
Əfsanə və rəvayətlərə görə, o, 1389-cu ildə Balkan ölkələrini fəth edən Osmanlı sultanı I Muradı xəncərləyərək
öldürüb. Hadisə barədə iki versiya var. Biri belədir ki, Sultan Murad hərb meydanında əsgərlərinin öldürdüyü
meyitlərə baxa-baxa gəzirmiş, birdən meyitlərin içindən ölü zənn edilən yaralı bir serb əsgəri ayağa qalxıb,
onun üstünə atılıb və sultana iti xəncərlə zərbələr endirib. Sultan Muradı öz çadırına aparıblar, amma aldığı
yaradan ölüb. Miloş Obiliç kimi qələmə verilən düşmən cəngavərini isə sultanın əsgərləri öldürüb.
İkinci versiya belədir ki, hərb meydanında məğlub olan və qaçaraq canını qurtarmağa çalışan serb sərkərdələr
bir-birini günahkar tutmağa çalışarkən hökmdar Lazarın kürəkəni Miloş Obiliçin də üstünə şübhə kölgəsi düşüb
və o, nə qədər vətənpərvər olduğunu sübut etməkdən ötrü Sultan Muradın əsgərlərinə təslim olaraq onun hüzuruna aparılmasını istəyib, orada fürsətdən yararlanaraq sultana hücum edib.
Bu tarixi hadisəylə bağlı birmənalı rəy və mötəbər mənbə yoxdur. Sultan Murada hücum edən əsgərin gerçəkdən
Miloş Obiliç olması dəqiq deyil. Ola bilər ki, sultana tamam başqa bir əsgər hücum edib. Sultanı yaraladıqdan
sonra onu dərhal öldürüblər və kimliyi naməlum qalıb, nəşi isə qurda-quşa yem edilib.

Hər halda ikinci versiyanın da zəif yeri odur ki, düşmənin əsir götürülmüş cəngavərini sultanın hüzuruna
yaraq-yasaqlı buraxmazdılar ki, o da asanlıqla xəncər işlətsin.
İkincisi, yaralı bir döyüşçünün cantaraq və hünərvər sultana hücum edərək xəncərləməsi də inandırıcı deyil.
Ona görə də bəzi məxəzlərdə həmin şəxsin sultana qəfildən və arxadan hücum etməsi bildirilir.
Bu daha dəqiq versiyaya oxşayır. Təbii ki, serb prizmasından işğalçı bir ordunun baş sərkərdəsini xəncərləmək qəhrəmanlıq aktı sayıla bilər. Osmanlı prizmasından isə bu, fatehin xaincəsinə öldürülməsidir.
O da ola bilər ki, Lazar sonradan bu hadisəni öz qohumunun - hərb meydanında öldürülmüş Miloş
Obiliçin adına çıxarıb – həm “qəhrəmanlığı” özününküləşdirib, həm də bundan məğlub serblərin
təsəllisi üçün yararlanıb. (Məğlub tərəfdə belə bir psixoloji ehtiyac olur ki, xırda bir qələbədən
böyük qəhrəmanlıq dastanı düzəldib, onun arxasında özlərinə təsəlli versinlər, zorlanmışlıq
psixolojisindən xilas olsunlar).
Ən ümdəsi Miloş Obiliç haqqında dastanlar əsasən 16-cı əsrdə (hadisədən təxminən 150-200 il sonra)
geniş yayılmağa başlayıb (görünür, həmin vaxt da serblərin bu kimi qəhrəmanlıq dastanlarına ehtiyacı olub)
və günümüzə qədər gəlib çatıb. İndi uzaq Yeni Zelandiyada bir nəfər çıxır, özünü
isam-türk yürüşlərinə qarşı cəngavər rolunda görür, Miloş Obiliçin adını anmaqla onun
yolunda olduğunu nümayiş etdirir.

I Murad isə sultan Osman Qazinin oğlu, məşhur Osmanlı sultanı Yıldırım Bəyazidin atasıdır.
Qətlə yetirildiyi gün onun hərb meydanında mühafizəsiz gəzdiyi, vəziri ilə söhbət etdiyi bildilir.
Guya elə meyitlərin arasında uzanmış, üz-gözünü qana bulamış qatil də onların söhbətindən
anlayıb ki, sultan odur.

Axtarsaq, bütün xalqların tarixində bu cür qəhrəmanlaşdırılmış şəxslər var. Döyüşçülərdən bir nəfər seçilir,
başqalarının etdiyi qəhrəmanlıqlar da onun adına yazılır, adamı simvola çevirirlər, tərifini ərşə-gürşə
qaldırırlar, heykəlini qoyurlar, məzarını (bəzən məzar da əsl olmur, simvolik olur) ziyarətgaha çevirirlər.
Bizim da düşmən sərkərdəsini bir həmlə ilə öldürən tarixi şəxsiyyətimiz olub – Bakı xanı Hüseynqulu xan.
O, Gəncədən sonra Bakını işğal etməyə gəlmiş, Gəncə hökmdarı Cavad xanın qatili Sisianovun başını
indiki qoşa Qala qapısının ağzında kəsib. Ola bilər ki, burada da bir az şişirtmə var. Çünki xəncər
nə qədər iti olsa da, atlı bir adamın digər atın üstündəki adamın başını bir göz qırpımında kəsib
məcməyiyə qoyması və aradan çıxması müşkül məsələdir. Hər halda işğalçı Sisianovun
Bakıda öldürülməsi faktdır.
I Muradın da Kosovoda öldürülməsi faktdır. Görünür, uzun illər Osmanlının hərbi yürüşlərindən
əziyyət çəkmiş, türklərə boyun əyməyə məcbur olmuş serblər də bu faktla özlərinə təskinlik verirlər.

Yeni Zelandiyadakı qətliamda Miloş Obiliçin adını anan terrorçu Tarrant da əslində müasir
həyata tarix prizmasından baxdığını, bilgili olduğunu, indiki dini, milli inqtriqaların tarixi kökə
dayandığını və bunun dünya durduqca davam edəcəyini göstərib.
Bu, "səlib yürüşü" ideyasının hələ də ölmədiyini göstərən ciddi bir siqnaldır. (Musavat.com)