1977-ci ildə kosmosa buraxılan Voyacer 1 və 2 kosmik gəmiləri insan oğlunun indiyə qədər getdiyi ən uzaq məsafələrdə səyahətlərinə davam edirlər 1977-ci ildə kosmosa buraxılan Voyacer 1 və 2 kosmik gəmiləri insan oğlunun indiyə qədər getdiyi ən uzaq məsafələrdə səyahətlərinə davam edirlər

Solğun mavi nöqtə: Kainatın harasındayıq?

1977-ci ildə kosmosa buraxılan Voyacer 1 və 2 kosmik gəmiləri insan oğlunun indiyə qədər getdiyi ən uzaq məsafələrdə səyahətlərinə davam edirlər

"Voyager" 1 və 2 adlı kosmik aparatlar NASA-nın Yupiter və Saturn planetlərini yaxından araşdırmaq üçün hazırladığı kosmos zondlarıdır. 1977-ci ilin yayında əvvəlcə "Voyager-2" ardınca isə "Voyager-1" kosmosa buraxıldı. Trayektoriyası qısa olduğu üçün kosmasa daha sonra buraxılan "Voyager -1" Yupiterə birinci çatdı. 1979-cu ilin sonunda hər iki kosmik vasitə artıq Yupiterə çatmış və Günəş sisteminin ən böyük planetinin peykləri, halqa sistemi və maqnit sahəsi barədə bilmədiklərimizi dünyaya çatdırmışdı. Bu iki kosmik aparat 1980-ci ildə Saturna çatdı və həmin tarixə qədər yaxından görmədiyimiz Saturn planetinin detallı görüntülərini bizə göndərdi.

Kosmik aparatın bu uğuru yerdəki "Voyager" komandasının onları Günəş sisteminin hüdudlarından kənara göndərmək, Uran və Neptun planetlərini də yaxından araşdırmaq istəməsinə səbəb oldu. Əvvəlcədən planlaşdırılmamasına baxmayaraq heç kim bu maraqlı ideyaya qarşı çıxa bilmədi. Bu andan etibarən iki kosmik gəminin yolları ayrıldı. "Voyager-1" Saturndan sonra Günəş Sistemini tərk edəcək bir orbit izlədi və beləliklə planetlərarası fəzanı araşdırarkən bir tərəfdən də Günəş Sisteminin hüdudlarında kənara doğru hərəkət etdi. "Voyager-2" isə səyahətinə Uran və Neptunu araşdıraraq davam etdi. Beləliklə, zondların ilkin dizayn zamanı 5 il olaraq nəzərdə tutulan missiyalarının müddəti 12 ilə çıxdı.

Bütün bunlar baş verərkən, "Voyager" layihəsində işləyən və çox mühüm töhfələr verən astronom Karl Saqan "Voyager-1"in qayıdıb Dünyanın şəklini çəkməyini istədi. Bu məsafədən "Voyager-1"ə göstəriş verib zondun hərəkət planını dəyişdirərək manevr etməsini təmin etmək komandanın əksəriyyəti tərəfindən riskli qəbul edildi. Karl Saqan kampaniya başladaraq "Voyager-1"in planetimizi görüntüləməsi üçün ictimai fikir formalaşdırmağa çalışdı. Nəhayət, 14 fevral 1990-cı ildə "Voyager-1" təqribən 6,5 milyard kilometr məsafədən dönüb son dəfə Yerə baxdı. "Voyager-1"in çəkdiyi fotoda Yer çox kiçik və solğun görünürdü. Elə həmin tarixi foto solğun mavi nöqtə adlandırıldı. Bu solğun mavi nöqtə bizə nə qədər kiçik və əhəmiyyətsiz olduğumuzu izah edən fotoşəkil oldu. Bu ifadə sonralar Karl Saqanın kitabının da adı oldu.

Həmin tarixi görüntünün əldə edilməsindən 30 il keçir. Beynəlxalq Astronomiya Birliyi 2019-cu ildən bəri keçirilən 100 illik yubileyinin bağlanış mövzusu olaraq solğun mavi nöqtəni seçib. Türkiyədə və dünyada bu mövzuda müxtəlif tədbirlər təşkil edildi. Tədbirləri Türkiyədə təşkil edən Türk Astronomiya Dərnəyinin iau100.tad.org.tr səhifəsini və sosial media hesablarını izləyə bilərsiniz. Dünya üzərində təşkil olunan tədbirlər üçün isə iau-100.org saytına daxil ola bilərsiniz.

