“Davosda həm də Ermənistanın gələcəyi həll olunurdu”

Davosda təkcə Dağlıq Qarabağın yox, həm də Ermənistanın gələcəyi həll olunurdu

Yanvarın 22-də Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla qeyri-rəsmi görüşü baş tutub.

Aydındır ki, bu görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin cari vəziyyəti barədə söhbət olub.

Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu görüşü bundan əvvəl Düşənbə və Sankt-Peterburqda keçirilmiş qeyri-rəsmi görüşlərin davamı kimi qiymətləndirib. Düşənbədəki görüş ötən il sentyabrın 28-də MDB sammiti çərçivəsində baş tutmuşdu və bu görüş zamanı tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlara, qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminə əməl olunmasına sadiqliyini bildirib. Bu iki amil bir-biri ilə sıx əlaqəlidir və ona görə də dekabr ayında Sankt-Peterburqda keçirilmiş görüşdə də diqqət mərkəzində olub.

Göründüyü kimi, dünyanın nüfuzlu məkanlarında Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması mövzusu diqqətə çatdırılır.

Azərbaycan Prezidenti ardıcıl olaraq işğal olunmuş ərazilərin qaytarılması prosesinin başlanması üçün zəruri tədbirlər həyata keçirir. Bu siyasətin uğurunun rəhni kimi son illərdə Ermənistan üzərində hərbi və maliyyə üstünlüyünün əldə olunması, eləcə də işğalçı ölkənin enerji, nəqliyyat və iqtisadi təcridini göstərmək olar.
Azərbaycan və Ermənistan tərəflərinin Davos görüşü İlham Əliyev diplomatiyasının aşkar uğurudur. O, Minsk qrupunun həmsədrlərinin əksər hallarda danışıqlara maneəyə çevrilən vasitəçilik xidmətlərindən asılı olmayaraq danışıqları ikitərəfli formata keçirdi. Aydındır ki, ilk növbədə söhbət N.Paşinyanla etimad münasibətlərinin qurulmasından gedir, bu cür daha asan danışıq aparmaq olur və bunun üçün digər mühüm səbəblər var.

Nikol Paşinyan üçün ən ağrılı mövzu erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması zərurətidir ki, bu da prinsipcə Qarabağ ermənilərinə Bakı tərəfindən özünüidarə hüququ və təhlükəsizlik təminatının, eləcə də digər imkanların verilməsinə cavab olaraq reallaşdırıla bilər. Paşinyan hakimiyyətinin Azərbaycanın köməyinə ehtiyacı var. Bu, hərbi əməliyyatların bərpa olunmaması, nəqliyyat yollarının açılması barədə Azərbaycanın verəcəyi zəmanət, gələcəkdə isə Qarabağın azərbaycanlı və erməni icmaları arasında əmədaşlıq mühiti yaradılması üçün danışıqlardır.

N.Paşinyanın rəhbərliy altında İrəvan komandası başa düşür ki, “Qarabağ klanı” öz xeyri və ambisiyaları uğrunda üçüncü qüvvələrin – xarici diasporun yardımı ilə Ermənistanı "Qarabağ bataqlığı"na salıb və onu yalnız Azərbaycan xilas edə bilər. Müvafiq olaraq rəsmi Bakı və İrəvan münaqişənin mərhələli nizamlanmasına hansı formatda başlayacaqlarını müzakirə etməlidir. Əsas mövzu Azərbaycan tərəfinin iqtisadi güzəştlər yaratmasına cavab olaraq erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasının mümkünlüyüdür.
N.Paşinyan erməni xalqını Ermənistanın əsas nailiyyətinə - Azərbaycanla barışmağa hazırlaya bilər. Qeyd etmək lazımdır ki, o, Qarabağ ideoloqu Zori Balayanın dostu, onun qədər xəstə təfəkkürə malik və ermənilərlə azərbaycanlıları genetik cəhətdən uyğun olmayan xalqlar adlandıran Robert Koçaryanı həbs etdirib. Bu siyasətçi istəmirdi, daha doğrusu qəbul edə bilmirdi ki, azərbaycanlılar və ermənilər təkcə Gürcüstan, Rusiya, Türkiyə, İran, ABŞ, Niderland və digər ölkələrdə deyil, həm də Azərbaycanda və Ermənistanda birgə yaşaya bilərlər.

Prezident İlham Əliyevin Nikol Paşinyanla Davos görüşü mühüm əhəmiyyətə malikdir. Qarabağ problemi ilə yanaşı, Davosda Ermənistanın gələcəyi məsələsi də həll olunur. Erməni liderə barışıq lazımdır və görüşlərin Azərbaycanın hərbi-siyasi və iqtisadi üstünlüyü şəraitində keçməsini nəzərə alsaq, onun üçün İlham Əliyevlə üz-üzə danışmaq daha asandır. Azərbaycan xalqı öz Prezidentinə güvənir və İrəvanın qonşusunun ərazi bütövlüyünü tanıyacağı təqdirdə əhalini sülh prosesinə hazırlamaq Bakı üçün çətin məsələ olmayacaq. Bugünkü Ermənistan-Azərbaycan qarşıdurmasının N.Paşinyan üçün təhlükəsi ondan ibarətdir ki, Azərbaycan ordusu işğal olunmuş ərazilərimizi Ali Baş Komandanın əmri ilə azad etməyə qadirdir.

Elxan Ələsgərov,
"Baku Network" ekspert şurasının rəhbəri, fəlsəfə doktoru