- Maraq dairəsi
- 15:47
- 1 975
Pluton yenidən planet ola bilər? NASA-da müzakirələr başlayır
Uzun illərdir alimləri iki yerə bölən sual yenidən gündəmə gəlib: Pluton planetdir, yoxsa yox?
Pluton 1930-cu ildə amerikalı astronom Klayd Tombau tərəfindən kəşf olunmuş və onilliklər boyu Günəş sisteminin 9-cu planeti hesab edilmişdi. Lakin 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı yeni qaydalar tətbiq edərək Plutonu “cırtdan planet” kimi təsnifləndirdi.
Bu qərarın səbəbi onun planet meyarlarının hamısını qarşılamaması idi. Qaydalara görə, planet Günəş ətrafında dövr etməli, kürə formasında olmalı və orbitindəki digər obyektləri “təmizləməlidir”. Pluton ilk iki şərti ödəsə də, Kuiper qurşağı adlanan bölgədə digər buzlu cisimlərlə orbit paylaşdığı üçün üçüncü şərtə uyğun gəlmir.
Buna baxmayaraq, NASA rəhbəri Cared Ayzekman Plutonun yenidən planet statusuna qaytarılması məsələsinə baxıla biləcəyini bildirib. O, artıq bu mövzuda bəzi elmi işlərin hazırlandığını qeyd edib.
Plutonun yenidən planet sayılmasını istəyən alimlər onun mürəkkəb quruluşa malik olduğunu vurğulayır. Burada dağlar, vadilər, buzlaqlar və kraterlər mövcuddur. Həmçinin Plutonun Xaron, Stiks, Niks, Kerberos və Hidra adlı beş peyki var.
2015-ci ildə "New Horizons" missiyası Plutonu yaxından araşdıraraq onun haqqında təsəvvürləri tamamilə dəyişdi. Alimlər hesab edir ki, yeni məlumatlar fonunda köhnə planet tərifi artıq kifayət qədər geniş deyil.
Beləliklə, müzakirələr yenidən başlayıb və gələcəkdə Günəş sistemində planetlərin sayı yenidən 9-a çata bilər.
Mövsüm,
AzNews.az