Solğun mavi nöqtə adlandırılan bu görüntünün bəşəriyyətin kainatdakı əhəmiyyətsizliyini göstərən, lazımsız və həddindən artıq lovğalığı tənqid edən, sülh içində yaşamalı olduğumuzu vurğulayan bir tərəfi var. Bu, Karl Saqanın həmin tarixi görüntünü təsvir etdiyi məşhur sözlərdir. Yer məhdudiyyətinə görə bütün mətni burada vermək mümkün deyil, amma internetdə "Karl Saqan Solğun Mavi Nöqtə" açar sözləri ilə tapa bilərsiniz. Bunu hətta Karl Saqanın öz səsindən də dinləyə bilərsiniz.

1990-cı ildəki tarixi missiyasından sonra "Voyager-1" yoluna davam etdi və 2012-ci ildə Günəş sisteminin sərhədi adlandıra biləcəyimiz heliosferaya çatdı. Heliosfera deyəndə Günəşin maqnit sahəsinin təsirinin çox azaldığı, artıq ulduzlararası fəza adlandıra biləcəyimiz sərhəd nəzərdə tutulur. Voyacerlər 5 il olaraq başladıqları missiyalarında artıq 40 ili geridə qoyublar. "Voyager-1" təxminən 22 milyard kilometr, "Voyager-2" isə 18 milyard kilometr məsafədədir. Bu məsafədən göndərəcəkləri siqnalın Dünyaya çatması təxminən 20 saat çəkir. NASA-nın voyager.jpl.nasa.gov veb səhifəsindən "Voyager" kosmik aparatlarının həmin andakı yerlərini və daha çoxunu izləyə bilərsiniz.

Kainatın harasındayıq?

"Voyager" kosmik aparatları insan oğlunun indiyə qədər bir kosmik gəmi ilə də olsa, çatdığı ən uzaq məsafədədirlər. 40 ildə ancaq Günəş sisteminin sərhədinə çatıblar. Ulduzlararası fəzada tarixi səyahətləri davam edir. Əlbəttə, bu müddətdə enerji mənbəyi olan Günəşdən uzaqlaşıblar və əksər ölçmə aparatları artıq işləmir. Yenə də plazmalar və maqnit sahəsi ilə bağlı alətlər ölçməyə davam edir.

Voyacerlər gələcəkdə başqa bir sivilizasiya tərəfindən tapılma ehtimalına qarşı bir növ rəqəmsal arxiv daşıyırlar. "Qızıl Plastinka" adlandırılan bu arxivin məzmunu Karl Saqanın başçılıq etdiyi komissiya tərəfindən müəyyən edilib. Plastinkalarda Yer kürəsindəki həyat və mədəniyyət müxtəlifliyinə, eləcə də Voyacerləri hazırlayan və göndərən canlılar olaraq insan oğlunun tərifinə, planetimizin elmi ünvanına yer verilib.

Planetimiz ya da günəş sistemimiz kainatın harasında yerləşir?

İnsan olaraq çox vaxt hər şeyin, o cümlədən kainatın mərkəzində olduğumuzu düşünürük. Bu düşüncə 1543-cü ildə Kopernikin "Səma cisimlərinin fırlanması haqqında" kitabı ilə məhv edildi. O tarixlərdə kainatın mərkəzi deməklə əslində Günəş sisteminin mərkəzi nəzərdə tutulmuşdusa da, Kopernikin planetlərin mərkəzlərində Günəş olan bir modelə uyğun hərəkət etdiyini açıqlaması müasir dövrdə kainatın da mərkəzində olmadığımız anlayışının təməlini formalaşdırır. Bu anlayış Kopernikə ithafən "Kopernik prinsipi" adlanır. Yəni Kopernik prinsipi fiziki olaraq Günəş sisteminin (və kainatın) mərkəzində olmadığımızı, həm də fəlsəfi cəhətdən insanın hər şeyin mərkəzində olmadığını vurğulayır.

