Tonoyanın konsepsiyası Rusiya üçün tələdir

"Ermənistan çalışırdı ki, Rusiya ilə Qərb arasında geniş müharibə yaratsın"

Ermənistanın müdafiə naziri D.Tonoyan ABŞ-da elan etdiyi “Yeni ərazilər üçün yeni müharibələr” konsepsiyasını reallaşdırmağa başlayıb.

Bu sözləri AzNews.a-a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Gədəbəy rayonunun Başkənd (Artsvaşen) kəndi ətrafındakı hərbi hazırlıqlar və Dağlıq Qarabağda gördükləri bəzi işlər bunu deməyə əsas verir:

"Artsvaşenə hücum üçün həm siyasi fon yaradılıb, həm də Tonoyan özü sərhədyanı Qeqarkunik vilayətinin Vaan kəndindəki hərbi hissəyə gəlib lazımi göstəriş verdi. Yerli əhali ilə görüşdü, onların ruhlandırılması istiqamətində tədbirlər keçirdi. Üstündən 3 gün keçmiş Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Artak Davtyan Başkənd (Artsvaşen) ətrafındakı hərbi hissəyə baş çəkdi. Yayılan məlumatdan bəlli olur ki, sırf hərbi əməliyyatlara hazırlıq prosesi ilə tanış olub, lazımi göstərişlər verib".

Politoloq hesab edir ki, D.Tonoyan müdafiə nazirinin müavini olarkən 2015-ci ildə “Statik müdafiədən aktiv cilovlama” konsepsiyasını hazırladı:

"2016-cı ilin fevralınadək dinləmələr keçirərək bunu Aİ və NATO-da razılaşdırdı. Ən nəhayət, Ermənistanda ziyalıların geniş iştirakı ilə bu variantı təqdim etdi".

Mübariz Əhmədoğlunun fikrincə, həmin konsepsiyaya görə Ermənistan ordusu kiçikdir, əvvəlki dövrlərə nisbətən daha çox itki verməyə başlayıb:

"Bu erməni xalqında ruh düşkünlüyünü yaradır. Bunun qarşısını almaqdan ötrü Ermənistan ordusu kiçik qüvvələrlə güclü Azərbaycan ordusuna asimmetrik zərbələr endirməlidir. Bu konsepsiya nəhayət ki, 2016-cı ilin aprelində döyüşlərə gətirib çıxartdı və nəticəsi də bəllidir".

Politoloq bildirir ki, D.Tonoyan indi “yeni ərazilər uğrunda yeni müharibə” konsepsiyasını irəlilədir, amma bu konsepsiyanın geosiyasi təminatı 2016-cı ildəkindən fərqlidir:

"Ermənistan S.Sərkisyanın dövründən çalışırdı ki, Rusiya ilə Qərb arasında geniş müharibə yaratsın və bununla da Dağlıq Qarabağ məsələsi yaddan çıxsın. Həm Müdafiə nazirinin müavini, həm də Fövqəladə Hallar naziri kimi Tonoyan bu proseslərdə iştirak edirdi. Ermənistanın Fövqəladə Hallar Nazirliyi ABŞ-ın güclü dəstəyi ilə yaradıldı və ikinci hərbi nazirliyə çevrildi.

Naxçıvan ətrafında ermənilərin qaldırdığı hay-küy unudulmayıb. Ona görə D.Tonoyanın “yeni ərazilər uğrunda yeni müharibə” konsepsiyasını Rusiya ərazisində deyil, məhz ilk leqal səfəri zamanı ABŞ ərazisində bəyan etməsi də bu kontekstdə tam uyğun gəlir. ABŞ-dan əvvəl D.Tonoyan 3 dəfə RF-də olmuşdu".

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru vurğulayır ki, Tonoyanın “yeni ərazilər uğrunda yeni müharibə” çağırışına Ermənistan cəmiyyətində müxtəlif cür əsaslandırmalar oldu. Hətta bunu N.Paşinyanın həyat yoldaşı Anna Akopyanın pul yığmasına kömək kimi izah edənlər də oldu. Bəlli olur ki, A.Akopyan əliboş geri qayıdır, amma Tonoyan isə öz işini davam etdirir. D.Tonoyanın müharibəyə hazırlığı və bu müharibənin Rusiyanın əleyhinə çevrildiyi göz qabağındadır; Rusiyanın əziyyət çəkdiyi böyük geosiyasi müharibə yaratmaq. D.Tonoyanın və N.Paşinyanın Rusiyaya yaltaqlığının arxasında məhz Rusiyanı böyük bəlaya salmaq və ya Rusiyaya arxadan zərbə vurmaq dayanıb.

Buna cavab olaraq RF Ermənistanı elə cəzalandırmalıdır ki, hərbi əməliyyatları tamamilə başından çıxartsın. Ermənistanın hər bir hərbi bəyanatına görə Rusiya Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının bir polkunun çıxarılmasına nail olmalıdır. Ermənistan əgər Rusiyanın müttəfiqidirsə, bu məsələdə Rusiyada müəyyən arxayınlıq yaratmalıdır.

Ən azı Ermənistan publik şəkildə bir hərbi hissəsini yaxın vaxtlarda Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı və bunu məhz müharibədən, xüsusilə geosiyasi müharibədən qaçmaq üçün etdiklərini bəyan etməlidir. Əks-təqdirdə müharibənin ziyanını Rusiya çəkəcək. Təbii ki, məsuliyyət Ermənistanın boynunda olacaq".