Yeni xəstəlik - NOMOFOBİYA

Texnologiya və ağıllı telefonlar bəzi zamanlarda problemə çevrilə bilir

Bəli, telefonumu bir kənara qoydum, çayımdan bir qurtum aldım, telefonuma göz ucu baxdım və sənə nomofobiya haqqında danışa bilərəm.

Amma bir saniyə...

Telefonum hanı? İndicə burda idi, hə tapdım. Dəftərlərimin altında qalıb. Gərək, gözümlə görəcəyim yerə qoyum, ağlım onda qalmasın. Artıq hazıram, nomofobiya haqqında danışa bilərəm artıq.

NOMOFOBİYA: No Mobile Phobia - yəni mobil telefonla qurulan əlaqələrdən uzaqlaşmaqdan qorxmaq. Qısaca mobil telefondan ayrı qalmaq qorxusu da deyə bilərik. Müasir dövrümüzün ən böyük problemlərindən biri. Texnologiya və ağıllı telefonların bizə təqdim etdiyi konfort bəzi zamanlarda problemə çevrilə bilir. Düşünün, balaca bir cihaz vasitəsilə həm alış-veriş edə, həm də ünsiyyət qura bilərsiniz. Bu qədər rahatlığı itirmək qorxusu bizlərdə psixoloji gərginlik yarada bilir. İngiltərədə aparılan araşdırmalar nəticəsində məlum olub ki, mobil telefon işlədənlərin 53%-nin nomofobisi var.

Nomofobiya olduğunuzu necə bilərsiniz?

• Telefon olmayanda özünü əksik hiss edirsənsə.

• Telefonu tez-tez yoxlamaq ehtiyacı duyursansa.

• Batareya bitdiyində özünü narahat hiss edirsənsə.

• Telefonda bir problem olduğu zaman özünü pis hiss edirsənsə.

• Telefonunu heç vaxt söndürmürsən və həmişə onunla məşğulsansa deməli sən nomofobiksən.

Nə etməliyəm?

Yaşadığın bu vəziyyətin fərqindəsənsə və narahatsansa telefondan uzaq durmağı sınamalısan. Çünki, telefondan kənarda da bir həyat var və bu daha maraqlıdır. Telefondan bir müddət uzaq qal. Kitab oxu, dostlartınla görüş, kinoya get. Telefona ayırdığın vaxtı sevdiyin bir şeyi etməyə ayır. Bunları bacardığın zaman, yəni telefondan uzaq qalmağı bacardığın zaman bu fobiyanı dəf etmiş olacaqsan.

Nigar CƏFƏR,

AzNews.az