"Təşviş, depressiya və fobiyaların təməlində ölüm qorxusu dayanır" "Təşviş, depressiya və fobiyaların təməlində ölüm qorxusu dayanır"

Ölüm: İnsanın təməl qorxusu nədən qaynaqlanır?

"Təşviş, depressiya və fobiyaların təməlində ölüm qorxusu dayanır"

Qorxu nədən qaynaqlanır? Onun öhdəsindən gəlmək mümkündürmü?

Psixoloq Elnur Rüstəmov bütün qorxuların kökündə ölümün dayandığını dilə gətirib:

"Qorxu insanın təməl instinktlərindən biridir. İnsanı bəzən fəaliyyətə zövq edir, bəzən isə fəaliyyətdən saxlayır. Burada əsas məqam fərddə qorxunun hansı səviyyədə olduğunu və nəyə kökləndiyini müəyyənləşdirməkdir. Hələ insan ana bətnində olarkən belə ana uşağını itirməkdən qorxur. Uşaq dünyaya gəlib böyüdükcə insanın ölümdən qorxma instinkti də formalaşır.

Ümumiyyətlə, bütün qorxuların kökündə ölüm qorxusu dayanır. Çünki heç bir insan ölmək istəmir. Həmçinin, bir çox psixoloji problemlər də məhz bu qorxuların fonunda yaranır. Təşviş, depressiya və fobiyaların təməlində ölüm qorxusu dayanır. Məsələn, insanların əksəriyyəti qapalı məkana, liftə və təyyarə minə bilmir. Uğurlu müqayisə olmasa da, deyəcəm ki, lift qəbirə oxşayır".

Psixoloq hesab edir ki, bütün qorxulara qarşı tədbirlərin görülməsi qeyri-mümkündür:

"Qorxu hissi çox olan insanların fəaliyyətə sövq edilməsi əsas məsələdir. Məsələn, qəhrəman və ya müxtəlif yaxşı keyfiyyətlərə malik insanlar arasında müşahidələr aparsaq, onlarda ölüm qorxusunun az olduğunu görərik. Cəmiyyət belə insanlara qibtə edir.

Ümumiyyətlə, hər bir insan öz düşüncəsinə, dünyagörüşünə uyğun olaraq qorxularla mübarizə aparır. Bu da instinktiv olaraq baş verir. Məsələn, insan ac qalanda həyatını itirməmək üçün hansısa formada bunun öhdəsindən gəlir.

Qorxu insanı fəaliyyətdən saxlayırsa, onlara peşəkar dəstək göstərmək lazımdır. Psixoloq qorxunun patoloji səviyyəyə gələn məqamı ilə iş aparır. Yəni fərd özünə və ətrafında olan insanlara ziyan verir.

Qorxunun təməlini tapmaq üçün xüsusi analizlər aparmaq lazımdır. İnsan beynində o qorxunu həll edəndən sonra normal cəmiyyətə, həyata qayıdır. Amma bütün qorxulara qarşı tədbirlərin görülməsi qeyri-mümkündür.

Qorxu hissi olmayan insanların psixoloji problemləri var. Çünki hər bir insanın qorxacağı və çəkinəcəyi bir yer olmalıdır. Bu hissləri daşımayan insan təhlükəlidir. Məsələn, bir çox insanlar yalnız Allahdan qorxduğunu deyirlər. Bu qorxunun da olması önəmlidir. Çünki qorxu bəzən insanlara yol göstərir, bəzən isə yolundan edir". (oxu.az)

AzNews.az