlərlə emal müəssisələri, onlarla iritutumlu soyuducu kompleksləri, su anbarları, tədarük müəssisələri, fermalar və içində xaricdən alınmış cins mal-qaralar, süd emalı fabrikləri, toyuqçuluq müəssisələri, bir sözlə, ərzaq təhlükəsizliyimizi təmin edən nailiyyətlərimiz var.

Yaxud sənayenin inkişafıyla bağlı salınan texnoparklar, tikilən zavod və fabriklər, yaradılan yüz minlərlə iş yerlərini necə dana bilərik? Ələtdə dəniz limanı, bölgələrdə aeroportlar, Çindən başlayaraq Avropaya qədər uzanan nəqliyyat xətti, ölkələrarası beynəlxalq qaz-neft boru kəmərləri, bir ucu Astaradan – İranla sərhəddən başlayan, o biri ucu Rusiyayla sərhəddə gedib dayanan yeni Avropa standartlı traslar, rayonlararası və kəndləriçi təmirli yollar, Qəbələdən Bakıya uzadılan içməli su kəməri, Bakının dəyişdirilən kanalizasiya və su strukturu, məişət tullantılarının təkrar emalı zavodu, metallurgiya müəssisələri, neftayırma qurğuları, yüngül və qida-yeyinti sənayesi fabrikləri. Axı bunların əksəriyyətini dövlət hesabına tikiliblər, işə salınıblar və onlara milyardlar ayrılıb...

Paytaxtın simasını dəyişməklə yanaşı, Xırdalan, Ələt və Pirallahı kimi peyk-şəhərlərin qurulması, bütün rayon mərkəzlərinin yenidən tikilməsi, kəndlərin içməli su, qaz və işıqla təmin olunması, meliorasiya və meşəçiliyin inkişafı, təbiətin mühafizəsiylə bağlı yeni dövlət qoruqlarının yaradılması kimi milli əhəmiyyətli işlər: məgər sadalamaqla bitir ki?! Biz hələ vergi-maliyyə, sosial yardım, təqaüdlər, pensiya sisteminin yaradılması, dövlət qurumlarının – rəsmi mexanizmlərinin formalaşdırılmasını demirik: təcili yardım maşınlarından tutmuş, ta yanğınsöndürmə avadanlıqlarına qədər Azərbaycan hər şeyi yenidən almağa məcbur idi gənc müstəqil dövlət olaraq. Fikriniz yüz illər boyu bu işləri görmüş qoca Avropaya və ya modern Amerikaya getməsin: biz hər şeyi sıfırdan başlamağa məcbur idik...

Bəli, neft epoxasından ən səmərəli yararlanan dövlətlərdən biri də Azərbaycan idi, fəqət hər şeyin sonu olduğu kimi, neft-qaz gəlirlərinin də azalacağını dövlətimizə məsul olan Prezidentimiz, məmurlarımız yaxşı bilirdi və yuxarıda bir hissəsini sadaladığımız böyük işləri vaxtında həyata keçirə bildilər. Əgər bu gün o işləri görməyə başlasaydıq, bizə milyardlar deyil, trilyonlar da bəhs etməzdi... İndi isə tamam başqa bir mərhələnin başlanğıcındayıq: qlobal iqtisadi böhran və dövlət vəsaitlərinə ciddi qənaət mərhələsi. Bu mərhələdə isə vətəndaşlarımız proseslərə daha məntiqli və səbirli münasibət bəsləməlidirlər. Azərbaycan dövləti öz öhdəsinə düşən işləri görür. Zəmanənin diktəsinə görə iqtisadi-siyasi islahatlar daha da sürətləndirilib: son vaxtlar öz missiyasını başa vuran bəzi qurumlar ləğv olunur, ya da birləşdirilir, məsul vəzifələrə gənc kadrlar irəli çəkilir. Eləcə də bir çox lisenziyaların ləğv edilməsi, gömrük sektorunda islahatlarının sürətləndirilməsi, sahibkarlıq müəssisələrində qanunsuz yoxlamalar keçirən struktur rəhbərlərinin ciddi cəzalandırılması, bu tip yoxlamalara iki il müddətinə moratorium qoyulması, un və un məmulatlarının satışı və istehsalının əlavə dəyər vergisindən azad edilməsi, süni qiymət artımı ilə bağlı mübarizə mexanizmlərinin işə salınması vəziyyətdən çıxmaq üçün atılmış gərəkli addımlardır.