Bu, qəbullanma deyil. Bunu astronomik müşahidələr və müşahidələrdən əldə edilən ölçülərlə bilirik. Günəş sistemi Samanyolu qalaktikasının mərkəzinə təqribən 26 000 işıq ili uzaqda, Orion qolu adlanan bölgədə yerləşir. Günəş 240 milyon ildən bir Samanyolu qalaktikası ətrafında bir turunu tamamlayır. Qalaktikamızın ölçüsü 100.000 işıq ilidir. Samanyolu təxminən 50-ə qədər irili-xırdalı qalaktikadan ibarət "Yerli Qrup" adlı qalaktika qrupuna daxildir. Bu qrupun ölçüsü təxminən 3 milyon işıq ilidir. Yerli Qrup "Virgo" super qrupu adlı daha böyük qrupun tərkib hissəsidir. "Virgo" superqrupunun ölçüsü 110 milyon işıq ilidir və bir çox qalaktika qrupundan ibarətdir.

2014-cü ildə aparılan bir araşdırma nəticəsində "Virgo" super qrupunun daha böyük bir qrupun tərkib hissəsi olduğu məlum oldu. Təxminən 500 milyon işıq ili böyüklüyündə olan qrup "Laniakea" super qrupu adlanır. Bu, Havayda yerləşən Mauna-Kea Rəsədxanasında işləyən Brent Talli və komandası tərəfindən kəşf edildiyi üçün həmin qrupa Havay dilində əbədi cənnət demək olan "Laniakea" adı verilib.

"Laniakea" super qrupu Samanyolu qalaktikası, onun daxil olduğu Yerli Qrup, Yerli Qrupun da daxil olduğu "Virgo" super qrupunu əhatə edən böyük qalaktika qrupudur. Bununla belə kainatın sadəcə kiçik bir hissəsi haqqında danışırıq.

Mərkəzində yerləşmədiyimiz bu kainat nə qədər böyükdür?

Astronomlar bu suala məhdud cavab verə bilirlər. Kainat bilmədiyimiz göy cisimlərini, hər şeyi əhatə edən bir quruluşdur. Hüdudlarını bilmirik, ölçüsünü bilmirik. Ancaq kainatın başlanğıcından bəri, yəni 13,7 milyard ildir bizə çatan fotonlardan istifadə edərək "müşahidə edilə bilən" bir kainatın tərifini verə bilirik. Bu müşahidə olunan kainatın ölçüsü təqribən 93 milyard işıq ilidir. Günəş sistemi 15 milyard kilometr, Samanyolu qalaktikası isə 100.000 işıq ili enindədir. Uzunluq vahidi olaraq 1 işıq ilinin təqribən 10 trilyon kilometrə bərabər olduğunu nəzərə alsaq, kainatın yalnız müşahidə edə biləcəyimiz hissəsi belə bizim üçün "sonsuz" böyüklükdədir.

Kainat haqqında bildiyimiz hər şey teleskoplar və elektromaqnit şüalanmanın hər növünə uyğun qəbuledicilərlə müəyyənləşdirilən fotonlar vasitəsilə əldə edilir. Bu gün fotonlardan başqa alternativ metodlar tətbiq olunsa da, klassik astronomiya öz biliklərini fotonlara borcludur. Beləliklə, elm adamları ölçülə bilən, elmi olaraq "görünən" şeylərlə məşğul olurlar. Bəzən onları birbaşa görmək mümkün olmur, lakin inkişaf etmiş fizika və riyazi modellərin köməyi ilə proqnoz vermək və dolayı müşahidələr vasitəsilə məlumat əldə etmək mümkün olur. Buna görə də kainatın xarici, o tərəfi kimi anlayışlar elmi sual və metodlarla araşdırıla bilməz.

Dünyadakı bütün rəsədxanalarda, tədqiqat mərkəzlərində, universitetlərdə, kosmik agentliklərdə və bənzər müəssisə və təşkilatlarda çalışan astronomlar kainatın quruluşunu, formalaşmasını və təkamülünü araşdırırlar. Bütün bunları böyük həvəslə, təkəbbürlü olmadan və "solğun mavi nöqtə"nin dəyərini bilərək edirlər.

Sinan Aliş

İstanbul Universitetinin Astronomiya və Kosmik Elmlər fakültəsinin müəllimi