Azərbaycanımız BMT-nin və YUNESKO-nun , habelə İslam Ölkələri Təşkilatı, Türk Dünyası Birliyi kimi təşkilatların müvafiq toplantılarına ev sahibliyi edib. "Avroviziya" kimi musiqi yarışmasında qalib gəlməklə bütün dünyada məmləkətimizi tanıdan müsabiqə keçirilib, bakı ilk Avropa oyunlarına ev sahibliyi edib, yüzlərlə beynəlxalq idman yarışlarında Azərbaycan bayrağı göylərə qaldırılıb. Bir balaca çətinliklər görən kimi biz etirazımızı açıq bildiririk, fəqət unuduruq ki, yaradılan sabitliyi və inkişafı, bir sözlə Azərbaycan müstəqilliyini qorumağın əsl vaxtı məhz indiki iqtisadi böhran günlərindədir.

Bir çoxları dörd nəfərdən ibarət ailəsinə başçılıq edə - yiyə dura bilmir, İlham Əliyev isə dünyanın bu mürəkkəb zamanında daxildə yaşayan on milyon, planetin hər tərəfinə səpələnən 40 milyonluq bir millətin, Azərbaycanın son 10 ildə rəhbəri olaraq geosiyasi oyunların əsl favoritinə çevrilib. Azərbaycan dünyada aparıcı dövlətlərlə rəqabətə girir - qlobal iqtisadi layihələrə, mədəni proseslərə, ictimai-siyasi hadisələrə, sosial-mədəni hadisələrə nüfuz etməyə başlayıb. Ölkə daxilində islahatlar, dövlət mexanizmlərinin işləkliyini təmin edilməsi, yol-körpü tikintiləri, Bakının modern şəhərə çevirməsi, daxili bazarın hesabına ərzaq və yeyinti-sənaye təhlükəsizliyinin bərqərar edilməsi, ordu quruculuğu, iqtisadi yüksəliş, nəqliyyat və yanacaq sahələrinin inkişafı, əhalinin sosial müdafiəsi, ümumdaxili gəlirin dəfələrlə artması, açılan zavodlar və iş yerləri, tikilən binalar, dövlət tərəfindən alimlərə, gənclər təşkilatlarına, TV-lərə, QHT və KİV-lərə ayrılan qrantlar, siyasi partiyaların maliyyələşdirilməsi, cinayətkarlığın minimal səviyyəyə endirilməsi, qazlaşdırma, elektrik enerjisi ilə təminatın yüksəldilməsi, yoxsulluğun dəfələrlə azaldılması, xaricə tələbə göndərilməsi, diaspor şəbəkəsinin yaradılması, hərbi maşınqayırmanın işə düşməsi, mədəniyyət və incəsənətə qayğı, kitab nəşrinə diqqət, azad İnternet və medianın qorunması kimi uğurlarımız məhz İlham Əliyevin atasının başladığı çətin prosesləri davam etdirilməsi nəticəsində mümkün olub...

Söz yox, həlli gözləyən problemlər çoxdur - elə Qarabağ münaqişəsi, 50 milyonu birləşdirmək, iqtisadi inkişafı gücləndirmək, açıq cəmiyyət quruculuğu, ictimai-siyasi demokratikləşməni sona çatdırmaq, dünyanın aparıcı dövlətlər siyahısına düşmək, Avropa İttifaqına daxil olmaq, türk dünyası birliyini yaratmaq, Azərbaycan insanının sosial rifahını daha da yüksəltmək. Bu istiqamətdə isə Prezident İlham Əliyevə hamımız kömək etməliyik-o olmadan aparılan işlərin sonu sadəcə uçurumdur. Məhz sadaladığımız məsələlərə görə biz intellektuallar, kreativ yeni nəsilin nümayəndələri Prezident İlham Əliyevin siyasətini dəstəkləyir, dövlət başçımızın apardığı böyük işlərdə onun yanındayıq. Bütün vətəndaşlarımızı da bu mürəkkəb günlərdə belə sağlam mövqeyə dəvət edirik...